Xəbər lenti
Dünən, 23:51
Dünən, 21:20
Dünən, 20:37
Dünən, 19:42
Dünən, 18:57
Dünən, 16:45
Dünən, 14:37
Dünən, 14:00
Dünən, 12:37
Dünən, 10:23
Dünən, 09:44
3-10-2024, 22:46
3-10-2024, 21:50
3-10-2024, 20:54
3-10-2024, 19:28
3-10-2024, 18:53
3-10-2024, 17:10
3-10-2024, 15:27
3-10-2024, 14:30
3-10-2024, 13:56
Nüvə silahı 1945 – ci ildən sonra dünya siyasətində və bütövlükdə beynəlxalq münasibətlər sistemində əsas amillərdən birinə çevrildi. Hal – hazırda da bu silah beynəlxalq münasibətlərə istiqamət verən vacib faktorlardan biri kimi qəbul edilir və demək olar ki, müəyyən istisnalarla dünyanın ən böyük siyasi, iqtisadi və hərbi gücləri (dövlətləri) nüvə silahına malikdir.
Ümumiyyətlə, nüvə silahını mahiyyətinə və beynəlxalq münasibətlərdə oynadığı rola görə ziddiyyətli hesab etmək olar. Bir tərəfdən bu qorxunc silahın mövcudluğu və yayılması bəşəriyyət üçün böyük təhdid yaradırsa, digər tərəfdən də müəyyən qrup dövlətlərin nüvə silahına malik olması böyük müharibələrin qarşısını alan amil kimi nəzərdən keçirilir. Məsələn, əksər tədqiqatçıların da gəldiyi qənaət ondan ibarətdir ki, soyuq müharibə illərində 3 – cü dünya müharibəsinin baş verməməsinin əsas səbəblərindən biri də nüvə amili olmuşdur. Nüvə silahı bu gün də beynəlxalq münasibətlərdə tarazlaşdırıcı rolunu oynamaqda davam edir. Eyni zamanda bəzi nüvə dövlətləri malik olduqları bu möhtəşəm silahdan özlərinin geosiyasi maraqlarını qlobal və regional müstəvidə reallaşdırmaq məqsədi ilə təhdid mənbəyi kimi istifadə edib və etməkdə də davam edir. Onu da vurğulamaq yerinə düşər ki, nüvə silahından hərbi əməliyyatlarda yalnız bir dəfə - 1945-ci ilin avqustun 6-sı və 9-da Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərində istifadə olunub. Yaponiyanı II dünya müharibəsində sülhə gətirmək məqsədi ilə ABŞ təyyarələrinin atdığı atom bombaları 210 min insanın həyatına son qoymuşdur.
Beynəlxalq münasibətlərdə nüvə silahı amili : “dünəndən bu günə”
ABŞ-ın Yaponiyada atom bombalarından istifadəsinin yeganə məqsədinin Tokionu sülhə gətirmək olması fikri haqlı olaraq əksər tədqiqatçılar tərəfindən mübahisəli hesab olunur. Vaşinqtonun II Dünya Müharibəsinin son günlərində özünün yeni, qorxunc silahını nümayiş etdirməyinin digər səbəbləri kimi, fikrimizcə, bu amilləri göstərmək olar : formalaşmaqda olan yeni dünya düzənində ABŞ – ın fövqəldövlət statusunu möhkəmləndirmək, Sovet İttifaqının timsalında yeni qlobal rəqibini təhdid etmək və Moskvanı bir çox mübahisəli məsələlərdə güzəştlərə vadar etmək.
ABŞ-ın nüvə silahına malik olmasını dünyaya göstərməsinin digər nəticəsi SSRİ-nin özünün nüvə proqramını var gücü ilə sürətləndirməsi oldu. Bu baxımdan ABŞ-dan qısa müddət sonra (1949-cu il) Sovet İttifaqının da nüvə sınaqlarını keçirməsi təsadüfi sayıla bilməz.
Ümumiyyətlə, soyuq müharibə dövründə nüvə amilinin oynadığı rol ilə bağlı müxtəlif yanaşmalar olsa da onların içərisində ən çox yayılmış fikir ondan ibarətdir ki, nüvə silahı iki fövqəldövlət arasında birbaşa müharibənin qarşısını almış və bununla da əvvəldə də qeyd etdiyimiz kimi 3-cü dünya müharibəsi baş verməmişdir. Baxmayaraq ki, iki fövqəldövlət arasında soyuq müharibə illərində xeyli sayda böhranlar və ciddi fikir ayrılıqları yaşanmışdır. Eyni zamanda həm Birləşmiş Ştatlar, həm də Sovet İttifaqı təhlükəsizlik siyasətlərində nüvə amilinə xüsusi yer ayıraraq özlərinin nüvə arsenalının zənginləşdirilməsi məqsədi ilə xeyli vəsait sərf ediblər. Məsələn, ABŞ-da nüvə layihələrinə ayrılan xərclər 5.5 trilyon dollar dəyərində qiymətləndirilib.
Post – soyuq müharibə dövründə, xüsusilə də, onun ilk illərində beynəlxalq münasibətlərdə nüvə amilinə yanaşma bir qədər dəyişmişdir. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində beynəlxalq münasibətlər üzrə bir çox təhlilçilər belə iddia irəli sürürdülər ki, soyuq müharibənin, qlobal qarşıdurmanın başa çatması səbəbindən ABŞ və Rusiyanın zəngin nüvə resurslarına malik olması mənasızdır. 1991-ci ilə kimi ABŞ, Böyük Britaniya və Fransa nüvə arsenalına malik olmalarını Sovet təhdidi ilə əlaqələndirirdilər. Eyni zamanda SSRİ və Çin də ABŞ-ı təhdid kimi görərək özlərinin nüvə resurslarının artırılmasının qayğısına qalırdılar. Bu səbəbdən də 1991 – ci ildən sonra, yəni soyuq müharibənin başa çatması ilə dünya siyasi fikrində nüvə silahına ehtiyacın azalması qənaəti formalaşmaqda idi. Eyni zamanda bu yanaşma tam olmasa da müəyyən dərəcədə böyük nüvə dövlətlərinin siyasətində də ifadə olunmağa başladı və nəticədə, silahsızlaşdırma, nüvə başlıqlarının azaldılması ilə bağlı bir sıra vacib müqavilələr imzalandı. Bu barədə ətraflı bir qədər sonra qeyd olunacaq. Bütün bunlarla bərabər bəzi regional güclərin (Hindistan, Pakistan, İsrail, Şimali Koreya) nüvə başlıqlarına sahib olması əksər təhlilçilər tərəfindən daha məntiqli və başadüşülən amil kimi dəyərləndirilirdi. Belə ki, onlar bu dövlətlərin nüvə silahına malik olmasını həmin dövlətlərin üzləşdikləri təhlükəsizlik qayğıları və geosiyasi mövqeləri ilə əlaqələndirirdilər.
Son illər beynəlxalq münasibətlərdə gərginliyin və qarşıdurma meyillərinin artması, ənənəvi oyun qaydalarının bərpası nüvə silahı amilini yenidən aktuallaşdırır. Yeni təhdidlər, təhlükəsizlik riskləri nüvə dövlətlərini malik olduqları nüvə arsenallarına daha “diqqətlə” yanaşmağa təşviq edir. Hətta bəzi böyük nüvə dövlətləri (ABŞ) vaxti ilə imzalamış olduqları nüvə sazişlərindən çıxacağını açıq bəyan edirlər. Beləliklə, dünya siyasətinin xarakterində baş verən dəyişikliklər nüvə amilinin “qabarmasında” da özünü göstərir.
Xüsusilə, son zamanlar Rusiya – Ukrayna müharibəsi ətrafında nüvə silahında istifadə risklərinin artması müşahidə olunmaqdadır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən qısa müddət sonra prezident Vladimir Putinin nüvə başlıqlarının döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı tapşırığı dünyada qlobal nüvə müharibəsi ilə bağlı narahatlıqları xeyli artırdı. Doğrudur, fikrimizcə və əksər təhlilçilərin də bölüşdüyü qənaət ondan ibarətdir ki, hazırda Ukraynada davam edən müharibə strateji olaraq Rusiyaya nüvə silahından istifadə etmək üçün əsas vermir. Daha dəqiq desək, cari vəziyyətdə Rusiyanın mövcudluğuna birbaşa hərbi təhdidlər real deyil. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ABŞ başda olmaqla Qərb dövlətləri Rusiyaya qarşı Ukraynaya dəstək məqsədi ilə hərbi qüvvə göndərməkdən imtina edir.
Yeri gəlmişkən, onu da əlavə edək ki, Rusiyanın malik olduğu nəhəng nüvə potensialı amili də Qərbin Ukraynadakı müharibəyə birbaşa müdaxilədən çəkindirən əsas faktorlardan biri kimi çıxış edir. Belə demək mümkündürsə, nüvə silahı amili Ukrayna müharibəsininin timsalında daha bir münaqişədə “çəkindiricilik” funksiyasını yerinə yetirməkdədir. Bu səbəbdən də həm Qərbin, həm də Rusiyanın Ukraynada müharibəni lokallaşdırmaq siyasətində nüvə amili heç də az rol oynamır.
Bütün bunlarla bərabər, Ukraynada müharibənin şiddətlənərək davam etməsi, tərəflər arasında dialoq imkanlarının tükənməsi, Qərb – Rusiya qarşıdurmasının daha da dərinləşməsi və nəhayət, rusların ehtimal olunan ciddi hərbi uğursuzluqları Moskva tərəfindən nüvə silahından istifadə risklərini artırır. Qeyd edək ki, Rusiyanın malik olduğu taktiki nüvə başlıqlarından Ukraynada istifadə edə biləcəyi ilə bağlı fikirlər bu gün hərbi, siyasi təhlilçilər arasında geniş yayılıb. Haşiyəyə çıxaraq qeyd edək ki, taktiki nüvə başlıqları yaxın məsafə üçün nəzərdə tutulmasına və dağıdıcılıq gücünə görə strateji nüvə silahlarından fərqlənir. Rusiyanın hazırda təxminən iki min taktiki nüvə başlığına malik olduğu deyilir. Onu da əlavə edək ki, Rusiyanın Ukraynaya taktiki nüvə bombaları atması hazırda davam edən müharibənin sərhədlərini xeyli genişləndirə, hətta dünya müharibəsinə də səbəb ola bilər. Burada bir vacib faktı da nəzərə almaq lazımdır ki, dünyada mövcud nüvə başlıqlarının 90% - dən artığı yalnız Rusiya və ABŞ – nin payına düşür ki, bu da vəziyyətin kifayət qədər mürəkkəb və həssas olması ilə bağlı qənaətə gəlməyimizə əsas verir.
Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi ilə bağlı ehtimalların geniş yayılmasına səbəb olan əsas məqamlardan biri də fevralın 24-dən sonra rusiyalı rəsmilərin nüvə silahının istifadəsinin mümkünlüyü ilə bağlı bəzi açıqlamaları olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın qəbul etdiyi milli və hərbi təhlükəsizlik doktrinaları bu ölkənin nüvə silahından birinci istifadə etməsinin qanuniliyinə istinad edir. Rusiyanın hərbi təhlükəsizlik doktrinası nüvə silahından istifadənin şərtlərini belə sıralayır: Rusiya və onun müttəfiqlərinin ərazilərinə ballistik raketlərin endirilməsi, düşmənin nüvə və digər kütləvi qırğın silahlarından Rusiyaya qarşı istifadə etməsi və yaxud bu istifadəyə dair etibarlı məlumatların alınması, düşmənin vacib dövlət və hərbi obyektlərə zərbələri, adi silahlardan istifadə etməklə Rusiyaya qarşı təcavüz və s. Göründüyü kimi, nüvə silahından istifadənin şərtləri ilə bağlı hərbi təhlükəsizlik doktrinasında qeyd olunan bəzi yayğın məqamlar Moskvanın bu qorxunc silahdan istifadəsi üçün müəyyən “qanuni” imkanlar verir.
Hazırda davam edən Rusiya – Ukrayna müharibəsi müasir beynəlxalq münasibətlər sistemində hərbi-təhlükəsizlik aspektini xeyli aktuallaşdırmışdır. Artıq Almaniya, Yaponiya kimi bir sıra qlobal və regional dövlətlər hərbi güclərini artırmaq üçün yeni strategiya qəbul edirlər. Finlandiya və İsveç kimi bu günə qədər neytrallığını qoruyub saxlayan dövlətlər NATO-na daxil olmağa hazırlaşır. Eyni zamanda, bəzi Şərqi və Mərkəzi Avropa dövlətləri də hərbi potensiallarını artırmaq üçün müəyyən addımlar atmaqdan çəkinmirlər. Qeyd edək ki, son illərdə, Rusiya – Ukrayna müharibəsindən əvvəl də Çin, Hindistan, Pakistan kimi nüvə dövlətləri də özlərinin ballistik raket və nüvə imkanlarını genişləndirmək üçün aktiv siyasət həyata keçiriblər. Məhz bütün bu son illərdə və aylarda baş verən tendensiyaları, faktları nəzərə alaraq qeyd etmək olar ki, hərbi gücün rolu qlobal nizamda yenidən artmaqdadır.
Bu gün nüvə silahına malik 9 dövlətin adını çəkmək olar ki, onlardan 5-i rəsmi, 4-i isə qeyri rəsmi nüvə dövlətləri hesab olunur. Rəsmi nüvə dövlətləri ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. Qeyri – rəsmi nüvə dövlətləri isə Hindistan, Pakistan, İsrail və Şimali Koreyadır. BMT-nin təşəbbüsü ilə 12 iyun 1968 – ci ildə imzalanan “Nüvə silahının yayılmaması barədə müqavilə”yə əsasən, nüvə dövlətləri 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Həmçinin qeyd olunan müqaviləyə əsasən bu tarixdən sonra nüvə sınağı keçirən ölkələrin nüvə dövləti olması qanunsuz sayılacaq. Bu səbəbdən də biz nüvə dövlətlərindən danışarkən “rəsmi” və “qeyri rəsmi” sözlərindən, anlayışlarından istifadə edirik.
Nüvə sınaqları keçirmiş və bu silaha malik 9 dövlət həm də “Nüvə klubu”nun üzvü sayılır. Silahlara Nəzarət Assosasiyasının məlumatına əsasən hal-hazırda nüvə dövlətlərinin ixtiyarında təxminən 13000 nüvə başlığı var. “Nüvə klubu”nun üzvü olan dövlətlərin nüvə sınaqlarını keçirilmə tarixlərini və malik olduqları təxmini nüvə başlıqlarını xronoloji ardıcıllıqla nəzərdən keçirdək :
- ABŞ dünyanın ilk nüvə dövləti hesab olunur. Bu ölkə 1945 – ci il iyulun 16-da Nyu-Meksika ştatının Alamoqoro səhrasında 20 kilotonluq atom bombasının ilk sınağını keçirdib. Hazırda ABŞ-ın arsenalında 5500 nüvə başlığı var.
- Tarixdə 2-ci nüvə dövləti SSRİ (Rusiya) sayılır. 1949-cu il avqustun 29-da Qazaxstanın Semipalatinsk poliqonunda 22 kilotonluq ilk sovet nüvə silahının sınağı keçirilib. SSRİ-nin süqutundan sonra bütün nüvə silahları onun varisi Rusiya Federasiyasına verilib. Rusiya 6257 nüvə başlığı ilə dünyanın ən böyük nüvə dövlətidir.
-Böyük Britaniya ilk nüvə sınaqlarını 1952-ci il oktyabrın 3-də Sakit okeanındakı Monte-Bello adasında həyata keçirib. Hal-hazırda ölkə ərazisində 225-dən artıq nüvə başlığı saxlanılır.
-Fransa 1960-cı il fevralın 13-dən nüvə dövlətidir. Dəhşətli silahın ilk sınaqları o zamanlar Fransanın tərkibinə daxil olan Əlcəzairdə həyata keçirilib. Hazırda Fransa 290 aktiv nüvə başlığına malikdir.
-Çin 1964 – cü il oktyabrın 16-da Lobnor gölü yaxınlığında 20 kilotonluq nüvə silahını sınaqdan keçirməklə nüvə dövlətləri ailəsinə daxil olan 5-ci ölkədir. Rəsmi Pekinin arsenalında 350-dən artıq nüvə başlığı var.
Adı sadalanan dövlətlər “köhnə nüvə dövlət”ləri hesab olunurlar. Onlar əvvəldə də qeyd etdiyimiz kimi nüvə silahının yayılmaması barədə müqaviləni imzalayıblar. Lakin bəzi dövlətlər bu müqaviləyə qoşulmaqdan imtina edərək öz nüvə silahlarını yaradıblar.
- Hindistan müqavilədən kənar ilk nüvə dövlətidir. 1974 – cü il mayın 18-də ilk nüvə sınağını gerçəkləşdirib. Hindistanın 156 nüvə başlığı var.
- İsrail 1979-cu il sentyabrın 22-də qeyri-rəsmi nüvə sınağı keçirib. Xarici kəşfiyyat məlumatlarına əsasən, 90 nüvə başlığı olan yəhudi dövləti rəsmi şəkildə bunu təsdiqləmir.
- Pakistan 1998-ci il mayın 28-dən nüvə dövləti sayılır. Arsenalında 165 nüvə başlığı olan Pakistan həm də nüvə silahına sahib olan ilk və yeganə müsəlman dövlətidir.
- Şimali Koreya 2006-cı il oktyabrın 9-da ilk dəfə nüvə sınağı həyata keçirib. 2003 – cü ilə qədər “Nüvə silahının yayılmaması haqqında müqavilə” - yə üzv olan sosialist ölkə təxminən 50 nüvə başlığına malikdir.
Yuxarıda nüvə başlıqları ilə bağlı göstərilən rəqəmlər əvvəldə də qeyd olunduğu kimi təxmini rəqəmlərdir və dəyişə bilər. Nəzərə almaq lazımdır ki, qeyd olunan nüvə başlıqlarının sayı yalnız rəsmi mənbələrə, məlumatlara əsaslanır. Bir vacib məqam da qeyd olunmalıdır ki, ABŞ-ın nüvə başlıqlarının bir hissəsi NATO üzvlərində və müttəfiq ölkələrdə yerləşdirilib. Almaniya, Türkiyə, İtaliya, Belçika, Hollandiya, Kanada, Cənubi Koreya və Yaponiyada ABŞ-ın nüvə potensialının bir hissəsi qoyulub.
Nüvə təhlükəsizliyi problemləri
Nüvə silahının ilk sınağından və istifadəsindən sonra ABŞ da daxil olmaqla bir çox dövləti, müəyyən elmi-siyasi dairələri düşündürən və narahat edən əsas məqamlardan biri də bu qorxunc silahın yayılması, tətbiqi ehtimalının artması idi. Xüsusilə, ABŞ Sovet İttifaqının belə bir silah əldə etməsinin qarşısını almaq üçün beynəlxalq səviyyədə fəallıq göstərirdi. 1946-cı ilin iyununda BMT-də ABŞ-ın nümayəndəsi B.Barux atom enerjisindən yalnız dinc məqsədlərlə istifadə etməyin zəruri olduğunu və bu qaydaları pozan istənilən dövlətə qarşı cərimənin tətbiq olunmasını təklif etdi. SSRİ-nin və digər dövlətlərin bu təklifi qəbul etməməsi Birləşmiş Ştatların təşəbbüslərinin həmin dönəmdə nəticəsiz yekunlaşmasına səbəb oldu. Buna baxmayaraq, 1940-cı illərin sonu 1950-ci illərin əvvəllərində atom enerjisindən dinc məqsədlərlə istifadə məsələsi davamlı olaraq BMT-nin plenar iclaslarında müzakirəyə çıxarılırdı. 1953-cü ilin dekabrında ABŞ prezidenti D.Eyzenhauer BMT Baş Assambleyasının iclasında özünün “Sülh naminə Atom” layihəsini təklif etdi. D.Eyzenhauerin qeyd olunan layihəsi atom enerjisindən dinc məqsədlərlə istifadəni və bu sahədə ABŞ-la SSRİ arasında əməkdaşlığı nəzərdə tuturdu. Prezident Eyzenhauerin məlum layihəsi beynəlxalq səviyyədə, xüsusilə nüvə enerjisi sahəsində yardıma ehtiyacı olan dövlətlər tərəfindən geniş dəstəkləndi.
Daha sonra 1957 – ci ildə yenə də prezident Eyzenhauerin təşəbbüsü ilə BMT – nin bir bölməsi kimi nüvə materiallarının və texnologiyalarının istifadəsi prosesinə nəzarəti həyata keçirməli olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (İnternational Atomic Nuclera Agency /rus dilində geniş yayılmış abbreviaturası – MAQATE) təsis edildi. Təşkilatın fəaliyyətinin əsas məqsədi dövlətlər tərəfindən nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə nəzarət etməkdir. Haşiyəyə çıxaraq o da qeyd olunmalıdır ki, hal – hazırda MAQATE – nin təxminən 170 üzvü vardır. O cümlədən Azərbaycan Respublikası da təşkilata üzv dövlət kimi daxil olmuşdur.
Ümumiyyətlə, 1950 – ci illərin sonu və 1960 – cı illərin əvvəllərində nüvə silahının yayılması və nüvə sınaqlarının keçirilməsi ilə bağlı dünya ictimaiyyətində narahatlıqlar artmaqda idi. Bu səbəbdən də ayrı – ayrı dövlətlər, beynəlxalq təşkilatlar problemlə bağlı konkret təkliflərlə çıxış edirdi. Bu yerdə bəzi faktları xatırlatmağımız, fikrimizcə, faydalı olardı. İrlandiya, 1958 – ci ildə BMT – yə nüvə silahının yayılması prosesinin qarşısını almağı özündə ehtiva edən qətnamə layihəsini təklif etdi və İrlandiya layihəsi əsasında BMT Baş Assambleyası 1961 – ci ildə 1665 saylı qətnaməni qəbul etdi. 1963 – cü ilin avqustun 5 – də Moskvada ABŞ, SSRİ və Böyük Britaniya arasında Nüvə Sınaqlarının Qismən Qadağan Edilməsi ilə bağlı Müqavilə imzalandı. Həmin müqavilə atmosferdə, kosmik fəzada, su altında nüvə sınaqlarını qadağan edirdi. Yalnız torpağın altında nüvə sınaqlarına icazə verilirdi. Qeyd edək ki, adı keçən müqavilə 1963 – cü ilin oktyabrından qüvvəyə mindi və sonrakı illərdə 123 dövlət müqavilə üzrə tərəfdaşa çevrildi. Bu müqavilənin imzalanmasının əsas səbəblərindən biri 1950 – 1960 – cı illərdə nüvə dövlətləri tərəfindən ətraf mühitə ciddi zərər verən yüzlərlə nüvə sınağının keçirilməsi idi.
Bir vacib məqamı da xüsusi vurğulamaq lazımdır ki, 1960 – cı illərdə nüvə silahının yayılmasına qarşı beynəlxalq müstəvidə baş verən proseslərin texniki – ekoloji səbəbləri ilə yanaşı həm də siyasi səbəbləri vardı. Əsas siyasi səbəb ondan ibarət idi ki, iki fövqəldövlətin – ABŞ və SSRİ – nin nüvə silahının yayılmasına qarşı maraqları üst – üstə düşürdü. Baxmayaraq ki, bu iki fövqəldövlət bir – biri ilə barışmaz rəqabətdə və qarşıdurmada idi, nüvə silahının digər dövlətlərin əlinə keçməsinin yolverilməzliyi ilə bağlı ortaq mövqeni bölüşürdülər. Məsələn, həmin dövrdə Çinin nüvə silahı əldə etmək cəhdləri nə Vaşinqtonu, nə də Pekinlə münasibətləri soyuyan Moskvanı qane edirdi. Həmçinin ABŞ – ın bütün israrlarına baxmayaraq İsrailin nüvə proqramından imtina etməməsi də vəziyyəti mürəkkəbləşdirirdi. Ümumiyyətlə, yalnız bu iki dövlət deyil, təxmini hesablamalara görə 15 – 20 dövlət 1960 – cı illərdə nüvə silahı əldə etmək siyasəti həyata keçirirdi. Bu baxımdan ABŞ prezidenti Con Kennedinin 1963 - cü ildə verdiyi bəyanatı təsadüfi hesab etmək doğru olmazdı. Həmin bəyanatında prezident Kennedi qeyd edirdi ki, yaxın illərdə “nüvə klubuna” daha 15 – 20 dövlət daxil ola bilər ki, bu da bəşəriyyət üçün böyük təhlükə deməkdir.
Beləliklə, 1950 – ci illərdən başlayan və 1960 – cı illərin əvvəllərində geniş vüsət alan anti – nüvə prosesləri 1968 – ci ildə “Nüvə Silahının Yayılmaması barədə Müqavilə” nin imzalanması ilə nəticələndi. Belə ki, BMT – nin Baş Assambleyası 1968 – ci il iyunun 12 – də “Nüvə Silahının Yayılmaması barədə Müqavilə” - nin əsas müddəalarını özündə əks etdirən 2373 saylı qətnaməni təsdiq etdi. İyul ayının 1 – də müqavilə açıq elan edildi və dərhal beş nüvə dövlətindən üçü (ABŞ, SSRİ, Böyük Britaniya) müqaviləni imzaladı. Digər iki nüvə dövləti, Çin və Fransa müqaviləni imzalamaqdan imtina etdilər. Çin müqaviləni diskriminasiyaedici adlandırdı, Fransa isə müqaviləni imzalayanların ona əməl edəcəyinə şübhə etdiyini bildirdi. Buna baxmayaraq qısa müddət ərzində 46 dövlət müqaviləni imzaladı və 1970 – ci ildən “Nüvə Silahının Yayılmaması barədə Müqavilə” qüvvəyə mindi. Çin və Fransa yalnız 1992 – ci ildə müqaviləyə qoşulduqlarını bəyan etdilər. Hal – hazırda 191 dövlət müqavilənin iştirakçısıdır və yalnız 4 dövlət heç bir zaman qeyd olunan müqaviləyə qoşulmamışdır. Bu dövlətlər Hindistan, Pakistan, İsrail və Cənubi Sudandır. Şimali Koreya 1985 – ci ildə Sovet İttifaqının təzyiqi ilə müqaviləyə qoşulduğunu bəyan etsə də 2003 – cü ildə müqavilədən çıxdığını elan etdi. Müqavilənin iştirakçısı olmayan adlarını çəkdiyimiz dövlətlər, Cənubi Sudan istisna olmaqla, qeyri – rəsmi nüvə dövlətləridir. Bütövlükdə, müqavilə giriş və 11 maddədən ibarət olmaqla dövlətləri iki qrupa ayırırdı: artıq nüvə sınağı keçirmiş 5 nüvə və nüvə silahları olmayan qeyri - nüvə dövlətlərinə. Əvvəldə də qeyd etdiyimiz kimi müqaviləyə görə nüvə dövlətləri 1967 – ci il yanvarın 1 – nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur, bu tarixdən sonra nüvə sınağı keçirən ölkələrin nüvə dövləti olması qanunsuz elan olunur. Müqavilənin müddəti ilə bağlı onu qeyd etmək olar ki, ilkin olaraq, saziş qüvvəyə mindikdən sonra 25 il müddətinə nəzərdə tutulmuşdur. 25 il bitdikdən sonra, yəni 1995 – ci ildə müqavilə iştirakçısı dövlətlərin beynəlxalq konfransında “Nüvə Silahının Yayılmaması barədə Müqavilə”nin qeyri – müəyyən müddətə kimi uzadılması ilə bağlı qərar qəbul olunmuşdur.
“Nüvə Silahının Yayılmaması barədə Müqavilə”nin hüquqi – siyasi gücü ilə bağlı onu qeyd edə bilərik ki, müqavilə iştirakçı dövlətlər qarşısında məcburi öhdəliklər qoyur. Müqaviləni imzalayıb sonra ona əməl etməyən dövlətlərə qarşı beynəlxalq hüququn imkan verdiyi çərçivədə beynəlxalq sanksiyalar və digər cəza tədbirləri tətbiq edilə bilər. Müqavilənin başlıca prinsiplərini qısa olaraq belə sıralamaq olar: nüvə dövlətləri nüvə silahı və hərbi məqsədlərlə nüvə texnologiyalarını yaymamaqla, nüvə arsenalının azaldılması, qeyri – nüvə dövlətləri isə nüvə silahı əldə etməyəcəkləri, nüvə texnologiyalarından yalnız dinc məqsədlərlə istifadə edəcəyi ilə bağlı üzərlərinə öhdəlik götürür. Ümumiyyətlə, “Nüvə Silahının Yayılmaması barədə Müqavilə”nin struktur tərkibi 3 hissəyə ayrılır: a) Yayılmama; b) Silahsızlaşdırma; c) Nüvə enerjisindən dinc məqsədlərlə istifadə.
Son 50 ildə qlobal nizamın vacib aspektlərindən biri də dünyanın aparıcı dövlətləri arasında həm də nüvə təhlükəsizliyi ilə birbaşa bağlı olan mühim anlaşmaların əldə olunması olmuşdur. Soyuq müharibənin, ikiqütblü dünya nizamının, daha sonra isə post-soyuq müharibə dövrünün kəskin ziddiyyətlərinə baxmayaraq, bu anlaşmaları beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar hesab etmək olar. Burada xüsusilə, iki fövqəldövlətin – ABŞ və SSRİ-nin, 1990-cı illərin əvvəllərindən isə ABŞ və Rusiyanın strateji hücum silahlarının məhdudlaşdırılmasına, nüvə başlıqlarının azaldılmasına dair müqavilələrini xatırlamaq yerinə düşər. Nümunə olaraq, həmin müqavilələrdən ən vaciblərini xronoloji ardıcıllıqla belə qeyd etmək olar : 1972 – ci və 1979 – cu illərdə imzalanan Strateji Silahların Məhdudlaşdırılmasına dair Müqavilələr (SALT I və SALT II), 1987 – ci ildə imzalanan Kiçik və Orta Mənzilli raketlərin ləğvini nəzərdə tutan müqavilə, 1991 və 1993 – cü illərdə imzalanan Strateji Silahların Ləğvi Müqavilələri (START I və START II), nəhayət, 2010 – cu ildə imzalanan Strateji Silahların Ləğvi Müqaviləsi (START III). Qeyd edək ki, sonuncu müqavilənin müddəti 10 il nəzərdə tutulmuşdur və 2021 – ci ildə onun müddəti 2026 – cı ilə qədər artırılmışdır. 2010 – cu ildə imzalanmış Strateji Silahların Ləğvi Müqaviləsi (START III) ilə tərəflər malik olduqları nüvə başlıqlarını yarıya qədər azaltmaq öhdəliyini öz üzərinə götürmüşdür. Beləliklə, ABŞ və SSRİ (Rusiya) arasında strateji hücum silahlarının məhdudlaşdırılmasına və nüvə başlıqlarının ləğvinə dair imzalanmış müqavilələr qlobal geosiyasi proseslərə pozitiv təsir göstərməklə yanaşı həmçinin dünyada nüvə başlıqlarının sayının xeyli azalmasında da əhəmiyyətli rol oynamışdır. Məsələn, əgər nüvə başlıqlarının sayı 1986 – cı ildə (nüvə silahlarının sayının ən çox olduğu il) 70300 ədəd idisə, 2022 – ci ildə bu say 12700 – ə qədər azalmışdır. Bir vacib məqamı da qeyd etmək istərdim ki, son 50 ildə iki ölkə arasında imzalanmış müqavilələrdən bəziləri ( SALT II və START II müqavilələri) müxtəlif məsələlərlə bağlı tərəflər arasındakı ziddiyyətlərə görə həyata keçirilməmişdir. Eyni zamanda, 2019 – cu ildə ABŞ 1987 – ci ildə imzalanan Kiçik və Orta Mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxdığını bəyan etdi. Vaşinqton, bu addımını Rusiyanın qeyd olunan müqaviləni davamlı olaraq pozması ilə izah etmişdi.
Post-soyuq müharibə dövrünün ilk illərində, 1990 – cı illərin əvvəllərində və ortalarında, dünyada nüvə təhlükəsizliyi ilə bağlı olduqca ziddiyyətli proseslər gedirdi. Soyuq müharibənin başa çatması, SSRİ – nin dağılması ilə qlobal nüvə qarşıdurması ehtimalı azalsa da dünyanın müxtəlif regionlarında “nüvə gərginlikləri” meydana çıxmışdır. 1990 – 1991 – ci il Körfəz müharibəsi dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətini İraqın gizli nüvə proqramına yönəltmişdir. Körfəz müharibəsindən sonra BMT – nin İraq üzrə Xüsusi Komissiyasının İraqın hərbi – elmi tədqiqat mərkəzlərində apardığı araşdırmaların nəticəsində məlum oldu ki, İraqın hakim Səddam Hüseyin rejimi kimyəvi, bioloji silah proqramları ilə yanaşı özünün nüvə proqramını da inkişaf etdirib. Səddam Hüseyin rejiminin nüvə silahı əldə etmək niyyətinin ortaya çıxması BMT – nin, dünyanın aparıcı dövlətlərinin İraq hökumətinə təzyiqlərini xeyli artırdı. Hansı ki, bu təzyiqlərin nəticəsində İraqın hərbi sənayesi, hərbi-elmi mərkəzləri üzərində beynəlxalq ictimaiyyətin sərt nəzarəti bərqərar edildi.
Eyni zamanda, nüvə silahı ilə bağlı digər gərginlik Şimali Koreya ətrafında yaranmışdır. Bu gərginliyin yaranmasının əsas səbəbləri Şimali Koreya hökumətinin Atom Enerjisi Beynəlxalq Agentliyinin (MAQATE) müfəttişlərini özünün nüvə obyektlərinə buraxmaması və 1985 – ci ildə qoşulduğu Nüvə Silahının Yayılmaması Müqaviləsindən (NSYM) çıxmaq niyyətini ifadə etməsi idi. Nəhayət, MAQATE və Birləşmiş Ştatlarla aparılan danışıqlar nəticəsində Şimali Koreya hökuməti NSYM – dən çıxmaq niyyətini və hərbi məqsədlərlə nüvə proqramını bir müddət təxirə saldı.
İraq və Şimali Koreya ilə problemlərə baxmayaraq nüvə təhlükəsizliyi ilə bağlı bir sıra pozitiv proseslər də baş verməkdə idi. 1991 – ci ildə Cənubi Afrika Respublikası uzun müddət kənarda qaldığı NSYM – nə qoşulacağını bəyan etdi. Daha sonra, 1992 – ci ildə rəsmi nüvə dövlətləri olan Fransa və Çin də NSYM – ə qoşulduğunu bildirdi. Argentina və Brazilya, 1994 – cü ildə Cənubi və Mərkəzi Amerika ölkələrini əhatə edən, qarşısına nüvəsiz zona yaratmaq məqsədi qoymuş “Tlatelolko Sazişi” – nə qoşuldu. Həmçinin, 1995 – ci ildə Argentina, 1998 – ci ildə isə Brazilya NSYM-ə qoşuldu. 1990 – cı illərin ortalarında ABŞ və Rusiyanın iştirakı ilə aparılan danışıqlar nəticəsində 3 keçmiş Sovet ölkəsi (Ukrayna, Belarus, Qazaxıstan) ərazilərində olan nüvə başlıqlarının Rusiyaya verilməsinə və NSYM – ə qeyri – nüvə dövləti kimi üzv olacaqlarına razılıq verdi. Yeri gəlmişkən, 1994 – cü ilin dekabrında imzalanan Budapeşt memorandumu ilə 3 post sovet ölkəsinin ərazilərində olan nüvə başlıqlarından imtina etməsinin əvəzi olaraq bu dövlətlərin ərazi bütövlüyünə, müstəqilliyinə Rusiya, ABŞ, Böyük Britaniya tərəfindən təminat verilirdi.
Nüvə silahının yayılmamasına dair digər pozitiv proseslər NSYM – in 25 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransında baş verdi. 1995 – ci ilin aprel – may aylarında keçirilən konfransda NSYM – in qeyri – müəyyən müddətə uzadılması ilə bağlı qətnamə qəbul edildi. 1996 – cı ilin sentyabrında, aparılan uzun danışıqlardan və müzakirələrdən sonra BMT baş Assambleyası “Bütün Növ Nüvə Sınaqlarını Qadağan edən Müqavilə”ni qəbul etdi. 2019 – cu ilin fevralına olan məlumata görə bu müqaviləni 185 dövlət imzalasa da onlardan 17 dövlət hələ də müqaviləni ratifikasiya etməyib. O cümlədən də ABŞ, Çin, Misir, İran, İsrail kimi ölkələr də müqaviləni ratifikasiya etməyənlər sırasındadır. 1994 – 1996 – cı illərdə hərtərəfli nüvə sınaqlarını qadağan edən müqavilə ilə bağlı aparılan danışıqlar prosesində iştirak edən və müəyyən nüvə reaktoru gücünə malik olan bir sıra dövlətlərin müqaviləni ratifikasiya etməməsinə görə “Bütün Növ Nüvə Sınaqlarını Qadağan edən Müqavilə” hələ də qüvvəyə minməyib. Onu da qeyd edək ki, Hindistan, Pakistan və Şimali Koreya kimi dövlətlər ümumiyyətlə bu müqaviləni imzalamayıb.
1990 – cı illərin əvvəlləri və ortalarında nüvə təhlükəsizliyi ilə bağlı qeyd etdiyimiz pozitiv proseslərin ardınca bəzi neqativ hadisələr də müşahidə olunmağa başladı. Belə ki, 1998 – ci ildə Hindistan və Pakistan bir – birinin ardınca beynəlxalq ictimaiyyətdə narahatlıq doğuran nüvə sınaqları həyata keçirdi. Onu da qeyd edək ki, bu, Pakistanın keçirdiyi ilk nüvə sınaqları idi. Hər iki dövlətin keçirdiyi nüvə sınaqları dünyada o qədər narahatlıq və narazılıqla qarşılandı ki, hətta bəzi dövlətlər, o cümlədən də, ABŞ Hindistan və Pakistana müəyyən iqtisadi – hərbi sanksiyalar tətbiq etdi. 2003 – cü ildə ABŞ və müttəfiqləri BMT Təhlükəsizlik Şurasının razılığı olmadan İraqa hərbi müdaxiləni reallaşdırdılar və rəsmi Vaşinqton bu hərbi müdaxilənin İraqın nüvə də daxil olmaqla kütləvi qırğın silahları hazırlamaq planlarının olması ilə əsaslandırdı. 2002 – 2003 – cü illərdə Şimali Koreya ətrafında nüvə böhranı yenidən şiddətlənməyə başladı və nəticədə, Şimali Koreya 2003 – cü ildə NSYM – dən çıxmaqla bərabər 2006 – cı ilin oktyabrında ilk nüvə sınaqlarını keçirdiyini bəyan etdi. Bununla da ABŞ – ın Şimali Koreyanın nüvə silahı əldə etmək istəyinin qarşısını almaq məqsədi ilə həyata keçirdiyi mülayim – sərt diplomatiya, danışıqlar prosesi uğursuzluqla nəticələndi. Burada bir vacib məqam da əlavə olunmalıdır ki, 2003 – 2005 – ci illərdə Şimali Koreyanın Nüvə proqramının qarşısını almaq məqsədi ilə aparılan danışıqlarda ABŞ və Şimali Koreya ilə yanaşı Çin, Rusiya, Yaponiya kimi dövlətlər də iştirak edib.
2000 – ci illərin ilk dövrlərindən nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq siyasi gündəmi məşğul edən əsas məsələlərdən biri də İranın nüvə proqramı olmuşdur. Məhz həmin dövrdə ABŞ da daxil olmaqla aparıcı Qərb dövlətləri, eləcə də, BMT İranı nüvə silahı əldə etmək üçün gizli proqrama malik olmaqda ittiham etməyə başladı. Bu ittihamların əsas səbəbi 2003 – cü ildən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İranın nüvə fəaliyyətində şübhəli məqamların olmasını açıqlaması oldu. 2006 – cı ildə BMT Təhlükəsizlik Şurası NSYM müqaviləsinin şərtlərini pozması səbəbindən İrandan özünün zənginləşdirilmiş uran proqramını dayandırmağı tələb etdi. İran isə cavab olaraq özünün nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bildirdi və bu günə qədər də rəsmi Tehran nüvə silahı əldə etmək niyyətləri olmadıqlarını bəyan edir. Haşiyəyə çıxaraq qeyd etmək istərdik ki, İran hələ 1970 – ci ildən NSYM müqaviləsinə qoşulmuşdur.
MAQATE - nin, beynəlxalq ictimaiyyətin, xüsusilə də, Qərb dövlətlərinin ciddi etirazlarına baxmayaraq, İran 2015 – ci ilə qədər zənginləşdirilmiş uran proqramını davam etdirdi və bu səbəbdən də ABŞ – ın, Qərbin sərt iqtisadi sanksiyaları ilə üzləşməli oldu. Hesablamalara görə bu sanksiyalara görə bütövlükdə İran iqtisadiyyatı 2015 – ci ilə kimi 500 milyard dollardan artıq zərər görmüşdür. Nəhayət, 2015 – ci ildə İran və 5+1 ölkələri (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin, Almaniya) arasında İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq və bu fəaliyyətinə görə Qərb dövlətləri tərəfindən tətbiq olunan iqtisadi sanksiyaları aradan qaldırmaqla bağlı saziş imzalandı. Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) adlanan sazişə görə İran nüvə silahını hazırlamaq üçün istifadə olunan uranın zənginləşdirilməsini məhdudlaşdırmaqla yanaşı bir sıra tədbirlər həyata keçirməli idi. Əldə olunmuş razılaşmalara baxmayaraq, Tramp administrasiyasının qərarı ilə ABŞ 2018 – ci ildə BƏFP – dən çıxdığını bəyan etdi və həmin ilin noyabrında İrana qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq etdi. İran isə buna cavab olaraq razılaşma üzrə əldə olunmuş bir sıra öhdəliklərindən imtina etməyə başlayıb. Belə bir vəziyyətin yaranması isə 2015 – ci ildə əldə olunmuş razılaşmanın həyata keçirilməsini xeyli çətinləşdirir. Bütün bunlarla bərabər, son 1 ildə Bayden administrasiyası BƏFP sazişinə ABŞ – ın geri qayıtması ilə bağlı İranla danışıqlar aparır və hələ ki, real nəticələr olmasa da bu danışıqların yaxın perspektivdə uğurla nəticələnəciyinə dair geniş yayılmış nikbin proqnozlar var.
Nüvə təhlükəsizliyi üzrə bir çox ekspertlərin, tədqiqatçıların diqqət yönəltdiyi məsələlərdən biri də nüvə silahının terrorçu qrupların əlinə düşməsi ehtimalının olmasıdır. Həqiqətən də, nüvə silahının geniş dağıdıcılıq gücünə malik olması bu silahı terrorçu qruplar üçün xeyli cəlbedici edir. Hər hansı bir terrorçu qrupun nüvə silahına malik olması bütövlükdə qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradar. Bütün bunları nəzərə alaraq nüvə silahına malik olan dövlətlər nüvə silahının yaradılması üçün zəruri olan materialların, xüsusilə də, yüksək səviyyədə zənginləşdirilmiş uranın qorunmasına ciddi diqqət ayırırlar. Burada onu da qeyd etmək istərdik ki, dünyada mövcud olan yüksək səviyyədə zənginləşdirilmiş uranın böyük əksəriyyəti əsas nüvə dövlətləri olan ABŞ və Rusiyanın payına düşür. Daha dəqiq desək zənginləşdirilmiş uran bu dövlətlərin hərbi – sənaye kompleksinin xüsusi nəzarəti altındadır. Onu da qeyd edək ki, hələ bir neçə il əvvəl verilən məlumata görə dünyada zənginləşdirilmiş uran ehtiyyatları 38000 nüvə başlığının hazırlanması üçün kifayət edir.
Zənginləşdirilmiş uran ehtiyyatlarının qorunması ilə bağlı nüvə dövlətləri bir – biri ilə yaxından əməkdaşlıq edir. Xüsusilə bu məsələdə son 30 ildə ABŞ və Rusiya arasında formalaşmış əməkdaşlığı misal göstərmək olar. 1991 – ci ildən, SSRİ – dağıldıqdan sonra Rusiyanın zənginləşdirilmiş uran ehtiyyatlarının təhlükəsizliyi problemi ABŞ - ı ciddi narahat etdiyindən rəsmi Vaşinqton rəsmi Moskvaya qeyd olunan materialın qorunması məqsədi ilə Nunn – Luqar Təhdidlərin Azaldılması proqramı çərçivəsində ildə yüz milyonlarla dollar vəsait ayırırdı. Sonralar Rusiyanın maliyyə imkanları yaxşılaşdığından ruslar nüvə ehtiyyatlarının qorunmasını özləri maliyyələşdirməyə başladı.
Eyni zamanda nüvə silahının hazırlanması üçün zəruri olan digər materiallar (plutonium və s.) da nüvə dövlətləri tərəfindən xüsusi qorunur və onların istifadəsinə ciddi nəzarət edilir. Burada bir vacib məqamı xatırlamaq yerinə düşər ki, plutonium zənginləşdirilmiş urandan fərqli olaraq daha çox mülki obyektlərdə saxlanılır və yaxud mülki məqsədlərlə istifadə olunur. Bu da həmin materialın terrorçu qruplar tərəfindən ələ keçirilmə imkanlarını bir qədər artırması ilə bağlı müəyyən təsəvvürlər yaradır. Ancaq bu amili nəzərə alaraq nüvə dövlətləri həmin materialın qorunması ilə bağlı xüsusi təhlükəsizlik tədbirləri həyata keçirirlər. O da qeyd olunmalıdır ki, plutonium kimyəvi maddə olaraq terrorçu qruplar və yaxud dövlətlər tərəfindən də terror məqsədi ilə istifadə oluna bilər.
Nüvə silahının yayılmaması və yaxud terrorçu qrupların əlinə düşməməsi üçün dövlətlər və beynəlxalq təşkilatlar birgə fəaliyyət həyata keçirirlər. Bu fəaliyyətlə bağlı bəzi nümunələri belə qeyd etmək olar : ABŞ-ın rəhbərliyi ilə Yayılmama Təhlükəsizliyi Təşəbbüsü, BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi, 2005- ci ildə qəbul olunmuş nüvə terrorizminə qarşı beynəlxalq konvensiya və s. Beləliklə, dövlətlərin nüvə materiallarının, silahlarının qorunması ilə bağlı ayrılıqda və birgə həyata keçirdikləri təhlükəsizlik tədbirləri terrorçu qrupların nüvə silahı əldə etmək istəklərinin qarşısını xeyli dərəcədə alır. Bununla belə, son zamanlarda beynəlxalq münasibətlərdə gərginliyin, qarşıdurma meyillərinin artması, ayrı – ayrı dövlətlərin terrorçu qrupları açıq və yaxud gizli dəstəkləməsi siyasətinin genişlənməsi, terrorizmin qlobal miqyasda geniş vüsət alması beynəlxalq birliyi, mütərəqqi dövlətləri nüvə silahının, materiallarının qorunması probleminə daha həssas, məsuliyyətli davranmağı tələb edir.
Post soyuq müharibə illərinin ilk dövrlərindən başlayaraq nüvə təhlükəsizliyi məsələsində ən fəal rol oynayan dövlətlərdən biri də dünyanın ən böyük siyasi – iqtisadi, hərbi gücü olan ABŞ – dır. Qısa olaraq son 80 ilin tarixinə nəzər salsaq görərik ki, beynəlxalq siyasətə nüvə silahının gətirilməsi də, bu silahdan ilk və son olaraq hərbi əməliyyatlarda istifadə edilməsi də ABŞ – ın adı ilə bağlıdır. Xüsusilə, soyuq müharibənin ilk dövrlərində Birləşmiş Ştatlar malik olduğu nüvə gücündən əsas rəqibinə qarşı təhdid amili kimi məharətlə istifadə edib. Buna baxmayaraq, soyuq müharibənin sonlarında və post soyuq müharibə dövrünün ilk illərində ABŞ nüvə silahı ilə bağlı tamamilə yeni siyasət həyata keçirməyə başlamışdır. Bu siyasətin əsasında yaranmış yeni beynəlxalq şəraitə uyğun olaraq strateji hücum silahlarının, o cümlədən də, nüvə silahının azaldılması amili dayanmışdır. İstər Klinton, istər kiçik Buş, istərsə də Obama administrasiyası dövründə rəsmi Vaşinqton nüvə başlıqlarının sayını xeyli azaltmışdır. Onu da qeyd edək ki, ABŞ özünün nüvə başlıqlarının ixtisarını SSRİ – nin hüquqi – siyasi varisi olan Rusiya ilə imzaladığı və əvvəl bəhs olunan müqavilələr çərçivəsində reallaşdırmışdır. Beləliklə, ölkənin xarici siyasətində nüvə amilinin rolu soyuq müharibə dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır.
Bununla bərabər, ABŞ soyuq müharibə illərində müxtəlif ölkələrdə (Böyük Britaniya, Almaniya, Belçika, Türkiyə və s.) yerləşdirdiyi nüvə başlıqlarını hələ də həmin ölkələrdə saxlamaqda davam edir. Bir sıra təhlilçilər hələ 1990 – cı illərin əvvəllərində yaranmış yeni beynəlxalq şəraitə uyğun olaraq ABŞ – ın digər ölkələrdə nüvə başlıqları saxlamağa ehtiyacın qalmadığını bildirirdilər. Buna baxmayaraq ABŞ özünə və müttəfiqlərinə qarşı hələ də potensial təhdidlərin mövcudluğu fikrinə əsaslanaraq qeyd etdiyimiz ölkələrdə nüvə başlıqlarını saxlamaqdadır.
Nəticə
Son səksən ilə yaxın dövr ərzində nüvə silahının beynəlxalq münasibətlər sistemində oynadığı rol əsasən dəyişməz olaraq qalıb. Bir tərəfdən nüvə silahına malik
olmaq ayrı – ayrı dövlətlərə böyük, qeyri – adi üstünlük verirsə, digər tərəfdən də onları dünya müharibələrinə səbəb olan addımlar atmaqdan çəkindirir. Təbii ki, nüvə silahının mövcudluğu bütün münaqişələrin qarşısını ala bilməmişdir, ancaq, qeyd etdiyimiz kimi, qlobal miqyasda müharibələrin önlənməsində ciddi rol oynamışdır. Ümumiyyətlə isə, təhlil yazımızın əvvəlində də vurğuladığımız kimi nüvə silahı mahiyyət etibarı ilə paradoksaldır, mövcudluğu bəşəriyyətin təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmaqla bərabər həm də dünya nizamında fəlakətli müharibələri önləyən geostrateji tarazlıq yaradır. Beynəlxalq münasibətlərdə cərəyan edən proseslərin təhlili nüvə silahının hələ uzun müddət qlobal sistemdə “çəkindiricilik” funksiyasını davam etdirəcəyi qənaətinə gəlməyimizə imkan verir. Bütün bunlara baxmayaraq, son illərdə beynəlxalq siyasətdə ziddiyyətlərin, müxtəlif zəminlərdə meydana çıxan münaqişələrin sayının artması nüvə silahından istifadə risklərini də artırır. Xüsusilə də, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi belə riskləri artıran vacib hadisələrdən hesab olunmalıdır. Rusiyanın ehtimal olunan ciddi hərbi uğursuzluqları və digər məqamlar Moskvanın Ukraynada taktiki nüvə silahından istifadə risklərini artırsa da buna qarşı kollektiv Qərbin sərt mövqeyi, Çin kimi tərəfdaşların nüvə avantürasına “isti” yanaşmaması rusları müharibənin daha da təhlükəli istiqamətdə inkişafından çəkindirə bilər.
Nüvə silahı meydana çıxdıqdan sonra dünyanın siyasi və təhlükəsizlik gündəliyini məşğul edən məsələlərdən biri də bu qorxunc silahın yayılmaması problemi olmuşdur. Xeyli sayda dövlətin nüvə silahına malik ola biləcəyi ehtimalı, nüvə sınaqlarının keçirilməsinin intensivliyi və digər siyasi məqamlar ABŞ, SSRİ və Böyük Britaniya kimi dünyanın aparıcı dövlətlərinin 1960 – cı illərin əvvəllərindən nüvə təhlükəsizliyi ilə bağlı birgə konkret addımlar atmasına səbəb olmuşdur. Bu sırada həmin addımlara nümunə olaraq, nüvə sınaqlarını qadağa edən sazişlərin, Nüvə Silahının Yayılmaması Müqaviləsinin və digər sənədlərin imzalanmasını qeyd edə bilərik. Bu vacib sazişlərə əlavə olaraq, ABŞ – SSRİ və ABŞ - Rusiya arasında strateji hücum silahlarının məhdudlaşdırılmasını, nüvə başlıqlarının ləğvini hədəfləyən müqavilələri də qlobal nüvə təhlükəsizliyinin əsas komponentlərindən hesab etmək olar. Burada xüsusilə Nüvə Silahının Yayılmaması Müqaviləsinin üzərində dayanmağa ciddi ehtiyac var. Məhz bu müqavilə nüvə silahı əldə etmək istəyən onlarla dövlətin nüvə iddialarından əl çəkməyə vadar edə bilmişdir. Bu baxımdan, dünya dövlətlərinin mütləq əksəriyyətinin qoşulduğu Nüvə Silahının Yayılmaması Müqaviləsini nüvə təhlükəsizliyini təmin edən əsas hüquqi – siyasi sənəd kimi dəyərləndirsək, fikrimizcə, yanılmarıq. Sözsüz ki, belə bir müqavilənin meydana çıxmasında və indi də effektivliyinin qorunub saxlanmasında böyük dövlətlərin maraqlarının tarazlaşdırılması əsas rol oynamışdır. Bütövlükdə isə, nüvə təhlükəsizliyin əsasında dövlətlərin maraq və davranışları dayanır. Bu səbəbdən də, beynəlxalq münasibətlər sisteminin dəyişkən və anarxik təbiəti, ayrı – ayrı dövlətlərin geostrateji iddiaları nüvə təhlükəsizliyinin mahiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Müəllif: Mətin Məmmədli
siyasi elmlər üzrə fəlsəfə doktoru
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Video
Ən çox oxunanlar