Xəbər lenti

 

İyulun 16-da Yasamal rayonu ərazisindəki restoranlardan birinin sahibi iş otağından içərisində pul olan seyfin oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edib. O, izahatında hadisənin bir gün əvvəl baş verdiyini, lakin aradan ötən müddətdə axtarışlarının nəticə vermədiyini bildirib.

Ovqat.com Trend-ə istinadən bildirir ki, dərhal yaradılan əməliyyat qrupu hadisə yerini müayinə edib, araşdırma aparılıb. Bu zaman oğurluğun orada işləyən ustalar tərəfindən törədildiyinə dair şübhələr ortaya çıxıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərdən biri - Bərdə rayon sakini Səfadar Nağıyev Zabrat qəsəbəsindəki bağ evində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Tutarlı dəlillər qarşısında S.Nağıyev tamah məqsədilə törətdiyi əməli etiraf edib. Müəyyən edilib ki, Səfadar uzun müddətdir ki, həmin restoranda usta kimi işləyir. Həmin gün səhər saat 8.00 radələrində o, digər həmkarı ilə əvvəlcədən əlbir olaraq iş yerinə gəlib, arxa qapıdan açar seçmək yolu ilə içəri daxil olub. Seyfi olduğu otaqdan götürərək ətrafdakıların diqqətini çəkməmək üçün qutuya qoyublar, tullantı kimi çölə çıxarıb, maşınla Zabrat qəsəbəsindəki bağ evinə aparıblar. Seyfi orada qoyub yenidən işə gəldikləri vaxtda restorana qayıdıblar. Ustalar az sonra yenidən həmin bağ evinə gələrək seyfi sındırıb içərisindəki Azərbaycan manatı və ABŞ dollarlarını götürüblər. Ümumi məbləği 8500 manat olan pulu aralarında bölüblər, daha sonra qənimətlərindən özlərinə mobil telefonlar və təzə paltarlar alaraq bir hissəsini xərcləyiblər.

S.Nağıyevin üzərinə baxış zamanı 1007 manat və 1050 ABŞ dolları aşkar edilərək götürülüb. O, həmin məbləğin özünə qalan pulun bir hissəsi olduğunu bildirib.

Faktla əlaqədar Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir, digər şübhəlinin saxlanılması üçün zəruri tədbirlər görülür.

 




Ana səhifəyə qayıt        Baxış: 639          Tarix: 18-07-2017, 20:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma