Ölkədə ən populyar qiymətli kağız olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə sabah növbəti faiz ödənişi həyata keçiriləcək.
“Report” “SOCAR Capital” MMC-yə istinadən xəbər verir ki, investorlara hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1,25 mln. ABŞ dolları vəsait ödəniləcək.
“Faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Azərbaycan Mərkəzi Bankındakı hesabına köçürülüb. Sabah həmin pullar istiqraz sahiblərinin bank hesablarında olacaq və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər”,- deyə şirkətdən bildirilib.
Xatırladaq ki, daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollar həcmində buraxılıb. Oktyabrın 17-dən isə onların təkrar bazarda dövriyyəsinə başlanılıb. Nominal qiyməti 1 000 dolları olan SOCAR istiqrazlarının hər birinin illik gəlirliliyi 5% və yaxud ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri 3 aydan bir olmaqla, ildə 4 dəfə həyata keçirilir.
Bu, SOCAR istiqrazları üzrə sayca dördüncü faiz ödənişidir. Əvvəlki faiz ödənişləri 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində baş tutub. Oktyabrın 17-də həyata keçiriləcək faiz ödənişini də nəzərə aldıqda, SOCAR istiqrazlarının sahibləri indiyə qədər 5 mln. dollar qazanmış olacaqlar. Bununla da, SOCAR istiqralarının 5 il ərzində gətirəcəyi 25 mln. dollarlıq dollarlıq qazancın ilk 5 mln.-u sabah istiqraz sahiblərinin hesablarına köçürülmüş olacaq.
İstiqrazlar üzrə əməliyyatların şəffaflığı və rahatlığı, eləcə də, faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslərdə onlara böyük maraq formalaşdırıb. Olduqca sərfəli şərtləri və yüksək gəlirliliyi nəticəsində SOCAR istiqrazları dövriyyədə olduğu bir il ərzində Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağızına çevrilib. Hazırda istiqrazlar ölkənin fond bazarında həm əhali, həm də şirkət və təşkilatlar tərəfindən ən çox alınan qiymətli kağızlardır. Fiziki şəxslərlə yanaşı, özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.
SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu, təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlər sayılır. Bu xüsusiyyətlərlə SOCAR istiqrazları hazırda ölkəmizdə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib.
SOCAR İstiqrazlarının buraxılmasında məqsəd əhalinin istifadəsiz saxladığı vəsaitləri iqtisadiyyata, o cümlədən SOCAR-ın həyata keçirdiyi layihələrə cəlb etmək, gəlirləri birbaşa əhali ilə bölüşmək və qiymətli kağızlar bazarının inkişafına dəstək olmaqdır. İstiqraz buraxılışından əldə olunan vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib.
Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR istiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar “ASAN Xidmət”in 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər.
Paylaş: