Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli qanununa və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2002-ci il tarixli fərmanına əsasən, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini hər il hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 6 iyun 2018-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti üç il üçün ölkənin iqtisadi və sosial inkişafının proqnozlarının hazırlanmasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılıb. İyunun 23-də Bakı Biznes Mərkəzində Komissiyanın iclası keçirilib.
İclasda İqtisadiyyat naziri Şahin Mustafayev son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər və kompleks islahatların mühüm əhəmiyyətini vurğulayıb, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora təşviq mexanizmlərinin tətbiqinin genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, məqsədyönlü islahatlar nəticəsində dayanıqlı sosial-iqtisadi inkişaf təmin olunub, 2018-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM 1.1%, qeyri-neft sektoru 1.9%, qeyri-neft sənayesi 8.1% artıb.
Komissiyanın iclasında ölkənin iqtisadi və sosial inkişafının proqnozlarının hazırlanmasında aidiyyəti orqanların fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib, Komissiya üzvlərinin tövsiyə və təklifləri dinlənilib.
Tədbirdə proqnozların hazırlanaraq Komissiyaya təqdim edilməsi barədə aidiyyəti tapşırıqlar verilib.
Paylaş: