“Əliyar Ağayevin FİFA-da I kateqoriyaya yüksəlməsi 2018-ci ilin yayında mümkündür”. Bunu “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
O, bildirib ki, Ağayevin bu ilin yayında I kateqoriyaya yüksəlməsinə FİFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina icazə verməyib: “Ötən ilə qədər kateqoriya dəyişikliyi iki dəfə olurdu. Lakin artıq bir dəfə - mövsümlərarası fasilədə baş tutacaq. Bu yay komitə üzvləri Ağayevin I kateqoriyaya keçməsinə qarşı deyildilər. Sadəcə, Kollina referimizi daha bir il izləməyi məqsədəuyğun sayıb. Əliyar hələlik beynəlxalq matçlarda özünü yaxşı tərəfdən göstərir. Sonuncu dəfə ötən ay Avropa Liqasında "Gimaraynş" - "Zalsburq" görüşünü idarə edib və yüksək qiymət alıb.
Məmmədov Ağayevin Premyer Liqanın son iki turunda referi kimi təyinat almamasına da aydınlıq gətirib. O, deyib ki, təyinatlar oyun sayı prinsipi ilə verilir: “Əliyarın son iki turda heç bir görüşü idarə etməməsi onun cəzalı olması ilə bağlı deyil. Biz oyun sayını nəzərə alırıq. Hakimlərin oyun praktikasının çox olmasına çalışırıq. Kimdə azdırsa, onlara təyinat veririk. Növbəti turda yüz faiz matç idarə edəcək”.
Qeyd edək ki, Əliyar Ağayev hazırda istedadlar qrupu sayılan II kateqoriaya daxildir.
Paylaş: