Dövlət Müdafiə Komitəsində və Silahlı Qüvvələrin Baş Qərargahında geniş miqyaslı hərbi və döyüş əməliyyatlarının hazırlanması ilə bağlı keçiriləcək müşavirələrdən əvvəl İosif Stalin onu kabinetinə dəvət edib, fikirlərini öyrənib, müzakirələr aparıb. Təkcə 1943-1945-ci illərdə ordu generalı Aleksey Antonov 238 dəfə Stalinlə görüşüb. Bütövlükdə bütün müharibə illərində heç bir marşalın və yüksəkçinli hərbçinin Stalinlə bu qədər görüşü olmayıb.
Alman faşizmi üzərində qələbədə və ümumiyyətlə 2-ci dünya müharibəsinin gedişində böyük rolu olan Aleksey Antonov 1896-cı ildə Qrodnoda (Belarusiya) anadan olub. Vətəndaş müharibəsində iştirak edib. Atası vəfat etdikdən sonra ailə Leninqrada köçüb. Gimnaziya təhsilli Aleksey Antonov Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunsa da, ailənin maddi vəziyyətinin çətinliyinə görə ali təhsilini yarımçıq qoyaraq zavodda fəhlə işləyib. Ordu sıralarına çağrıldıqdan sonra Antonov gələcək həyatını hərb sahəsinə bağlayıb. Frunze adına Hərbi Akademiyada ali hərbi təhsil alıb.
Zabit kimi ölkənin ayrı-ayrı bölgələrində hərbi hissələrdə xidmət edən Antonov nəzəri biliklərini artırmaq üçün dəfələrlə Moskvada qısamüddətli kurslarda iştirak edib. Əsasən hərbi hissələrin qərargahlarında xidmət edən Antonov qərargah-təlim məşqlərində ölkə üzrə ən yüksək göstəricilərə nail olub. Onun bu uğurları SSRİ xalq müdafiəsi komissarı (müdafiə naziri) marşal Voroşilovun diqqətindən yayınmayıb və 1936-cı ildə 40 yaşlı Antonovu yenicə yaradılmış Baş Qərargahın nəzdindəki Hərbi Akademiyaya göndəriblər. Birinci kursu başa vurduqdan sonra Voroşilov onu yanına dəvət edib və Antonov Moskva Hərbi Dairəsinin qərargah rəisi təyin edilib.
1941-ci ildə müharibə başlananda Aleksey Antonov ən ağır bölgəyə, Kiyev Xüsusi Hərbi Dairəsinə qərargah rəisi göndərilib. Qısa müddət ərzində Antonov ərazi üzrə səfərbərlik məsələlərində ciddi tədbirlər həyata keçirib. Aleksey Antonov müharibə gedə-gedə ordunun yenidən formalaşması, mülki texnikaların hərbi hissələrə cəlb edilməsi, təchizat, hərbi xidmətə çağırış məsələləri, təxliyə planlarının həyata keçirilməsi kimi çətin vəzifələrin öhdəsindən gəlməyi bacarıb.
1942-ci ildə Aleksey Antonov Silahlı Qüvvələrin Baş Qərargahında əməliyyat idarəsinə rəis təyin edilib. Maraqlı məqamlardan biri odur ki, müharibə başlanandan bu vəzifədə yeddi nəfər xidmət edib, amma heç birinin fəaliyyəti nə Stalini, nə də Baş Qərargah rəhbərliyini qane etməyib. Antonovun bu vəzifəyə gətirlməsi ilə müharibə vəziyyətində olan ölkədə çox mühüm bir idarə sayılan əməliyyat idarəsində hər şey dəyişib. Aparılacaq bütün hərbi və döyüş əməliyyatları bu idarədə müzakirə olunub, razılaşdırılıb, ciddi nizam-intizam yaradılıb.
Bu idarədə xidmət edərkən Antonov şəxsən özü Stalinqrad, Kursk döyüşlərində iştirak edib, ən ağır döyüş bölgələrində hərbi əməliyyatlara rəhbərliyi öz üzərinə götürüb.
Zəngin hərbi biliklərə və təcrübəyə malik olan Antonov 1945-ci ilin fevralında keçirilən Yalta konfransında Stalinin təşəbbüsü və göstərişi ilə ilk məruzəçi olub.
4 fevral 1945-ci ildə Stalinin imzaladığı əmrlə Aleksey Antonov Baş Qərargah rəisi təyin edilib. 1 aprel 1945-ci ildə məhz onun hazırladığı “Berlin əməliyyatı” ali rəhbərlik tərəfindən təsdiq olunaraq uğurla icra olunub.
Məlum olduğu kimi, 8 noyabr 1943-cü ildə təsis olunan “Qələbə” ordeni SSRİ-də ən yüksək ali hərbi mükafat sayılıb. Orden 2-ci dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib. Bu ordenlə cəmisi 17 nəfər təltif olunub (Brejnevin təltifi ölümündən sonra ləğv edilib). Aleksey Antonovdan başqa bu ordenlə təltif olunanların hamısı dövlət başçıları və marşallar olub. Antonov yeganə general olub ki, bu ali mükafatla təltif edilib.
Daha bir maraqlı məqam isə odur ki, “Qələbə” ordenli Antonov marşal vəzifəsində xidmət etsə də, ona bu rütbə verilməyib və o, layiq olduğu Sovet İttifaqı Qəhrəmanı adını da almayıb.
Bəzi versiyalara görə, bu məsələdə Beriyanın əli olub. Belə ki, Beriya Antonova “əməkdaşlıq” təklif edəndə general bundan qəti imtina edib.
Nikita Xruşov öz hakimiyyəti illərində bir sıra hərbçiləri Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edəndə, marşal rütbəsi verəndə, ona Aleksey Antonovu da xatırladıblar. Xruşov bu xatırlatmaları qəbul etməyib. Marşal Jukov öz xatirələrində bu haqda yazıb:
“Nikita Xruşov Aleksey Antonovun xidmətlərini yaxşı bilirdi. Yaxşı bilirdi ki, general Antonov sözün əsl mənasında hərb elminin bütün zirvələrini fəth edib. Təltif etməməsinin səbəbi isə Antonovun Stalinin yaxın adamı olması idi...”
Ordu generalı Aleksey Antonov 18 iyun 1962-ci ildə, 65 yaşında Moskvada vəfat edib. Generalın yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilərək üzərinə xatirə lövhəsi vurulub. (musavat.com)
Paylaş: