ABŞ-la Türkiyə arasında Zarrab məsələsiylə bulanan sular durulmaq bilmir.
Ovqat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən başlayan məhkəmə sənədlərində şahid kimi görünən iki şəxs İstanbul Respublika Prokurorluğu tərəfindən göz altına alınıb.
Şübhəlilərdən biri ana müxalifət partiyası CHP-nin keçmiş millət vəkili Aykan Erdemirdir. Digəri isə bir vaxtlar Halk Bankın maliyyə sənədlərini araşdıran müfəttiş Osman Zəki Canıtezdir.
Şübhəlilər ABŞ məhkəməsinə saxta sənədlər təqdim etməkdə və FETÖ-yə üzv olmaqda günahlandırılırlar.
Qeyd edək ki, 2014-cü ilin ilk ayında Türkiyənin hüquq mühafizə orqanlarına sızdığı iddia edilən FETÖ qruplaşması korrupsiya iddiası ilə bəzi rəsmilər və onların ailə üzvləri haqqında cinayət işi açmış və Zarrab da daxil olmaqla xeyli insanı şübhəli qismində saxlamışdı. Türkiyə siyasi iradəsi bu əməliyyatın heç bir qanuni əsasa söykənmədiyini, siyasi xarakter daşıdığını və hakimiyyət çevrilişinə cəhd olduğunu iddia etmiş, cinayət işini açanların özlərini cəzalandırmışdı. Məhz bundan sonra başlayan FETÖ-ya qarşı mübarizə əməliyyatları getdikcə böyümüş, ötən il 15 iyul çevriliş cəhdiylə qanlı hesablaşmaya qədər uzanmışdı.
İstanbul Respublika Prokurorluğunun yaydığı məlumata əsasən, 2014-cü ildə baş tutmayan FETÖ əməliyyatı daha sonra ABŞ-a daşınmış və indiki Zarrab məhkəməsinin iddianaməsini meydana gətirmişdir. Bu gün həbs olunan həmin iki şəxs isə 2014-cü ildə açılan cinayət işi sənədlərini ABŞ məhkəməsinə təqdim etmiş, Türkiyə əleyhinə şahid qismində prosesdə qatılmışdır.
Əvvəl Rza Zarraba qarşı ittihamla başlayan, daha sonra İran əsilli iş adamını müttəhimliyinə xitam verən məhkəmə şahidlərinin İstanbulda həbsi onsuz da yaxşı olmayan ABŞ-Türkiyə münasibətlərini daha çox gərginləşdirə bilər. İstanbul Respublika Prokurluğu bu addımıyla ABŞ-da yürüdülən prosesin əsas şahidlərinin azadlıqlarını məhdudlaşdırmaqda və məhkəmə istintaqının davam etməsini əngəlləməyə çalışmaqda ittiham oluna bilər.
Paylaş: