Xəbər lenti

 

Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatlarla bağlı növbəti addımını atıb. O, “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Dəyişikliklərdə kommersiya məhkəmələrinin yaradılmasını da nəzərdə tutulur.

Dövlət başçısının digər sərəncamı ilə isə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsi, Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan Kommersiya Məhkəməsi, Şəki Kommersiya Məhkəməsi yaradılıb. 

Bəs, Kommersiya Məhkəmələrinin yaradılması hüquq sahəsində hansı müsbət dəyişikliklərə səbəb ola bilər?

Ekspertlərin bu barədə fikirləri müxtəlifdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin fikrincə, bu dəyişikliklər, Azərbaycanda aparılan hüquqi islahatların tərkib hissəsidir və sahibkarlığın inkişaf etdirilməsinə xidmət edir.

“Dünyanın bir çox ölkələrində ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərir. Ümumi məhkəmələrdə sahibkarların işinə baxılarkən bu sahədə dərin biliklərə malik olmayan hakimlərin dəqiq qərar verə bilməmələri müəyyən çətinliklər yaradır, müddətin uzanmasına səbəb olur. Təbii ki, bu, nəticədə sahibkarlıq fəaliyyətini ləngidir, xarici investorların artmasının qarşısını alır. Bu baryerlər bütövlükdə ölkə iqtisadiyyatının inkişafına əngəl olur”. Deputat düşünür ki, Kommersiya Məhkəmələrinin yaradılması bu neqativ halların qarşısını ala bilər: “İxtisaslaşmış məhkəmənin yaradılması, hakimin olması sahibkarlığın inkişafının yeni mərhələsinə dəstəkdir. Sahibkarlıq inkişaf edir, belə olan təqdirdə ixtisaslaşmış məhkəmələrə ehtiyac yaranır. Hüquqi və iqtisadi islahatların paralel aparılması iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdəndir. Məhkəmə son mərhələdir. Yəni mübahisələrin məhkəmə müstəvisinə çıxarılana qədər həllinə çalışmaq lazımdır. Sahibkarlar işini düzgün qurmaqla mübahisələrin məhkəmə müstəvisinə çıxmamasına çalışmalıdırlar”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da kommersiya məhkəmələrinin əhəmiyyətinə inananlardandır. Onun fikrincə, kommersiya məhkəmələrinin yaradılması iş adamlarının hüquqlarının qorunmasına xidmət edəcək.

Kommersiya Məhkəmələrinə xarici hakimlərin də cəlb olunmasının vacibliyinə inanan V.Bayramov fikirlərini belə əsaslandırıb:

“Biz həm yerli, həm də xarici investiyasının cəlb edilməsini stimullaşdırmaq üçün xarici hakimlərin də olduğu kommersiya məhkəmələrinin yaradılmasını təklif etmişdik. Düşünürük ki, xarici iş adamlarının müraciətlərinə baxılarkən prosesdə xarici hakimlərin iştirakı müsbət hal olar. Bunun üçün xaricdən hakimlər cəlb edilməli, onlara 6 aylıq müddət ərzində Azərbaycanın qanunvericiliyini öyrənmək imkanları yaradılmalıdır. Bu, xarici investisiyanın cəlb edilməsi üçün vacibdir”.

İxtisaslaşdırılmış məhkəmələrə fərqli yanaşanlar da az deyil. Onlardan biri də Azərbaycan Auditorlar Palatasının Hüquq və Qanun yaradıcılığı Komitəsinin sədri, iqtisadçı ekspert Elçin Qurbanovdur. Sorğumuzu cavablandıran ekspertin video-açıqlamasını təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 883          Tarix: 1-08-2019, 10:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma