Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Yan Klod Yunker ABŞ-la Avropa arasında cərəyan edən ticarət savaşını müzakirə etmək üçün 21-22 İyulda Vaşinqtona gedəcək və müxtəlif görüşlər keçirəcək.
Ovqat.com xəbər verir ki, məlumatı Yan Klod Yunker Brüsseldə keçirilən Liderlər sammitindən sonra jurnalistlərlə söhbəti zamanı bəyan edib.
Səfərin ABŞ prezidenti Donald Trampın dəvəti ilə reallaşacağını bildirən Yunker, Avropanın azad, ədalətli və qaydalara əsaslanan ticarətə dəstək verdiyini ifadə edib və bu məsələdə birtərəfli yanaşmaların yanlış olduğunu bildirib.
Yunker Aİ üzvü 28 ölkə adından danışıqları aparmağın rəhbərlik etdiyi qurumun səlahiyyətlərindən olduğunu xatırladaraq deyib: "Avropa olaraq bir yerdəyik və eyni fikirdəyik. Bu əlaqələrə ehtiyacımız var. ABŞ-ın da buna ehtiyacı var. Aİ-ABŞ arasında gərginliyə son verə bilərikmi, əmin deyiləm, amma bunu sınayacağıq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daxili istehsalı gücləndirmək üçün idxal olunan dəmir və polad mallarının gömrük vergilərini 25% artırmış və buna ən ciddi reaksiya Avropa İttifaqından gəlmişdi. İttifaqın müvaqif qurumları da ABŞ mallarına bənzər vergilər tətbiq etmişdi.
Məlumata görə, Aİ-nin 28 üzvü Ağ Evin polad və alüminium vergilərinə qarşılıq, motosiklet, gəmi, ləyən, balon, misir, barbunya, düyü, qarğıdalı, fıstıq əzməsi, qaragilə, portağal suyu, viski, siqar, siqaret, tütün, pomada, kot şalvar, yataq dəstləri, ayaqqabı, əlüzyuyan, pilləkən, ventilyator və polad kimi yüzlərlə Amerikan məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etmişdi. Yeni vergilər 22 İyundan etibarən qüvvəyə minmişdi. Aİ-nin "davamının da olacağı" ilə təhdid etdiyi ilk gömrük tariflərinin 3,2 milyard dollarlıq məhsula təsir göstərəcəyi bildirilirdi.
Maraqlıdır ki, Kanada da ABŞ istehsalı olan polad və alüminium məhsullarına 25 faiz gömrük vergisi kifayətlənməyib, qabyuyan maşınlarından, tualet kağızına qədər 120 istehlak malına 1 İyuldan etibarən əlavə 10 faiz vergi tətbiq etmişdi. Kanadanın ABŞ məhsullarına qarşı gömrük vergilərinin bütövlükdə 13 milyard dollarlıq vergi yükü yaradacağı güman olunur.
Bu isə ABŞ-dan sonra ən böyük alıcısı Aİ və Kanada olan bir çox transmilli şirkətləri çətin vəziyyətə salmışdı. İş o yerə çatmışdı ki, Tramp bu qərarı verən Aİ və Kanada yetkilərini ən ağır cinayətlərdə suçlamışdı.
Dünya sənayesinin böyük mərkəzləri arasında başlayan bu ticarət savaşının qlobal iqtisadi böhrana yol açacağı şübhəsizdir. Trampın Yan Klod Yunkeri məhz bu ərəfədə görüşə çağırması ABŞ-ın geri addım atacağı qənaətini formalaşdırsa da, Aİ Komissiyasının sədrinin buna inanmadığını bəyan etməsi əslində “qoca qitə”nin “sülh” danışıqlarında o qədər də maraqlı olmadığını göstərir. Görünən budur ki, bütün dünya Tramp hakimiyyətinə qarşı əməli dirənişə keçib. ABŞ-ın özündə də Trampı sevməyənlərin xeyli olduğunu nəzərə alsaq, proseslərin çoxdan gözlənilən impiçmentə doğru getdiyi təəssüratı yaranır.
Paylaş: