Fransanın nüvə çəkindiriciliyinin əsas mərkəzi sayılan “İle-Long” hərbi bazası yenidən təhlükəsizlik gündəminə gəlib. Dekabrın 4-də axşam saatlarında Bretan bölgəsində yerləşən bu obyektin üzərində bir neçə naməlum dron müşahidə edilib.
Azərtac xəbər verir ki, dünən axşam yerli vaxtla saat 19:30 radələrində beş naməlum dron bazanın üzərində uçarkən müəyyən edilib. Hadisə dərhal antidron müdafiə tədbirlərinin işə düşməsinə səbəb olub. Bazanın mühafizəsinə cavabdeh olan dəniz piyadaları bir neçə dəfə dronlara qarşı atəş açıblar.
“İle-Long” bazası Fransa donanmasının ən strateji nöqtələrindən biridir, burada ölkənin nüvə silahlanmasına cavabdeh dörd ballistik raket daşıyan sualtı qayığı (SNLE) saxlanılır və onların texniki xidməti həyata keçirilir. Hər an bu sualtı qayıqlardan ən azı biri dənizdə patrulda olur. Baza 120 dəniz jandarmı və dənizçiləri tərəfindən ciddi şəkildə qorunur.
Bu ərazi üzərində dron aktivliyi son aylarda qeyri-adi dərəcədə çoxalıb. Noyabrın 17-dən 18-nə keçən gecə də Krozon yarımadası üzərində dron müşahidə edilmişdi, lakin hərbi zonaya daxil olmamışdı.
Qeyd olunub ki, bu cür insidentlər artıq yalnız Fransada deyil, Şimali Avropanın hərbi və strateji obyektlərində də müşahidə olunur. Bir çox ölkənin rəsmiləri bu fəaliyyətlərin arxasında Moskvanın mümkün təsirini istisna etmir.
Paylaş:




























