Dünən ABŞ təyyarələrinin Suriya əsgərlərini bombardıman etdiyi xəbərləri yayıldı. Məlumata görə, Suriyanın Deyrizor vilayətinin cənubundakı PKK/PYD qərargahına hücum edən rejim əsgərlərinə ABŞ təyyarələrinin “qulaqburması” xeyli ağır oldu. Bombardıman nəticəsində 100-dən artıq Suriya əsgərinin öldürüldüyü xəbər verilirdi.
Hadisəylə bağlı ən maraqlı şərh isə Rusiya Xarici İşlər Nazirliyindən gəldi. Nazirlik həmin hücumu ABŞ-ın Suriyadakı neft və qaz sahələrini ələ keçirmək cəhdi kimi qiymətləndirdi.
Bəs, bu iddia nə dərəcədə əsaslıdır?
Anadolu Agentliyinin bir araşdırması bu suala kifayət qədər aydınlıq gətirir. Araşdırmadan məlum olur ki, ABŞ-ın dəstəyi ilə hərəkət edən kürd separatçıları, demək olar ki, Suriyanın təbii sərvətlərinin, su qaynaqlarının və əkinə yayarlı torpaqlarının, hardasa, 70%-ni ələ keçirib. Bəşər Əsədə və Suriya xalqına isə cəmi 30%-lik hissə çatıb.
Nəzərə alsaq ki, Suriya əhalisinin cəmi 7-8%-ni küdlər təşkil edir, ABŞ-ın bu “bölgüsünün” müharibənin bitməsinə fürsət vermədiyi ortadadır. PYD/PKK-nin işğalları ilə təbii sərvətlərini və zənginliyini tamamən itirən Suriya ordusu istər-istəməz kürd separatçıları ilə döyüşməyə məhkumdur. Əks halda, sərvətsiz hakimiyyət təkcə rejimin deyil, həm də bütün Suriyanın tarixdən silinməsinə səbəb ola bilər.
Görünür, yaxın perspektivdə Bəşər Əsədi devirməyin çətinliyini anlayan ABŞ yeni strategiyasını həyata keçirməyə qərar verib. Qədim dövrlərdəki qalaları mühasirəyə alaraq düşməni aclıqla imtahana çəkmək taktikası indi Suriyada təbii sərvətləri ələ keçirməklə əvəz olunub.
Daha artıq şərhə yol vermədən İŞİD-lə mübarizə adı altında kürd separatçılarının əlinə keçirilən Suriya təbii sərvətləri araşdırmasını Ovqat.com oxucularına təqdim edirik:
“İŞİD ölkəni ələ keçirməyə başladığı 2013-cü ilin ortalarından etibarən, enerji sahələri boyunca irəliləmə strategiyası izlədi. Terror təşkilatı Suriyanın ən böyük neft və təbii qaz yataqlarınin yerləşdiyi Deyrizorla yanaşı Raqqa, Xüms və Hasəkə rayonlarındakı enerji sahələrini də ələ keçirdi.
Ötən ilin sentyabr ayından isə ABŞ-ın intensiv hava dəstəyini alan PYD/PKK Hasəkə və Raqqanın tamamı ilə ölkənin ən böyük 11 neft yatağını əlində saxlayan Deyrizorun şərqini işğal etdi.
PYD/PKK 23 Sentyabr 2017-ci ildə Deyrizorun şimal-şərqindəki ən böyük qaz kompleksi Konokonu, oktyabr ayının əvvəlində isə Cafra neft sahəsini ələ keçirdi. 22 Oktyabr 2017-ci ildə də Suriyanın ən böyük neft sahəsi əl-Öməri işğal etdi.
Deyrizorun şərqindəki Tanak, Vard, Afra, Kevari, Carnuf, Azrak, Qəhər, Şueytat ve Qalban neft yataqları, təxmini hesablamalara görə, Suriyanın enerji ehtiyatlarının üçdə birini təşkil edir.
Hasəkədəki yerli mənbələrdən alınan məlumata görə, PKK/PYD və Əsəd rejimi buradakı neft quyularına birlikdə nəzarət edir. Neft hasil olunan Rümeylan, Süveydiyə və Qaraçox sahələrindəki, təxminən, 350 kiçik quyudan gündəlik 30-35 min barrel “qara qızıl” çıxarılır. Rejim və PKK/PYD arasında bağlanan müqaviləyə görə, gəlirin 65%-i rejimə, 20%-i isə PYD/PKK-ya, geri qalanını isə yerli ərəblərə çatır. Bölgənin təhlükəsizliyini qoruyan qüvvələrin və digər çalışanların maaşlarını isə rejim ödəyir.
Neft yataqlarıyla zəngin Bedran, Zarba, Saidə, Babasi ve Alyandakı mənbələr isə 3 ay əvvəl istismara verilib.
Hasəkənin Çipsə, Kibebe və Tişrin neft sahələri ilə Cipsədəki qaz yataqları da yenə PYD/PKK-nın işğalındadır.
Bütün bu işğal sahəsi ilə PYD/PKK Suriyanın enerji mənbələrinin 70%-dən çoxuna nəzarət edir.
Əsəd rejimi isə yalnız Şaar neft ve Cahar qaz sahələri ilə Deyrizorda, Fərat Çayının qərbindəki bir neçə kiçik quyunu əlində saxlayır.
Suriyanın su ehtiyatları da PYD/PKK-nın əlindədir
PKK/PYD ABŞ-ın hərbi dəstəyi ilə ölkənin ən böyük üç su anbarını 2015-ci ilin dekabrından – 2017-ci ilin iyun ayına qədərki dövr ərzində ələ keçirib.
Fərat çayı üzərində, Hələbin şərq hissəsindəki Tişrin, Raqqanın qərbindəki Tabka və Baas bəndləri ölkənin elektrik və suvarma tələbatının böyük hissəsini təşkil edir. Suriyanın elektrik ehtiyacının, təxminən, 70%-i həmin 3 su anbarından qarşılanır.
Bundan başqa, PKK/PYD Suriyadakı kənd təsərrüfatı ərazilərinin 30 min kvadrat kilometrinə, yəni 60%-nə nəzarət edir. Onların əksəriyyəti PKK/PYD-nın nəzarətindəki su anbarları ilə suvarılır”.
Paylaş: