“İqtisadi terrorizm, o cümlədən xərçəng xəstələrini ehtiyac duyduqları dərmanlardan məhrum etmək yolu ilə məqsədlərinə çata bilməyən ABŞ açıq dənizlərdəki əmlakımızı oğurlamaq üçün qanun sistemindən sui-istifadə etməyə çalışdı. Bu quldurluq təşəbbüsü Tramp hakimiyyətinin hüquqa sayğısızlığının göstəricisidir”.
Ovqat.com xəbər veirir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında dünənki paylaşımında belə yazıb.
Cavad Zərifin dəniz quldurluğu kimi xarakterizə etdiyi hadisə Pentaqonun Cəbəllütariq hökumətini Suriyaya neft apardığı üçün saxlanılan“Grace 1” adlı İran tankerini sərbəst buraxmamağa çağırmasıdır. Qeyd edək ki, ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, Cəbəllütariq məhkəməsi dünən tankeri sərbəst buraxmış və bu hadisə İran tərəfindən super gücün imicinə kölgə salınmaq kimi qiymətləndirilmişdi.
İranın Londondakı səfiri Həmid Baidinejad sosial media hesabından paylaşdığı açıqlamada məhkəmənin bu qərarını rəsmi Vaşinqton üçün "alçaldıcı uğursuzluq" adlandırmışdı.
Xatırladaq ki, İran tankeri İngiltərənin Cəbəllütariq Muxtariyyəti tərəfindən iyulun 4-də Suriyaya qarşı embarqolarını pozduğuna görə həbs edilmişdi. İran rəsmiləri İngiltərədən tankerin sərbəst buraxılmasını tələb etmiş və onu qisas alacaqları ilə hədələmişdilər.
Üzərindən 15 gün keçdikdən sonra İran həqiqətən də qisası andıran bəzi addımlar atmışdı. İyulun 19-da İran İnqilab Keşikçiləri Briqadası İngiltərə bayraqlı “Steno Impero” adlı neft tankerini Hörmüz boğazından keçərkən dəniz qaydalarına əməl etməməsi bəhanəsilə saxlamışdılar. İranın bu addımından sonra iki dövlət arasında münasibətlər xeyli gərginləşmiş, İngiltərə Hörmüz Körfəzinə əlavə döyüş gəmisi göndərmiş və bölgədəki gəmilərin təhlükəsizliyini üçün ABŞ ilə birlikdə hərəkət etmək qərarına gəldiyini açıqlamışdı.
Dünən isə İran tankerinin məhkəmə qərarı ilə sərbəst buraxılması bir ay yarımdan artıq davam edən gərginliyi qismən səngitmişdi. İranın da yaxın günlərdə İngiltərə gəmisini sərbəst buraxacağı gözlənilir.
Paylaş: