Xəbər lenti

  

Səudiyyə kralının fərmanı ilə ölkənin Baş Xəbəralma və Kəşfiyyat İdarəsinin sədr müavini Əhməd Asiri vəzifəsindən azad edilib.

Ovqat.com-un bildirdiyinə görə, rəsmi Riyad kəşfiyyat yetkilisini  jurnalist Camal Qaşıqçının öldürülməsi sifarişini verməkdə günahlandırıb.

Bununla da krallıq qətl hadisəsini rəsmən etiraf edib.

Rəsmi etirafa baxmayaraq, Səudiyyə Ərəbistanının qətl hadisəsini təhrif etməyə, törədilən vəhşiliyin şiddətini gizlətməyə çalışdığı da nəzərdən yayınmır. Belə ki, yayılan qeyri-rəsmi məlumatlara görə, Camal Qaşıqçı ağır işgəncələrə məruz qoyularaq qətlə yetirilib; öncə barmaqları kəsilərək sorğulanıb. Daha sonra isə başı kəsilərək öldürülüb. Jurnalistin ölüsü də rahat buraxmayıblar. 7 dəqiqə ərzində bütün bədəni müxtəlif parçalara ayrılaraq çemodanlara doldurulub və naməlum istiqamətə aparılıb. Bütün bu vəhşiliklərə isə hadisədən bir neçə gün öncə 15 nəfərlik heyətlə İstanbula gələn krallığın Ədli Tibb Qurumunun sədri əl-Tubaiginin rəhbərlik etdiyi bildirilirdi.

Rəsmi açıqlamada isə Camal Qaşıqçının konsulluqda yaşanan bir dava-dalaş nəticəsində öldüyü və hadisədə iştirak edən 18 nəfərin artıq həbs olunduğu qeyd olunur. Həmin 18 nəfərin arasında əl-Tubaiginin də olub-olmaması barədə isə heç bir məlumat verilmir.

Qaşıqçı cinayəti ilə bağlı verilən digər bir məlumatda isə Səudiyyə kralının ABŞ və dünya dövlətlərinin basqıları ilə vəliəhd Məhəmməd bin Salmanı bu işin istintaqından uzaqlaşdırdığı, nəzarəti öz boynuna götürdüyü vurğulanır. Əgər iddia doğrudursa, ağır xəstə olan Səudiyyə kralının yerinə hazırlanan vəliəhdin birinci şəxs olma perspektivi də təhlükəyə düşmüş sayılır. Bu isə Səudiyyə Ərəbistanında növbəti saray çevrilişi deməkdir.

Qeyd edək ki, Səudiyyə kralı Salman bin Əbdüləziz hakimiyyətə gəldikdən sonra öz oğlu Məhəmmədi I vəliəhd elan etmişdi. Bu da Səudiyyə Ərəbistanında qüvvədə olan qanunvericiliyə və siyasi ənənələrə zidd idi. Çünki kraliyyət ənənəsinə görə, hakimiyyət atadan oğula deyil, ya qardaşa, ya da əmi oğullarından ən böyüyünə ötürülməlidir. Kral Salman isə bu çoxəsrlik ənənənin ziddinə gedərək öz öğlunu önə çəkmiş, mövcud qanunvericilikdə bunun hüquqi əsasını gücləndirən dəyişikliklər aparmışdı. Ağır xəstə olan və son günlərini yaşayan kralın hüquqi islahatları saray daxilində müqavimətlə qarşılanmışdı. Yeni vəliəhd Məhəmməd bin Salman narazılıqları yatırmaq üçün ən amansız tədbirlərə əl atmış, bir çox şahzadələrin mülkiyyətini əlindən almış, bəzilərini isə aradan götürmüşdü. I vəliəhdin bu addımları bir çox ekspertlər tərəfindən saray çevrilişi kimi qiymətləndirilmişdi.

Maraqlıdır ki, ölkənin İstanbul konsulluğunda vəhşicəsinə qətlə yetirilən Qaşıqçı kraliyyət ailəsinin digər qanadına yaxınlığı ilə seçilirdi. O, 2010-cu ildə əl-Vəlid bin Telal bin Əbdüləziz tərəfindən “el-Arab News Channel” informasiya kanalına redaktor təyin edilmiş, indiki kral hakimiyyətə gəldikdən sonra bu vəzifəsindən ayrılaraq, digər müxalif şahzadə Turki əl-Faysal əl-Səudun mətbuat katibliyinə gətirilmişdi. Ötən ildən etibarən ABŞ-a köçərək Washington Post qəzetində fəaliyyətə başlayan jurnalist bununla da həm daha aktiv mübarizə mərhələsinə qədəm qoymuş, həm də öz təhlükəsizliyini təminat altına almışdı. Di gəl ki, bu gözlənti də özünü doğrultmamışdır.

Bütün bu faktlar Qaşıqçı cinayətinin saraydaxili çəkişmələrin nəticəsi olması ehtimalı güclənir. Belə görünür ki, I vəliəhd Məhəmməd bin Salmanın krallığa yüksəliş təşəbbüsləri əmi oğlanlarını əks mübarizəyə təşviq etmiş və  Qaşıqçının vəhşicəsinə qətli bu mübarizənin bəhanəsinə çevrilmişdir. Kralın fərmanı ilə I vəliəhdin səlahiyyətlərinin məhdudlaşdırılması isə əks düşərgənin öz məqsədlərinə xeyli yaxınlaşdığını göstərir.




Ana səhifəyə qayıt        Baxış: 1 090          Tarix: 20-10-2018, 09:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma