Xəbər lenti

 
Qazaxıstan
 
“Qazaxıstan Respublikası Ermənistan-Azərbaycan sərhədində insan itkisi ilə nəticələnən silahlı insidentdən dərin narahatdır”.
 
APA xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
 
Qazaxıstan XİN tərəfləri təmkinli davranmağa çağırıb:
 
“Biz dost Azərbaycan Respublikasını və Ermənistan Respublikasını təmkinli olmağa və mübahisəli məsələlərin həlli üçün güc tətbiq etməkdən yayınmağa çağırırıq.
 
COVID-19 pandemiyası və dünyada pisləşən sosial-iqtisadi vəziyyət fonunda qarşıdurmanın daha da kəskinləşməsi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər.
 
İlk növbədə sülh və razılaşmanın ikitərəfli formatda mümkün qədər tez əldə olunacağına ümidvar olduğumuzu bildiririk. Münaqişənin BMT, ATƏT, MDB və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə platformaları da daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində sülh yolu ilə həlli yollarının axtarılmasına hər cür töhfə verməyə hazırıq”.


Ukrayna:
 
"Ukrayna Xarici İşlər Nazirliyi (XİN) iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşindən istifadə edilməsi ilə nəticələnən gərginliyə görə dərin narahatlığını ifadə edir".

APA xəbər verir ki, bu barədə Ukrayna XİN-in bəyanatında bildirilib.

Qeyd edilib ki, Ukrayna münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır:

"Münaqişə tərəflərini vəziyyətin de-eskalasiyası üçün bütün səyləri göstərməyə və münaqişənin dinc yolla beynəlxalq hüququn qəbul edilmiş prinsipləri və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 822,  853, 874 və 884 saylı qətnamələri əsasında bütün səyləri göstərməyə çağırırıq. Ukrayna tərəfi vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır".
 
 
Gürcüstan: 
 
Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində  baş vermiş gərginliklə əlaqədar Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb.
 
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, söhbət zamanı Gürcüstanın XİN başçısı Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlikdən və itkilərdən dərin narahatlıq keçirdiyini ifadə edib.
 
Nazir qeyd edib ki, gərginlik azaldılmalı, hərbi əməliyyatlar dayandırılmalı və tərəflər arasında barışıq əldə edilməlidir. 
 
D.Zalkaliani vurğulayıb ki, bütün regionda sülh və stabilliyin təmin olunması olduqca önəmlidir və beynəlxalq səylərlə qısa vaxt ərzində gərginliyin aradan qaldırılacağına ümidvardır.




Ana səhifəyə qayıt        Baxış: 3 590          Tarix: 14-07-2020, 00:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma