“Son oyuna çıxdıq. Qrupdan çıxma şansımız yox idi. Yaxşı oyun sərgiləyərək qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik. Nə isə alındı, nə isə yox. Sonda qapımıza vurulan 3 qolla barışmalı olduq. Amma buradan daha yaxşı nəticə ilə ayrılmaq istərdik”.
Bunu “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Gənclər Liqasının qrup mərhələsində “Roma” ilə keçirdikləri son tur matçından sonra deyib.
Komandasının qrupdakı 6 oyununu dəyərləndirən 35 yaşlı mütəxəssis təcrübə çatışmazlığının hiss olunduğunu bildirib: “Bu aydın məsələdir, yeni xəbər deyil. Ustalıqda bir qədər geri qalırıq. Hər bir matçda qırılma nöqtələri oldu. İlk turdan sonadək analiz etsək, görərik ki, oyunlarımız, ümumilikdə, pis getmirdi. Həmişə qopma nöqtələri olurdu. 5 dəqiqə də, 10 dəqiqə də qopurduq. Hansısa standart və ya təhlükəli vəziyyətdən biz yox, rəqib yararlanırdı. Uşaqlar daha təcrübəli olsaydılar, heyətə daha çox vaxt ayıra bilsəydik, hər bir görüşdən daha sərfəli nəticə ilə ayrıla bilərdik. Bu heyət turnirə 2-3 həftə qalmış yığıldı. Əksəriyyəti yeni oyunçulardır. Yəni belə faktorların nəticələrə təsirinin olduğunu düşünürəm”.
Qeyd edək ki, “Qarabağ” UEFA Gənclər Liqasının qrup mərhələsini 3 xalla sonuncu pillədə başa vurub.//Report
Paylaş: