Ötən gün Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyinin yaxınlığında insident olub.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Mayın 17-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən səhər saat 11 radələrində Hüseyn Cavid prospektindəki “Favorit” supermarketdən bir nəfərin çıxıb qaçdığını görüblər.
Onun arxasınca çıxan supermarketin işçiləri “oğrunu saxlayın” deyə kömək istəyiblər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs dayanaraq, cibindən bıçaq çıxarıb müqavimət göstərməyə çalışıb. Polislər dərhal həmin şəxsi silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.
Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da müəyyən edilib.
Paylaş: