Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb.
Sürücünün davranışlarından şübhələnən yol polisləri K. Əmirxanovu idarə etdiyi avtomobillə birlikdə idarəyə gətiriblər. Avtomobilə baxış zamanı avtomobilin salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və avtomobilində gizlətdiyini etiraf edib.
Xəzər RPİ əməkdaşlarının keçirdikləri digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 720 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İstintaq zamanı məlum olub ki, H. Əliyev marixunanı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.
Qeyd edilən faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. /Publika.az/
Paylaş: