Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Milli Elmlər Akademiyasının Fəxri Diplomu ilə təltif edilib.
Ovqat.com-un məlumatına görə, mükafatı Samir Abbasova akademiyanın Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktoru, tanınmış alim, professor Nizaməddin Mahmudov şəxsən çatdırıb.
Bildirilir ki, fəxri diplomun təqdim olunduğu toplantı dünən Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunun təşəbbüsü ilə keçirilib. Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələr, bu çərçivədə həyata keçirilən layihələr və perspektivlərin müzakirə olunduğu toplantıda ölkənin bir çox alimləri, tədqiqatçıları iştirak ediblər.
Toplantını Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov açaraq, iki ölkə - Azərbaycan və Özbəkistan arasında mövcud elmi-ədəbi əlaqələr haqqında məlumat verib, ötən illər ərzində bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılmasında, təbliğində Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm rol oynadığını və Mərkəzlə Özbəkistanın müvafiq qurumlarının əməkdaşlıq etməsinin təqdirə layiq olduğunu deyib. Çıxışının sonunda Nizaməddin Mahmudov Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova fəxri diplomu təqdim edib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək görülən işlərə qiymət verdiyi üçün Özbəkistan Milli Elmlər Akademiyasına öz təşəkkürünü bildirib.
Diplomat çıxışında ötən ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfinən “Nəsimi ili” elan olunduğunu, bu istiqamətdə dünyada, o cümlədən Özbəkistanda da çoxsaylı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, qeyd edib ki, ötən il Azərbaycan-Özbəkistan münasibətləri, mədəni əlaqələrin inkişafı istiqamətində uğurlu olub, Türk Şurasına üzv Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə Özbəkistanın prezidentinin iştirakı və qardaş ölkənin təşkilata üzv olması əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edib.
Samir Abbasov ötən illər ərzində Azərbaycan ədəbiyyatının klassiklərinin, şair və yazıçılarının əsərlərinin özbək dilində nəşr olunduğunu, tarixdə ilk dəfə olaraq dahi Nizami Gəncəvinin “Xəmsə” əsərinin Özbək dilinə tərcümə edilərək nəşr edildiyini, Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca lüğəti”nin işıq üzü gördüyünü söyləyib.
Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin 2020-ci il üzrə prioritetlərini də açıqlayıb. O, bu il dahi şairlərimiz Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir əsərlərinin özbək dilinə tərcümə edilməsi layihəsinin həyata keçiriləcəyini, Özbəkistanın Xivə şəhərinin Türk mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistan, Azərbaycan və Türk Şurası ölkələrinin şairlərinin iştirakı ilə poeziya günlərinin keçiriləcəyini bildirib.
S.Abbasov həmçinin deyib ki, Özbəkistanın gənc tədqiqatçıları üçün Azərbaycanın elm müəssisələri, ali məktəblərinin elan etdiyi beynəlxalq təhsil proqramları, qrant proqramları haqqında məlumat verib, özbək gənclərinin bu proqramlarda yaxından iştiraka dəvət edib.
Mərkəzin direktoru bu mövzularda Özbəkistan alimlərinin, gənc tədqiqatçıların suallarını cavablandırıb.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi adından Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutuna Mərkəzin layihəsi ilə yeni çapdan çıxan, azərbaycanlı alim Qulamhüseyn Əliyevin “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” kitabını və Azərbaycan xalqının zəngin mədəniyyətini və istedadını nümayiş etdirən unikal “İrəvan xalçaları” kitabını hədiyyə edib.
Paylaş: