Xəbər lenti

 

Abel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəblərinin bəzi detalları məlum olub. Sabiq rektor, akademik və məmur adına yaraşmayan əməllərlə məşğul olurmuş...

Ovqat.com Musavat.com-a istinadən xəbər verir ki, hər şey İspaniyaya səfərdən sonra ortaya çıxıb. Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub.

Uçuşa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan Bakı Dövlət Unversitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız Abel Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfiri işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Araşdırmalar zamanı məlum olub ki, haqqında danışdığımız yük adi səfər çamadanı yox, akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Şərab dolu çəlləklər qaçaq yolla Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə Abel Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin Abel Məhərrəmovu işdən çıxarılma səbəbi şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin məşhur otellərindən birində, restoranda millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Məlumata görə, gətirdiyi şərablardan və müxtəlif növ ispan içkilərindən qəbul etdikdən sonra akademik bəziləri ilə guya "haqq-hesab çürütmək" fikrinə düşüb. "Haqq-hesab" o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb.

Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi "hörmətsizliklər" onu özündən çıxarıb. Abel müəllimin fikrincə, İspaniyada yaşayan Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə əsəbləşərək söyləyirmiş: ''BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm, onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm''.

Abel Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına ''tərbiyə'' verməsi tələbi ilə restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Məlumata görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də içkinin təsirindən ayılmadığını deyib-gülüblər.

Qeyd edək ki, bu material Xəzər Tv-də də nümayiş etdirilib. 




Ana səhifəyə qayıt        Baxış: 841          Tarix: 15-11-2018, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma