Xəbər lenti

 

Novruz Məmmədov Baş nazir vəzifəsindən azad edildikdən sonra Nazirlər Kabinetində müavin postlarında da əvəzlənmələrin olacağı gözlənilir. 

Yeni Baş nazir Əli Əsədovun ilk işi müavinlərinin əvəzlənməsi istiqamətində atacağı addımlar ola bilər. Hazırda Baş nazirin dörd müavini var: Yaqub Eyyubov (birinci müavin), Əli Həsənov, Əli Əhmədov və Hacıbala Abutalıbov.

Yaqub Eyyubov 10 iyul 1999-cu ildən 2003-cü ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb. 13 fevral 2003-cü ildən isə Baş nazirin birinci müavinidir. Beləliklə, 74 yaşlı Yaqub Eyyubovun Nazirlər Kabinetində müavinlik karyerasi nə az nə çox, düz 20 illik bir müddəti əhatə edir. 

Uzun müddət Baş nazirin müavini vəzifəsində çalışanlardan biri də Əli Həsənovdur. O, 21 ildir ki, Baş nazirin müavinidir. 71 yaşlı Əli Həsənov bu vəzifəyə 18 noyabr 1998-ci ildə təyin edilib.

Baş nazirin digər müavini Əli Əhmədov isə 6 ildir bu vəzifədədir. Əli Əhmədov 22 oktyabr 2013-cü il bu posta təyinat alıb. O, həm də müavinlər arasından ən cavanıdır. Əli Əhmədovun 66 yaşı var.

Nazirlər Kabinetində ən az müavinlik stajı olan isə Hacıbala Abutalıbovdur. 75 yaşlı Hacıbala Abutalıbov 21 aprel 2018-ci ildən Baş nazirin müavinidir.

Bəzi mülahizələrə görə, müavinlərin əvəzlənməsi Əli Həsənovla Hacıbala Abutalıbovun istefaya göndərilməsi ilə başlana bilər. Hər iki şəxs kifayət qədər yaşlıdır. Digər tərəfdən Əli Həsənovun nəvəsi ilə qalmaqal hələ də yaddaşlardan silinməyib. O, hər dəfə hansısa məsələ barədə fikir bildirərkən nəvəsi ilə bağlı qalmaqal gündəmə gətilir və nəticədə bütövlükdə hakimiyyət hədəfə gətirlir. Ona görə də mümkündür ki, ilk olaraq Əli Əsədovun 71 yaşlı adaşı vəzifəsi ilə vidalaşsın. 

Hacıbala Abutalıbova gəlincə, o, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olarkən fəal məmur imicinə malik idi. Əlbəttə Hacıbala Abutalıbovun bu imici heç də işinin öhdəsindən bacarıqla gələn, xalqı düşünən yaxşı məmur olması anlamına gəlmir. Amma hər halda Hacıbala Abutalıbov səlahiyyətinə aid olan məsələlərə fəal şəkildə müdaxilə edir, vaxtaşırı mediaya açıqlamalar verir, paytaxtın rəhbəri kimi mövcudiyyətini nümayiş etdirirdi.  Sadəcə  Baş nazirin müavini olduqdan sonra isə onun fəal məmur imici darmadağın olub. Bu, bəlkə də onun ikinci olmağa alışmadığından irəli gəlir. Fəqət, onun passivliyi hökuməti qane etməyə bilər. Hacıbala Abutalıbovun yaşı da onun ziyanına işləyir.

Əli Əhmədovla Yaqub Eyyubova gəlincə, onların əvəzlənəcəyi o qədər də inandırıcı görünmür. Əli Əhmədov həm də YAP icra katibinin müavinidir, aktiv siyasətlə məşğuldur. Hakimiyyətə ünvanlanan ittihamları vaxtaşırı cavablandıran şəxsdir. Baş nazirin müavini vəzifəsi isə onun ciddiyyətini daha da artıran amildir.

Yaqub Eyyubov hələlik birinci müavinlik üçün ən optimal fiqur hesab edilir. İntriqadan uzaq olduğu deyilən Yaqub Eyyubovun həm də bacarıqlı məmur olduğunu iddia edirlər. Bu keyfiyyətləri onun karyerasının ömrünü bir qədər də uzada bilər. \\Yenisabah.az




Ana səhifəyə qayıt        Baxış: 606          Tarix: 9-10-2019, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma