Xəbər lenti

 

Fransa Türkiyənin Afrinə hərbi əməliyyatını BMT TŞ-na daşımaq niyyətindədir.

Ovqat.com-un bildirdiyinə görə, Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian bu barədə məlumat yayıb.

Drian ilk əvvəl bu məlumatı özünün Twitter hesabında paylaşıb. O, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də bu mövzuda müzakirə apardığını bildirərək yazıb: “Guta, İdlib, Afrin... Fransa BMT TŞ-nın təcili toplanmasını tələb edir”.

 

 

Nazir bunun ardınca ikinci statusunu paylaşıb: "Tərəflər dərhal münaqişələri dayandıraraq, geniş humanitar yardım üçün imkanlar yaratmalıdır".

 

Eynu məsələ Jan-İv Lö Drianın Əlcəzairdə keçirilən Qərbi Aralıq dənizi ölkələrinin Xarici İşlər nazirləri toplantısında da müzakirə mövzusuna çevrilib. Toplantıdan sonra nazir jurnalistlərə verdiyi açıqlamada deyib: "Fransa Suriyadakı vəziyyətdən və bu vəziyyətin getdikcə pisə doğru gedişindən böyük narahatlıq keçirir. Ölkədəki humanitar vəziyyətin müzakirəsi məqsədilə BMT TŞ-nın təcili toplanmasını istəyirik”.

Maraqlıdır ki, Jan-İv Lö Drianın görüşdüyünü bildirdiyi Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanın bu addımı atacağına inanmadığını və rəsmi Parisdən də bu istiqamətdə mesajlar aldıqlarını ifadə edib. O, İraqın paytaxtı Bağdadda jurnalistlərə açıqlamasında deyib:

 "Sərhədimizdə milli təhlükəsizliyimizə təhdid varkən, biz əməliyyatları dayandırmayacağıq. Fransa Xarici İşlər Naziri ilə görüşümüzdə də hədəfimizin mülki vətəndaşlar olmadığını, humanitar məsələlərdə türk əsgərinin nə qədər diqqətli olduğunu onların da bildiklərini xatırlatdım. Özü də buna görə mənə təşəkkür etdi.

 Fransa və ya bir başqa ölkə məsələni BMT-yə daşıyacaq olarsa, terrorun yanında dayanan ölkə vəziyyətinə düşər. Bizim mübarizəmizin BMT-yə daşınması ehtimalını real saymırıq. Bizə Fransadan gələn açıqlamalar da bu istiqamətdədir".

Xatırladaq ki, istənilən məsələnin əleyhinə BMT TŞ-da qətnamə qəbul edilməsi üçün Şuranın daimi üzvlərinin konsensusu tələb olunur. 5 daimi üzvdən biri olan Rusiya isə indidən Afrin məsələsində günahı Türkiyədə yox, ABŞ-da gördüyünü açıqlayıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ən son açıqlamasında belə, ABŞ-ın Suriyadakı təktərəfli hərəkətlərinin Türkiyəni hövsələdən çıxartdığını vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüləri də Türkiyənin Afrin əməliyyatına başlamasında haqlı səbəblərinin olduğunu bildirib, amma əməliyyatın zaman və əhatə dairəsinin məhdud tutulmasını məsləhət görüblər.Odur ki, BMT TŞ-nın Türkiyənin əleyhinə qətnamə qəbul etməsi hələ ki real görünmür.

Fəqət tarixdə ABŞ-ın əvvəl qızışdırıb Küveyti işğal etdirdiyi Səddam Hüseynə qarşı sonradan İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misir kimi ölkələri ətrafına toplayaraq I körfəz savaşına başlaması təcrübəsi də var və yəqin ki, Ankara əməliyyata başlamamışdan qabaq bütün bəd ehtimalları nəzərə alıb.

***

Son məlumata görə, BMT TŞ Fransanın çağırışı ilə sabah toplantı keçirəcək.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 916          Tarix: 21-01-2018, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma