Moskva şəhərinin rəsmiləri koronavirus epidemiyasının yayıldığı ölkələrə səfər etdikdən sonra öz evlərində iki həftə müddətində karantinə əməl etməyən insanların 5 ilə qədər həbs cəzası ilə qarşılaşa biləcəyinə dair xəbardarlıq edib.
Şəhər rəhbərliyi tərəfindən “yüksək hazırlıq rejimi” elan edilib və xəstəliyin Rusiya paytaxtında yayılmasının qarşısının alınması məqsədilə bir sıra əlavə tədbirlər görülüb.
Moskva meriyasının bildirdiyinə görə, Çin, Cənubi Koreya, İran, Fransa, Almaniya, İtaliya, İspaniya və koronavirusun yayılması əlamətlərinin mövcud olduğu digər ölkələrdən qaydan şəxslər 14 gün müddətində öz evlərində karantində qalmalıdır.
Moskva şəhər səhiyyə idarəsi bazar günü bildirib ki, karantin qaydalarına əməl etməyənlər 5 ilə qədər həbs cəzası daxil olmaqla, ciddi cəza riski ilə qarşılaşa bilərlər.
Səhiyyə idarəsi karantinə əməl olunmasının qapalı müşahidə kameraları vasitəsilə izləniləcəyini bildirib.
Öz evlərində karantində olan şəxslərin küçədə insanların az olduğu zaman maska taxması istənilərək, itlərin gəzdirilməsi kimi müstəsna hallarda küçəyə çıxmasına icazə verilir.
Moskva meriyası martın 5-dən koronavirus epidemiyası ilə əlaqədar olaraq “yüksək hazırlıq rejimi” tətbiq edib. Həmin gündən etibarən qeyd edilmiş yeddi ölkədən qayıdan şəxslər öz evlərində təcili yardım mərkəzinin nümayəndələri tərəfindən ziyarət edilir. Təhlillər götürüldükdən sonra həmin şəxsin 14 gün müddətində özünü təcrid haqda sənədə imza atması tələb olunur.
Karantinə dair sənəd Moskva şəhərinin dövlət baş sanitar həkimi tərəfindən imzalanıb.
Rusiyada indiyə qədər koronavirusa 15 yoluxma halı təsdiq edilib. Martın 6-da bir gün ərzində altı yeni koronavirusa yoluxma halı qeyd edilib. (amerikaninsesi)
Paylaş: