“Beynəlxalq qanunları biz pozmuşuq, yoxsa 25 ildir ki, Minsk qrupunun tərkibində Qarabağın Azərbaycana aid olması, ermənilərin qəsbkar olması və Azərbaycan Respublikası ərazilərindən çıxmalı olması həqiqətini deməyə cürət etməyənlər?”
Ovqat.com xəbər verir ki, bunu Ərdəbilin imam cüməsi ayətullah Seyid Həsən Amili ötən cümə namazı xütbəsində deyib.
İngiltərə Xarici İşlər nazirinin İranı beynəlxalq qanunlara və prinsiplərinə hörmətlə yanaşmağa çağırmasından bərk qəzəblənən imam cümə bildirib ki, İran kimi dövlətlərin kiçik qanun pozuntuları yox, ciddi, sistemli və sabitliyə zərər vuran İngiltərə kimi qüvvələrin fəaliyyəti beynəlxalq aləmdə qanun hakimiyyəti zəiflədir:
“Bu sözlər xəbis bir dövlətin Xarici İşlər nazirinin sözləridir. Əgər bir kəs onları tanımasa elə bilər ki, qanun təcəssümüdürlər. Onlardan soruşmaq lazımdır ki, İran hansı beynəlxalq qanunu pozub? Onlardan soruşmaq lazımdır ki, orta əsrlərdən qalma bir rejimi himayə edən sizlər Ərəbistanın heç bir səbəb olmadan Yəmənin məzlum xalqına hücumlarını görmürsünüz? Yəmənin məzlum xalqının özünümüdafiə haqqı yoxdur? Regionun sabitliyini İran pozmuşdur, ya Yəmənə hücum edən Ərəbistan? İndiyə kimi sizin silahlarınızla Yəməndə üç min xəstəxana, min məktəb bombalanıb. Utanmırsınız, yenə İranın beynəlxalq qanunları pozduğunu deyirsiniz?”
Ərdəbilin imam cüməsi xütbəsinin davamında Qarabağ məsələsinə də yer verib: “Beynəlxalq qanunları biz pozmuşuq, yoxsa 25 ildir ki, Minsk qrupunun tərkibində Qarabağın Azərbaycana aid olması, ermənilərin qəsbkar olması və Azərbaycan Respublikası ərazilərindən çıxmalı olması həqiqətini deməyə cürət etməyənlər? Hər halda beynəlxalq aləmdə qanun hakimiyyətini siz pozmusunuz və öz əsassız sözlərinizlə dünya cəmiyyətinin şüurunu təhqir edir, insanları axmaq hesab edirsiniz”.
Qeyd edək ki, Ərdəbil imam-cüməsinin bir neçə gün bundan əvvəl yayılan Azərbaycan əleyhinə fikirləri ölkəmizdə ciddi rezonansa səbəb olmuşdu. Bir çox media orqanları Seyid Həsən Amilinin bu fikirlərini ciddi tənqid etmiş və iki qardaş ölkə arasında münasibətlərin pozula bilməsindən nigaranlıqlarını dilə gətirmişlər. Görünür, imam-cümə bu gərginliyin yaşana biləcəyini nəzərə aldığından Azərbaycana zeytun budağı göndərməyi də yaddan çıxarmayıb. Amma Minsk qrupunun İngiltərəyə nə dəxli var, anlamaq olmur.
Paylaş: