Dünən Cənubi Azərbaycanın paytaxtı Təbrizdə keçirilən etiraz aksiyalar barədə məlumat vermişdik.
Bu gün Ovqat.com-un əldə etdiyi video-görüntülər Şah İsmayıl yurdu Ərdəbildə də bənzər aksiyaların keçirildiyindən xəbər verir.
Ərdəbildəki aksiyalar Təbrizdəki qədər möhtəşəm olmasa da, etiraz dalğasının getdikcə bütün Cənubi Azərbaycanı bürüdüyünü göstərmək baxımından əhəmiyyətlidir.
Ərdəbil
Qədim Azərbaycan diyarı Zəncan da etiraz dalğasıyla silkələnib.
Məlumata görə, dekabrın 30-da axşam saatlarında Zəncan şəhərində on minlərlə insanın hakimiyyətə qarşı qatıldığı etirazlarda, motosiklet sürən yaraqlı hökumət qüvvələri azərbaycanlı aksiyaçıların qəzəbindən vahiməyə düşərək qaçmaq məcburiyyətində qalıblar.
Hadisə ilə bağlı fraqmentlər sosial şəbəkələrdə yayılıb Həmin videoda, azərbaycanlı etirazçılar “Bişərəf, Bişərəf” şüarı səsləndirərək rejim muzdlularını qaçmağa vadar edirlər.
Zəncan
Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.
İranın 20-dən çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin müdaxiləçi daxili və xarici siyasətinə qarşı keçirilən etirazlarda dini lideri Əli Xamaneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Xalq etirazları səngimədən davam edir.
Dekabrın 30-da İranın Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Əhvaz, Sari, Həmədan və Qəzvin şəhərlərində on minlərlə aksiyaçının qatıldığı etirazlarda səsləndirilən şüarlar daha radikallaşıb və sərtləşib. Kirmanşah, Qum və Rəşt şəhərlərində etirazçılar, “Seyid Əli, utan xəcalət çək, ölkədən və hakimiyyətdən əl çək!”, “Diktatora ölüm!", “Millət acından dilənir, Ağa (Xamaneyi) isə Allahlıq edir”, “Siyasi məhbuslara azadlıq!”, “Ruhaniyə ölüm!”, "Hizbullaha ölüm!", “Fələstin və Qəzzə Zolağını burax, bizə gün ağla!”, "İstiqlal, azadlıq, İran Respublikası!", “Polis, get, oğrunu tut!”, “Suriyanı burax, bizim halımıza yan!”, “Laricani iraqlıdır, öz ölkəsinə qayıtmalıdır!” şüarları səsləndirərək, ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz bildiriblər.
Bir neçə şəhərdə, o cümlədən də Kirmanşahda polis və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma yaranıb və polis aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Toqquşma nəticəsində onlarla aksiyaçı döyülərək həbs edilib, yaralılar isə xəstəxanaya çatdırılıb.
Yayılan son məlumatlarda bildirilir ki, Təbrizdə əhalinin etirazlara qatılmasının qarşısını almaq üçün şəhərin əsas küçə və meydanları polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb. Hazırda Təbrizdə elan olunmamış fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir.
Bu görüntülər isə Cənubi Azərbaycanın Urmiyə şəhərindəndir.
Paylaş: