Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda oktyabrın 27-də baş verən 6,1 bal gücündə zəlzələdən sonra bölgəyə gedən Dokuz Eylül Universitetinin Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, professor Həsən Sözbilir eyni gücdə yeni zəlzələlərin də ola biləcəyinə diqqət çəkib.
Musavat.com xəbər verir ki, komandası ilə bölgədə geniş araşdırmalar aparan Sözbilir bildirib:
“Sındırqının cənubundakı dağlıq ərazidə əvvəllər aktiv olmayan fay xətləri aşkar etdik. Bu faylar milyonlarla il əvvəl hərəkətli olub. Onlar “ölü fay” kimi qəbul edilirdi. İndi isə bu fayların yenidən zəlzələ yaratdığını gördük. Qərbdən şərqə doğru uzanan, hər biri 10-15 kilometr uzunluğunda, ümumilikdə 45 kilometrə çatan fay seqmentləri mövcuddur.
Bu zonada bir-birindən asılı olmayan, müstəqil şəkildə zəlzələ yarada bilən seqmentlər var. Əvvəlcə qərbdəki fay qırıldı, 2,5-3 ay sonra isə 15 kilometr şərqdə yerləşən başqa bir fay aktivləşdi. Eyni sistem daxilində şərq istiqamətində uzanan faylar da mövcuddur. Yaxın zamanda buna bənzər gücdə yeni zəlzələlər baş verə bilər”.
Həsən Sözbilir bölgədəki tikililərlə bağlı təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb:
“İlk zəlzələdə uçan və zərər görən binalar vaxtında boşaldıldığı üçün ikinci zəlzələdə itki yaşanmadı. Son zəlzələdə isə yenidən orta və ağır dərəcədə zədələnmiş binalar var. Bu binaların dərhal boşaldılmasında fayda var. Çünki yaxın aylarda 5 bala qədər gücdə yeni zəlzələlər ola bilər və bu tikililər uçma təhlükəsi daşıyır. Vətəndaşlarımız belə binaların içində və ya yaxınlığında qalmaqdan çəkinməlidirlər”.
Xatırladaq ki, Balıkesirin Sındırqı rayonunda 10 avqustda da 6,1 bal gücündə zəlzələ qeydə alınmışdı. Oktyabrın 27-də baş verən zəlzələ İzmir, İstanbul, Bursa və ətraf vilayətlərdə də hiss olunub. Hər iki zəlzələdə çox sayda tikili zərər görüb.
Paylaş:




























