Bəzi insanlar görünüşlərini bəyənmir və çarəni plastik cərrahlarda tapır. Araşdırma zamanı məlum oldu ki, ölkəmizdə ən çox burun əməliyyatı üçün müraciət edirlər.
Metbua.az bir neçə plastik cərrahla əlaqə saxlayıb. Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndər: “Ən çox burun əməliyyatı üçün müraciət edirlər. Bundan əlavə, dovşan dodaq, yanaqdakı deformasiyalar, ətrafların zədələnməsi ilə müraciət edənlər də var. Pasiyentlər arasında daha çox qadınlar üstünlük təşkil edir”.
Əməliyyatların qiymətinə gəldikdə, həkim deyib ki, əməliyyat növünə görə qiymət fərqlidir: "Bizdə əməliyyatların qiyməti min manatdan yuxarıdır".
Plastik cərrah mütəxəssis Dilqəm Məmmədov bildirib ki, ən çox burun əməliyyatı üçün müraciət edirlər. Üstünlüyü qadınlar təşkil edir. Daha çox 17-50 yaş arası müraciətlər çoxdur. Əməliyyatın qiymətini isə xəstəxana müəyyənləşdirir.
Estetik, plastik və rekonstruktiv cərrah Rauf Kərimov açıqlamasında deyib ki, son aylar ərzində ən çox burun əməliyyatı edib. Əməliyyatların qiyməti 1300-2500 manat arasında dəyişir. Həkim əlavə edib ki, həyata keçirdiyi ən bahalı əməliyyat qabırğa (rekonstruksiya) əməliyyatıdır.
Plastik-estetik, rekonstruktiv cərrah Araz Salmanov da son aylar ərzində daha çox burun, sinə kiçiltmə və böyütmə əməliyyatı üçün müraciət edildiyini bildirib. Həkimin sözlərinə görə, müraciət edənlərin çoxu qadınlardır. Əməliyyatların qiyməti isə 1000-2000 manat arasındadır.
Aysel Yaqubqızı / Metbuat.az
Paylaş: