Xəbər lenti

 
İki gündür Ermənistanla Azərbaycan bir-birinin mövqelərinə qarşılıqlı artilleriya zərbələri endirir. Nəticədə iki ölkə arasında onilliklərdir davam edən münaqişə yenidən qızışıb. Zorakılığın artması Azərbaycan tərəfdən dörd nəfərin ölümünə səbəb olub.
 
Ovqat.com xəbər verir ki, Fransanın “Le Figaro” qəzeti bugünkü sayında Tovuz rayonunun Ermənistanla sərhəddindən baş verən döyüşlərə həsr etdiyi məqaləsində belə yazıb.
 
 
Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var” sərlövhəli məqalədə bildirilir:
 
“Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycanın bu iki keçmiş Sovet respublikasının sərhədində yerləşən Tovuz rayonunda bazar günü 3, bazar ertəsi isə 1 əsgər həlak olub.
 
Ermənistan Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, ötən gündən başlamış qarşılıqlı artilleriya zərbələrinin ardından, Azərbaycan tərəfi bazar ertəsi səhərdən erməni mövqelərini top atəşinə tutub. Nazirlik Ermənistan tərəfinin itkiləri haqda məlumat vermir.
 
Yerevanla Bakı döyüşün başlamasında qarşılıqlı olaraq bir-birini günahlandırır. Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında “bu təxribatların cavabsız qalmayacağını” bildirib. Ermənistanın müdafiə naziri David Tonoyan isə “lazım gələcəyi təqdirdə düşmənin ərazisində mövqe tutmağa hazır olduqlarını” deyib.
 
Sabitliyin pozulduğu Qafqaz bölgəsi
 
Rusiya tərəfindən idarə olunan, Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş verənləri müzairə etmək üçün toplanacağı bildirilir. Azərbaycan rəhbərliyi Yerevanı məhz bu hərbi-siyasi bloku münaqişəyə cəlb etməyə çalışmaqda ittiham edir.
 
Bu arada, Türkiyə Xarici İşlər Nazirliyi müttəfiqi olan türkdilli Azərbaycana dəstəyini ifadə edib. “Türkiyə öz ərazi bütövlüyünü qorumaq istiqamətindəki fəaliyyətində Azərbaycanın yanında olacaq”, - deyə ölkənin xarici işlər naziri bildirib.
 
Görünən odur ki, Ermənistanla Azərbaycan arasında açıq müharibə Rusiya və Türkiyənin xüsusi geostrateji maraqlarının olduğu Qafqaz regionunda sabitliyi poza bilər.
 
Ermənistanla Azərbaycan Dağlıq Qarabağa (əhalisinin əksəriyyəti ermənilərdən ibarət bu bölgə Sovet dövründə Azərbaycanın tərkib hissəsi olub) nəzarət uğrunda 1990-cı illərdən münaqişə vəziyyətindədir. Bölgə 1991-ci ildə Ermənistanın dəstəyilə özünü birtərəfli qaydada müstəqil elan edib. Bu, Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olub. Tərəflər arasında müharibə 1994-cü ildə atəşkəs sazişinin imzalanmasınadək davam edib. Savaş 30 min insanın həyatına son qoyub.
 
Atəşkəs sazişinə baxmayaraq, bu bölgə ətrafında silahlı qarşıdurmalara tez-tez rast gəlinir. Ermənistan-Azərbaycan sərhədində döyüş isə nadir hadisədir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 634          Tarix: 13-07-2020, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma