Bu il “SOCAR Polymer” kompleksinin ümumi istehsal həcmi 220 min ton təşkil edəcək, sonrakı illərdə isə 300 min tona çatdırılacaq.
“Report” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib.
O məlumat verib ki, “SOCAR Polymer” kompleksində istehsal olunan polipropilen məhsulu bu gün Türkiyə və Ukraynaya ixrac edilir.
SOCAR prezidentinin sözlərinə görə, gələcəkdə məhsulun MDB və Avropa ölkələrinə də ixrac edilməsi nəzərdə tutulur: “Hazırda, əsasən, avtomobil və dəmir yolu vasitəsilə nəql olunan polimer məhsullarının gələcəkdə, həm də dəniz yolu ilə ixrac edilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, "SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. İlkin olaraq 170 ton məhsul Türkiyə bazarına ixrac olunub. Məhsulun ixracını SOCAR-ın ticarət qolu - “SOCAR Trading” şirkəti həyata keçirir.
Paylaş: