Xəbər lenti

   

 İstiqlalçı deputat Məryəm Həsənovanın vəfatı xəbəri ictimaiyyətdə böyük üzüntü yaratdı. Xüsusilə, xanımın sabiq deputat yoldaşları kədərlərini ifadə edən bəyanatlar verdilər.

Ovqat.com-un məlumatına görə, bu qara xəbərə ilk təpki  Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri professor Hacıbaba Əzimovdan gəldi.

Professor bu sabah özünün facebook səhifəsində yazırdı:

 “İndicə çox ağır bir xəbər aldım. Mill düşüncə, milli dəyər, milli qeyrət daşıyıcısı, istiqlalçı deputat, ilk Milli Məclisin üzvü, düzlük, dürüstlük nümunəsi, əziz əqidə dostumuz Məryəm xanım Həsənova vəfat etdi. Əslində, Məryəm xanım, bəzi digər istiqlalçı deputatlar kimi, antimilli hakimiyyətin təqib və repressiyasının, “məxməri terror”unun qurbanı oldu. Uzun illər  işsiz saxlanıldı, haqq etdiyi deputat pensiyasından qanunsuz olaraq məhrum edildi, maddi və mənəvi sarsıntılar içərisində saxlanıldı və həyatına son qoyuldu. Lakin Məryəm xanım heç vaxt zalım hökmranlar qarşısında sınmadı, əyilmədi, uğrunda mücadilə apardığı böyük amallara son nəfəsinədək sadiq qaldı və adını Azərbaycan tarixinin şərəfli səhifəsinə yazdırdı. Allah rəhmət eləsin Məryəm xanıma. Ruhu şad, məkanı cənnət olsun!”

 

Görkəmli alim, jurnalistlərin ustadı Qulu Məhərrəmli də bu vaxtsız ölümə üzülmüşdü. Q.Məhərrəmli də özünün facebook səhifəsində paylaşdığı nekloroqda qeyd edirdi:

“İstiqlalçı deputat, ömrünün son illərini məhrumiyyətlər içində yaşamış Məryəm xanım Həsənova vəfat edib. O, yaddaşlarda sadəliyin, səmimiliyin, ləyaqətlə yaşamağın və heç nəyə baxmayaraq, məsləkdən dönməməyin timsalı kimi qalacaq… Ruhu şad olsun!”

 Keçmiş müdafiə naziri Rəhim Qazıyev də hakimiyyətin istiqlalçı deputata laqeydliyini qınadı. O, əməkdaşımıza verdiyi açıqlamasında adını müstəqillik tariximizə qızıl hərflərlə yazdıran Məryəm xanımın evsiz-eşiksiz olduğunu vurğuladı və buna görə də hakimiyyət orqanlarının əvəzinə xəcalət çəkdiyini bildirdi:

“Açığı, mən Məryəm xanımı həmişə kefsiz görürdüm. Düşünürdüm ki, qardaşının və qohumlarının keçirdiyi avtoqəza nəticəsində dünyalarını dəyişmələri Məryəm xanımı bu qədər ağır sıxıntılara salıb. Düşünə bilməzdim ki, o, həm də indiyədək ev belə ala bilməyibmiş”.

Rəhim Qazıyevin dediyinə görə, AXCP hakimiyyəti dövründə rəhmətlik Elçibəy ona ev hədiyyə edibmiş: “Mən o vaxt həmin evdən imtina etdim. İki-üç aydan sonra bu evi başqasına verdilər. Əvvəlcədən Məryəm xanımın evi olmadığını bilsəydim, böyük məmnuniyyətlə həmin hədiyyəni qəbul edər və deputat həmkarıma bağışlayardım”.

Məryəm xanıma göstərilən biganəliyin səbəbinə gəlincə, Rəhim Qazıyevin fikrincə, bu təkcə ona qarşı edilmirdi: “Ümumiyyətlə, bütün istiqlalçı deputatlar hakimiyyətin diqqətindən kənarda idilər. Zənnimcə, bunun başlıca səbəbi də mənimlə bağlıdır. Çünki onlara qanunən verilmiş bütün imtiyazlar həm də mənə şamil olunacaqdı. Hakimiyyət isə məni mükafatlandırmaq istəmirdi. Bunun üçün də heç kimə imtiyaz vermirdi. Mən bunu bildiyimdən hökumətə xəbər göndərmişdim ki, istəyirsiniz, MM-ın toplantısını çağırın. Həmin toplantıda rəsmən istiqlalçı deputat ünvanından imtina edim. Yetər ki, digərlərini də mənim oduma yandırmayın. Təəssüf ki, səsimi eşidən olmadı. Mənimlə eyni məclisdə toplantıda bulunmaq istəmədiklərini bəhanə gətirdilər.

Rəhim Qazıyev P.S.Nota saytına veriyi açıqlamasında isə Məryəm Xanımın ruhu qarşısında diz çöküb əfv dilədiyini deyib:

“Mən Məryəm xanımı 1991-ci ilin fevralından tanımışam. Xalqımızın çağdaş tarixində və istiqlal savaşı illərində bu möhtərəm xanım əqidəsi, qətiyyəti və prinsipiallığı, demokratik dəyərlərə və ənənələrə sarsılmaz sədaqəti ilə hamımızdan yüksəkdə durdu, qürurunu, əyilməzliyini və nəcibliyini ömrünün son anına kimi, çəkdiyi məşəqqətlərə, maddi-mənəvi sıxıntı və əziyyətlərə baxmayaraq, hamımızın həsəd aparacağı mərdlik və mətanətlə qoruyub saxladı.

Möhtərəm Məryəm Ana, Məryəm bacı, Sizə layiq, Sizin  umduğunuz, görmək istədiyiniz mübarizə yoldaşı ola bilmədiyim üçün, Mübarək Ruhunuz qarşısında diz çöküb üzr istəyir, baş əyib əfv diləyirəm, mümkünsə, bağışlayın.

Uca Allahdan Sizə rəhmət diləyirəm. Əziz, Mübarək Ruhunuz şad, məkanınız cənnət olsun, AMİN!”




Ana səhifəyə qayıt        Baxış: 986          Tarix: 30-07-2018, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma