GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir.
Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər.
1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.Coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir. Bu maddə humulin ticari adı ilə 1982-də ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq olunaraq bazara çıxarılmışdır. 1987-ci ildə genetik olaraq işlənmiş Pseudomonas syringae bakteriyasının Kaliforniyada çiyələk və kartof tarlalarına tətbiq olunmasıyla ilk GMO xarici mühitə buraxılmış oldu. 1988-də ilk insan antitelləri bir bitkidə istehsal olundu.
GMOlar biologiya və tibb sahəsindəki elmi tədqiqatlarda, dərman istehsalında, kənd təsərrüfatında və ekologiya sahəsində geniş istifadə olunmaqdadır.
GMO mikroorqanizmlər istehsalat sənayesində xüsusilə tibbdə istifadə olunan saflaşdırılmış farmaseptik insan züllalarının əldə olunmasında geniş istifadə olunmaqdadır. Bunların ilk və ən məşhur örnəyi genetik dəyişdirilmiş bakteriyalardan əldə olunan insulin hormonudur. GMO mikroorqanizmlər qida istehsalından istifadə olunan fermentlərin istehsalında da geniş istifadə olunur. Bunların arasında bakteriyadan əldə olunaraq nişastanı bəsit şəkərlərə çevirən alfa-amilaz, pendir emalında istifadə olunan, süd zülallarını çökdürən kimozin, kif və ya bakteriyalardan əldə olunan pektinesteraz, meyvə şirələrinin şəffaflığını artıran fermentləri saymaq olar.
GMOların ətrafında, xüsusilə qida olaraq istifadəsi mövzusunda dünyada qızğın mübahisə getməkdədir. Üzərində anlaşmazlıq olan əsas məsələlər, GMO qidanın müvafiq şəkildə etiketlənməsi, dövlət tənziminin bu işdə rolu, GMO məhsullarının insan sağlığı və ətraf mühit üzərindəki təsiri, pestisid müqaviməti, aqronomiya və dünya əhalisini qida ilə təmin etmə prosesinə təsiri ətrafında cəmləşir.
GMO və məhsullarının elmi araşdırma laboratoriyasından çıxarılması, kütləvi istehsalı prosesinin qanuni tənzimi ölkədən ölkəyə böyük fərqliliklər göstərir. ABŞ, Kanada, Livan və Misir kimi ölkələrdə GMO digər məhsullardan xüsusi olaraq fərqləndirilmir. Bu ölkələrdə istehsal üçün nəzərdə tutulan yeni məhsul əsaslı ekvivalentlik (substantial equivalence) prinsipinə görə dəyərləndirilir. Buna görə yeni sort orqanizm əldə olunduğu metodologiyaya görə deyil, məhsulda bənzərinə görə yenilik baxımından dəyərləndirilir. Orqanizmin GMO olub olmadığı deyil, ondan emal olunan məhsulun bənzərinə nisbətlə əhəmiyyətli dərəcədə yeni xassə əldə edib edilmədiyi kriteriyasına baxılır. Buna görə də, bu ölkələrdə GMO-ya spesifik qadağa və qanunlar yoxdur. Dünyanın bir çox ölkəsində isə GMO-nun idxal və istehsalatına qismən, yaxud tam qadağa və məhdudiyyətlər mövcuddur.
Meksika Senatı 2005-ci ildə bu ölkənin Elmlər Akademiyasının razılığı ilə GM pambıq və soya lobyasının istehsal və satışına icazə verən qanun qəbul etmişdir. Qanuna əsasən bütün geni modifikasiya olunmuş məhsulları Meksika Səhiyyə Nazirliyi tərəfindən göstərilən qaydalar əsasında müvafiq şəkildə etiketlənməlidir.
Təkamül nöqteyi nəzərdən Meksika qarğıdalı bitkisinin bioçeşidlilik mərkəzidir. Geni modifikasiya olunmuş qarğıdalının yerli sortlara mənfi təsir göstərə biləcəyi ehtimalı əsasında 2013-cu ildə ölkənin cavabdeh orqanlarına (SAGARPA və SEMARNAT) yeni geni modifikasiya olunmuş qarğıdalı sortlarının icazəsinə müvəqqəti qadağa qoyulması tapşırılmışdır.
Hər bir ölkənin qarşısında duran təhlükəsizlik məsələləri içərisində ərzaq təhlükəsizliyi müasir dövrdə ən aktual problemlərdən birinə çevrilib. Son illərdə dünya bazarlarında qida məsullarının bahalaşması, istehsal olunan ərzağın dünya üzrə qeyri-bərabər paylanması, ərzaq qıtlığı, qida məhsullarının idxalından asılı olan dövlətlərin ərzaq suverenliyinin olmaması və s. məsələlər qlobal problem səviyyəsində dəyərləndirilir. Dünyanın əksər ölkələrində urbanizasiya ilə əlaqədar olaraq əkinə yararlı torpaqların və kənd təsərrüfatında çalışanların azalması, eyni zamanda, əhalinin sayının və qida məhsullarına tələbatın artması ərzaq təhlükəsizliyi problemlərini daha da qabardır.
Demək olar ki, ərzaq məhsullarının tərkibi, onların təhlükəsizliyi ilə bağlı beynəlxalq miqyaslı qalmaqallar mütəmadi hal alıb. Məsələn, 2010-cu ilin sonu 2011-ci ilin əvvəlində bazarlara əti çıxarılan heyvanların tərkibində zəhərli maddələr olan texniki yağla qidalandırılması xəbərinin yayılması Avropada "dioksin skandalı"nın meydana çıxmasına səbəb olmuşdu. 2013-cü ilin ilk aylarında isə Avropada müxtəlif ət məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkətlərin məhsullarının tərkibinə mal əti adı altında at ətinin də qatılması xəbəri növbəti ərzaq qalmaqalına səbəb olub.
Lakin ərzaq təhlükəsizliyini hədələyən digər problemlər də vardır. BMT-nin Dünya Ərzaq Proqramının məlumatına görə hazırda dünyada 870 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Bəşəriyyətin gələcəyinə daha çox pessimist mövqedən yanaşan alimlərin fikrincə, yetərincə qidalanmayan insanların sayı qarşıdakı illərdə daha da artacaq. Proqnozlara görə 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı özünü daha çox hiss etdirəcək.
Bu təhlükənin qarşısının alınması üçün alimlər tərəfindən irəli sürülən çıxış yolu isə ilk baxışda tərəddüd yaradan, bəşəriyyətə faydalı, yoxsa zərərli olacağı dəqiq bilinməyən bir təklifdir. Ekspertlərin irəli sürdüyü və bir sıra dövlətlər tərəfindən dəstəklənən ideya genetik modifikasiya olunmuş məhsulların ("genetically modified crops”, ümumi adla "genetically modified organisms” (GMO)) istehsalının daha da genişləndirilməsi və bütün dünyada əsas qida qismində istifadəsinin təmin edilməsidir. Nanotexnologiyalar əsasında meydana gətirilən yeni növ qida məhsullarının insanların gündəlik ərzaq istehlakında ənənəvi məhsulları üstələməsi və hətta tamamilə əvəz etməsi qlobal ərzaq sistemində növbəti inqilabi yenilik deməkdir.
Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin həyata keçirdiyi “İstehlakçıların maarifləndirilməsi: GMO ərzaqları və qida təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanıb.
Paylaş: