Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, dövlət miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov, diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Muradovun deputat mandatına xitam veriləcək.
Strateq.az “Report”a istinadən xəbər verir ki, M.Babayev, V.Hüseynov, F.Muradov deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.
Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt ücüncü seçki dairəsindən Milli Məclisə deputat seçilən Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsindən deputat seçilən Vüsal Hüseynov dövlət miqrasiya xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilən Fuad Muradov diasporla iş üzrə dövlət komitəsinin sədri təyin edilib. Prezidentin aprelin 21-də imzaladığı sərəncama əsasən isə, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə deputat seçilən Rzayev Rövşən Şükür oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
Xatırladaq ki, ötən il Azərbaycanın Birinci-vitse prezidenti təyin edilən Mehriban Əliyevanın deputat mandatına xitam verilib. Deputat Astan Şahverdiyev isə vəfat edib.
Beləliklə, deputatların sayı 119-a enib.
Paylaş: