Xəbər lenti

Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar başlayan gündən Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq, 1000 kubmetri 560 dollardan 700 dollara yüksəlib.

Hərbi əməliyyatların davam etməsinə baxmayaraq Rusiya Ukrayna ərazisindən hələ də Avropaya qaz ixrac edir. “Qazprom”un açıqlamasına görə, əvvəlki illərdən fərqli olaraq Avropaya qaz ixracının həcmi 10 dəfə azalıb. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə isə ötən il Rusiyanın qaz ixracı 60 faiz azalıb və Avropaya cəmi 25 milyard kubmetr qaz ixrac olunub. Agentlik 2024-cü ildə də Rusiyanın Avropaya qaz ixrac edəcəyini proqnozlaşdırıb. Lakin əsas məsələ Avropa İttifaqının (Aİ) Rusiya qazından tamamilə imtina etməsidir.

“Bloomberg” yazır ki, 2025-ci ildə Rusiya ilə Aİ arasında qaz ixracı haqqında əldə olunan razılaşmanın vaxtı bitir və Aİ ilə Ukrayna sazişi uzatmaq niyyətində deyil. Bu barədə Ukrayna hökumətinin saytı yazır ki, “Kiyev sazişi uzatmaq üçün Moskva ilə razılaşmaq niyyətində deyil”. “Bloomberg”in enerji üzrə mütəxəssisi Havyer Blas qeyd edir ki, artıq qışın ortasıdır və Avropanın qaz anbarları 97 faiz dolu olduğu üçün bu il dərin böhran müşahidə edilməyəcək. Lakin gələn 2025-ci ilin fevralında Aİ məsələni gündəliyə çıxaracaq və martın 3-də Rusiyadan qaz ixracı tamamilə kəsiləcək. Odur ki, Aİ alternativ mənbələrdən təbii qaz ixracının artırılması üçün hərəkətə keçir.

Avropa üçün alternativ mənbə Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz”, “Ümid”, “Abşeron”, Türkmənistanın “Yeloten Osman” (7 trilyon kub metr qaz ehtiyatı var) və 675 milyard kub metr qaz ehtiyatı olan “Yaşlar” yataqlarıdır.

Azərbaycan 2021-ci ilin iyulunda Aİ ilə imzaladığı müqaviləyə əsasən 2027-ci ilə kimi Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz ixracının həcmini 20 milyard kubmetrə çatdıracaq. Həmin il (2021-ci il) Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdisə, ötən il ixracın həcmi 11,5 milyarda çatıb. Bununla yanaşı, Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək bazara çıxarılması gözlənilir.

Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonuna kimi Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr qazın sərbəstləşməsinə səbəb olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yalnız təbii qaz ixrac etməklə deyil, həm də tranzit ölkə kimi iştirak edəcək. Bunun üçün Azərbaycan böyük infrastruktura malikdir. Bakı-Tbilisi-Ceyhan, Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizini təşkil edirlər. Bu gün Azərbaycan məhz bu kəmərlər vasitəsi ilə Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya və digər Şərqi Avropa ölkələrinə təbii qaz ixrac edir.

Beynəlxalq Enerji Agentliyinin analitiki Hergel Molnar Avropada qaz böhranına toxunaraq nəzərə çatdırıb ki, Aİ təbii qaz hasilatına və nəqlinə daha çox sərmayə yatırmalıdır. Əks halda Avropanı təbii qaz ilə təhlükəsiz şəkildə təmin etmək mümkün olmayacaq. Məsələyə bu kontekstdə yanaşdıqda Transxəzər qaz kəmərinin çəkilişinin nə qədər aktual olduğunu görərik. Türkmənistan qazı bu kəmərlə Azərbaycana, buradan isə Avropaya nəql olunar. Azərbaycanın enerji daşıyıcılarına Avropanın ehtiyacı hər ötən il daha çox artır.

Azərtac




Ana səhifəyə qayıt        Baxış: 4 577          Tarix: 29-01-2024, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma