Xəbər lenti

 

ABŞ Departamentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İngiltərəni bataqlığa çəkməyə çalışır.

Ovqat.com xəbər verir ki, bu iddia ilə İranın Xarici İşlər naziri Cavad Zərif çıxış edib.

Özünün Twitter hesabında paylaşdığı statusunda Zərif bildirib ki, Bolton ABŞ Prezidenti Donald Trampı "əsrin döyüşü" adlandırdığı İranla müharibənin vacibliyinə inandıra bilmədiyi üçün bunun intiqamını İngilislərdən almağa çalışır. ABŞ yetkililərini bu barədə xəbərdar edən Xarici İşlər naziri Ağ evə bu səhvə getməməyi də məsləhət bilib:

 “Səhv etməyin. Donald Trampı “Əsrin Müharibəsi”nə inandıra bilməyən və “B” Komandasının dağılmasından narahat olan Con Bolton ingilisləri bataqlığa çəkmə ümidi ilə kinini o istiqamətə yönləndirməyə çalışır. Belə bir addımın qarşısını ancaq ehtiyat və ağıl ala bilər".

Qeyd edək ki, Zərif “B komandası” deyərkən, Ağ Evin milli təhlükəsizlik müşaviri Bolton, İsrailin Baş naziri Binyamin Netanyahun, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Abu Dabi vəliəhdi Məhəmməd bin İmran arasında bağlanmış “dostluq ittifaqı”nı nəzərdə tutur.

Con Boltonun İngiltərəni necə bataqlığa çəkdiyi barədə İran Xarici İşlər nazirinin iddialarına gəlincə, son zamanlar İngiltərənin ABŞ-dakı səfiri Kim Darrokun Tramp haqqında yazdığı gizli məktubun “Mail on Sunday” qəzetində yayınlanması ilə iki müttəfiq ölkə arasında ciddi skandallar yaşanmağa başlanmışdı. Səfirin İngiltərə Xarici İşlər Nazirliyi rəsmiləri ilə yazışmalarından ibarət olan bu məktublaşmada Tramp rəhbərliyi “bacarıqsız və özünə inamsız” olaraq xarakterizə edilirdi. Səfir məktubunda Trampın başda İngiltərə olmaqla Rusiya, Çin və İran kimi bir çox ölkələrlə əlaqələrinə dair xeyli ağır tənqidlərə yer vermişdi. Məktub yayılar-yayılmaz Tramp Darroku "axmaq adam" adlandırmış, "artıq onunla işimiz olmayacaq",- demişdi. Nəticədə 10 iyul tarixində istefa verən Kim Darrok tələm-tələsik ölkəsinə qayıtmışdı.

Faktiki olaraq, İngiltərə səfirini Vaşinqtondan qovan Trampın bu emosiyonal reaksiyasına rəsmi Londonun cavabı da özünü çox gözlətməmişdi. İngiltərənin Baş naziri xanım Teresa May səfirə açıq dəstək vermişdi. Ən maraqlı dəstək isə Böyük Britaniya Xarici İşlər Nazirliyindən gəlmişdi. Nazirlyin rəsmi açıqlamasında ABŞ prezidentinə bunlar xatırladilmışdı: "İngilis xalqı səfirlərindən nazirlərə təmsil olunduqları ölkələrdəki siyasi proseslərə dair dürüst və səmimi fikirlərini təqdim etmələrini gözləyir. Biz diplomatlarımıza səmimi olmaları üçün pul ödəyirik. Bununla belə, səfirlərin fikirləri XİN-in və ya hökumətin mövqeyini əks etdirmir”.

Qısası,  bu ayın əvvəllərində İngiltərə səfirinin Tramp barədə “səmimi və dürüst” fikirləri iki müttəfiq arasında soyuq küləklərin əsməsinə səbəb olub. İranın Xarici İşlər nazirinin iddiasından isə belə çıxır ki, Ağ evin Təhlükəsizlik müşaviri Con Bolton İranla müharibə planı alınmadığı üçün İngiltərədən qisas almağa və bu ixtilafı körükləməyə çalışır.

Niyə məhz İngiltərə ilə? Fikrimizcə, bu Zərif məntiqi anlamaq o qədər də asan deyil.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 678          Tarix: 21-07-2019, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma