Azərbaycan hakimiyyəti indiyədək Ermənistanın acından öldüyü, yaxınlarda bütün ermənilərin xaricə qaçacağı və bizim heç bir silahdan istifadə etmədən tam İrəvana qədər əzəli torpaqlarımızı alacağımızı təbliğ etməklə xalqa təskinlik verib. İnsafən, bu təskinliyin məntiqi əsasları da olub: heç bir təbii sərvəti olmayan, dağlıq ərazidə yerləşdiyindən əkinə yararsız yerləriylə tanınan Ermənistan bizim potensial imkanlarımızla həqiqətən də yarışa bilməz. Neftimizdən tutmuş qazımıza, əkinə yararlı torpaqlarımıza, işgüzar insanlarımıza qədər mənfur qonşularımızdan çox-çox qabaqdayıq. Məntiqlə, məhsuldarlıq da onlardan xeyli irəlidı olmalıyıq və bu, ixrac etdiyimiz malların çeşidlərində də özünü göstərməlidir. Ən azı ona görə ki, bir neçə il əvvəl dünya bazarında neft qiymətlərinin ucuzlaşmasıyla rəsmi Bakı qeyri-neft sektoruna keçdiyimizi rəsmən elan edib və sahədə fəal quruculuq işlərinə başlayıb. İllərdən bəzilərini kənd təsərrüfatına, bəzilərini sənayeyə həsr edə-edə yüzminlərlə iş yerləri açıb. Bu streteji hədəfləri reallaşdırmaq üçün iri məmurlarımıza milyardlarla dollar kredit ayırıb. Kasıb-kusublarımıza isə beş qəpik belə çox görülüb. Axı kasıb-kusub nə anlar pul qazanmağın yolunu? Onların ağlı olsa, hakimiyyət pilləsində olub bir imzaya milyonlarla manat qazana bilərdilər. Ağlıyoxlara, sözsüz ki, pul verib Azərbaycanın iqtisadi potensiallarını tükətməyə dəyməz.
Qaynaq: https://www.facebook.com/turantvkanal/videos/1748444365176668/
Paylaş: