Xəbər lenti

  

Zöhrab Mnatsakanyan, Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır.

Bunu Publika.az-a Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın, bu ölkənin Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi haqqında suala cavabını şərh edərkən Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər:

"Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir.

Azərbaycan Xarici İşlər Nazirliyi, BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu Qrupun digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, burada N.Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib.

Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının, habelə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalının ağır nəticələrini xatırladaraq, Ermənistan Baş nazirinin son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən “qırmızı xəttin” aşılması kimi qiymətləndirir.

Biz Ermənistan tərəfinə ATƏM Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı, həmçinin ATƏT MQ həm-sədrlərinin mandatı ilə diqqətlə tanış olmalarını israrla tövsiyə edirik. Bu sənədlərdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail olmaq üçün lazımi tədbirlər dəqiq təsbit olunur. Münaqişənin sülh yolu ilə həlli silahlı təcavüzün nəticələrinin tanınmasına əsaslanmamalı, əksinə - BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının müddəalarına, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.

Sonda Şərqdə işlədilən bir atalar sözünü xatırlatmaq istərdim: “Halva, halva deməklə ağız şirin olmaz!”"




Ana səhifəyə qayıt        Baxış: 639          Tarix: 14-08-2019, 21:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma