Xəbər lenti

 

 Heydər Oğuz

Bu zamana qədər heç fikir verməmişdim, indi almanı ikiyə böləndə fərqinə vardım. Sən demə, almalarda 5 çəyirdək olurmuş və onlar meyvənin mərkəzində elə simmetrik yerləşirlərmiş ki, almanı ortadan böləndə SSRİ-nin 5-guşəli nişanı ortaya çıxırmış.

Bəlkə də hamınıza bəlli olan bu həqiqəti mən bu gün kəşf etdim. Və Allaha şükr etdim ki, yaxşı ki, Karl Marksı dindar yaratmayıb. Yoxsa kommunist təbliğatı 70 il ərzində alma dənələri ilə 5-guşəli sovet ulduzu arasında ilahi hikmət arayar, beynimizi əməlli-başlı xarab edərdilər. Yəqin ki, bizim mövhumatçı xalqımız da bu sosialist-teoloji nəzəriyyələrə inanar, Marksizm dini əsrlər boyu boynumuzda boyunduruğa çevrilərdi.

Yaxşı ki, sovet hakimiyyəti illərində Zahid Oruc, Şiyavuş Novruzov, Aqil Abbas kimi YAP dühaları da yetişməyib. Yoxsa, indiyə qədər almaya nə elmi əsərlər yazılardı, Allah bilir.

Yaxşı ki, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və s. kimi sovet şairləri ömürlərində bir dəfə də olsun, almanı mənim kimi üfüqi kəsməyiblər. Yoxsa, biz - sovet məktəbliləri universitetə girmək üçün neçə-neçə “Alma” poemaları əzbərləmək məcburiyyətində qalardıq.

Yaxşı ki, bugünkü başqa gözdə tük axtaran ədəbi tənqidçilərimiz də o vaxt yox idi. Yoxsa, “Alma almaya bənzər” bədii filmini çəkənlər və ssenari müəllifi dənəsiz alma ideyası irəli sürdüklərinə görə sovet hakimiyyətini devirmək maddəsi ilə Sibirə göndərilərdilər.

Və yaxşı ki, Türkiyənin hakim dairələri Azərbaycan kinosunu, o cümlədən "Alma almaya bənzər"i izləməyiblər. Yoxsa, FETÖ-nün əsaslarının hələ 50 il bundan qabaq Azərbaycan sovet kinomatoqrafiyaçıları tərəfindən qoyulduğu iddia edərdilər və iki qardaş dövlət arasındakı münasibətlər büs-bütün pozulardı.

Almanı bu gün üfüqi kəsəndə Allahın necə böyük məharətlə bizi hifz etdiyinin fərqinə vardım.

 




Ana səhifəyə qayıt        Baxış: 1 553          Tarix: 10-10-2018, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma