Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.
Ovqat.com Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahına istinadən xəbər verir ki, bu məqsədlə martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin olunacaqdır.
Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.
İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcəklər. Xatırladırıq ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib.
Azərbaycan Respublikası ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ünvanı:
Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16
Telefon:
(+98 910) 559 56 10 (+9821) 22 55 82 99 (+9821) 22 55 42 55
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun ünvanı:
Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9
Telefon:
(+98 902) 095 13 83
(+98413) 333 48 02/04
****
Nazirlər Kabinetinin yanında operativ qərargahının bu gün yaydığı digər məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Bildirilir ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb: “İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə 29 fevral saat 16.00-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.
İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.
Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.
Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır.
Paylaş: