"Bir neçə aydan sonra "Aİ-92" markalı benzinin də qiyməti arta bilər"
Xəbər verildiyi kimi, Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti növbəti dəfə bahalaşıb. Müvafiq dəyişikliyə əsasən, "Premium" markalı benzinin qiyməti 0,4 (25 faiz) manat artaraq, 2 manata yüksəlib.
Bəzi ekspertlər bu bahalaşmanı dünya bazarında baş verən qiymət artımlarıyla izah edirlər. Qeyd olunur ki, “Aİ-95” markalı benzinin ölkəmizdə istehsal olunmaması və xarici bazarda məhsulun idxal dəyərinin artması, ölkədəki satış qiymətlərinə də təsir göstərib.
Məlumat üçün qeyd edək ki, "Aİ-95" markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Ölkəyə bu markalı benzin əsasən, SOCAR-ın törəmə şirkəti olan "SOCAR Petroleum" tərəfindən gətirilir. Benzinin satış qiyməti isə hökumətin nəzarəti altında SOCAR-ın istəkləri əsasında formalaşır.
Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli "AzPolitika.info"-ya şərhində bildirib ki, "Aİ-95" markalı benzinin bahalaşması inflyasiyanın artmasına səbəb olmasa da, istehlakçılara təsir edəcək: "Benzin istehlakının strukturuna əsasən, avtomobil sahiblərinin təqribən 9-10 faizi "Aİ-95" və "Aİ-98" markalı benzin, 90 faizi isə "Aİ-92" markalı benzindən istifadə edir. "Aİ-95" markalı benzin kənd təsərrüfatında və yük daşımalarda istifadə olunmadığı üçün digər sahələrdə qiymət artımlarına səbəb olmayacaq. Ancaq sözsüz ki, bu benzini istehlak edən insanlar qiymət artımını hiss edəcəklər".
Ekspert qeyd edib ki, mətbuata sızdırılan məlumatlara görə, hökumət "Aİ-92" markalı benzini xaricdən baha qiymətə alsa da, əhaliyə ucuz satır: "Neft Emalı Zavodunun yenidən qurulmasıyla əlaqədar bu ildən "Aİ-92" markalı benzin də xaricdən idxal olunur. Hökumət benzini xaricdən baha qiymətə alıb, əhaliyə ucuz satır. Bildiyiniz kimi, "Aİ-92" markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Əslində, "Aİ-95" və "Aİ-98" markalı benzinlə "Aİ-92" markalı benzin arasında iki dəfəyədək qiymət fərqinin olması məntiqə uyğun deyil. Ola bilər ki, hökumət "Aİ-92" markalı benzinin qiymətinin bahalaşmasını bir müddət ləngidəcək. Ancaq qlobal bazarda neftin qiyməti uzun müddət 100 dollardan baha qiymətə satılsa, bir neçə aydan sonra "Aİ-92" markalı benzinin qiymətinin də bahalaşdığını görə bilərik".
Bir çoxları dünya ölkələri ilə müqayisədə Azərbayanda "Aİ-95" markalı benzinin satış qiymətinin çox ucuz olduğunu bildirirlər. Qeyd olunur ki, qonşu Gürcüstanda “Aİ-95” markalı benzinin qiyməti 1,34 dollar (2,27 manat), Türkiyədə 1,46 dollar (2,48 manat), Avropa ölkələrindən - Rumıniyada 1,68 dollar (2,85 manat), İsveçrədə isə 2,36 dollar (4,01 manat) təşkil edir. Ancaq onu da qeyd edək ki, sözügedən Avropa ölkələrilə müqayisədə Azərbaycanda benzinin qiyməti ucuz olsa da, əhalinin gəlirlərini və alıcılıq qabiliyyətini nəzərə aldıqda, bu müqayisənin yersiz olduğu görünür. Belə ki, ölkəmizdə minumum əmək haqqının 300 manat olduğunu nəzərə alsaq, vətəndaşlar bu məbləğə ay ərzində cəmi 150 litr "Aİ-95" markalı benzin ala bilərlər. Türkiyədə bu göstərici 259 litr, Almaniyada 745 litr, Rumıniyada 328 litr, Yunanıstanda 378 litr, Holandiyada 775 litr, Portuqaliyada 445 litr, İngiltərədə 1107 litr, İspaniyada 603 litr, Polşada 524 litr, Bolqarıstanda 279 litr, Macarıstanda 417, Çexiyada isə 450 litrdir. Hətta nefti və qazı olmayan və bir çoxlarının Azərbaycandan kasıb hesab etdiyi Gürcüstanda belə bu göstərici bizdəkindən yüksəkdir – 167 litr. Yəni bu, onu göstərir ki, bu məsələdə benzinin qiymətinin ucuz olmasından daha çox əhalinin alıcılıq qabiliyyətini nəzərə almaq lazımdır...
İqtisadçı Samir Əliyev yazır ki, Azərbaycanda yanacağın qiymətini xarici ölkələrlə müqayisə edəndə iki meyar əsas götürülməlidir: “Birinci meyar kimi neft ixrac edən ölkələr, ikinci meyar kimi inkişaf etməkdə olan ölkələr seçilməlidir. Yalnız bu halda bizdə yanacağın qiymətinin başqa ölkələrdən “nə qədər ucuz olduğu” iddiasını irəli sürmək mümkündür. Reallıq isə qiymətləri artıran Azərbaycan hökumətinin xeyrinə deyil. Aİ-92-nin və dizelin qiymətləri rəsmən, Aİ-95 və Aİ-98-in qiymətləri qeyri-rəsmi tənzimlənir. Neft-qazın bahalaşması ölkəyə əlavə milyardlar qazandırdığı halda hökumət bir neçə milyonu yanacağa hədiyyə etmək istəmir.
Qazaxıstanda Aİ-95 markalı benzinin litri 40 sentə, Rusiyada 85 sentə təklif olunur. Küveytdə qiymət 30 sent, Səudiyyə Ərəbistanında 60 sentdir. Mən hələ İranı, Venesuelanı, Anqolanı, İraqı, Nigeriyanı demirəm.
Benzinin litri 2,4 avro olan Norveçlə, 2,3 avro olan Niderlandla, 1,4 dollar olan ABŞ-la müqayisə uğurlu deyil. Çünki onlar inkişaf etmiş ölkələrdir və adamların qazancı Azərbaycanda dəfələrlə yüksəkdir”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirir ki, Tarif Şurası bir neçə ildir “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və onu siyahısından çıxarıb: "Problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar. Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir. Əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik. SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir".
Ekspert digər markalı benzin növlərinin bahalaşması məsələsinə də toxunub: “İndiki qiymət artımı və inflyasiyanı nəzərə alsaq, nə dizel, nə də "Aİ-92" markalı benzini bahalaşdırmaq düzgün olmazdı. Bu baş verərsə, növbəti kəskin inflyasiya ilə üzbəüz qalacağıq. Dizel yanacağının qiyməti qalxsa, digər sahələrdə də bahalaşma görə bilərik”.
"AzPolitika.info"
Paylaş: