Xəbər lenti

 

Naxçıvandan gələn rəsmi məlumatlara görə, həm Azərbaycanın İrandakı səfiri, həm də İranın Azərbaycandakı səfiri eyni anda Muxtar Respublikaya səfər ediblər.

Ovqat.com xəbər verir ki, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İran dini liderinin Təbrizdəki nümayəndəsinin payını verəndən dərhal sonra Naxçıvana yollanıb. Hər halda Naxçıvanın rəsmi xəbər portallarının bu gün yaydığı məlumatdan belə çıxır.

Açığı, Bünyad Hüseynovun bu cəsarətli mövqe nümayişindən sonra Muxtar Respublikada xüsusi təmtəraqla qarşılanacağını gözləyirdik. Nuxcixan.az-ın yazdığına görə isə o, NDU-nun müəllim və tələbə heyəti ilə görüşüb.

Qəribədir ki, İranın Azərbaycandakı səfiri də həmin vaxt Muxtar Respublikada olub. İki səfirin eyni anda Naxçıvana səfərinin diplomatik səbəbi bizə bəlli deyil. Bu, sırf təsadüfi də ola bilər. Amma bizim diqqətimizi cəlb edən tamamilə başqa məqamdır. Məsələ burasındadır ki, Bünyad Hüseynovun Muxtar Respublika rəhbərliyi səviyyəsində qarşılaşdığı barədə hələ ki heç bir məlumat verilməyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri isə İran səfirini qəbul edib. Bunu biz yox, Muxtar Respublikanın rəsmi saytları iddia edir.

Xəbəri olduğu kimi təqdim edirik:

 

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri səfirin diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndiyini, iqtisadi sahədə razılaşmaların əldə olunduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əməkdaşlığın inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdıran Ali Məclisin Sədri Cavad Cahangirzadənin səfərini Azərbaycan-İran əlaqələrində Naxçıvana verilən önəm kimi dəyərləndirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Cavad Cahangirzadə Ali Məclis Sədrinin İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri kimi ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinin ölkəsində məmnunluqla qarşılandığını vurğulayıb. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin əhəmiyyətinə toxunan səfir İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin salamlarını Ali Məclisin Sədrinə çatdırıb.

Ali Məclisin Sədri İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinə çatdırmağı xahiş edib.

Xüsusi qeyd: Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov həm də Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun həmsədridir. Mümkündür ki, İran səfirinin ən yüksək səviyyədə qəbulu bununla bağlıdır. Bəlkə də səfirlə Ali Məclis rəhbəri son zamanlar iki ölkə arasında yaşanan gərginliyi müzakirə ediblər. O da mümkündür ki, Vasif müəllim həm də Azərbaycanın İrandakı səfirini də sırf bu məqsədlə “kiçik torpağ”a dəvət edib və sabah onunla görüşəcək. Məqsəd onun da fikirlərini almaq və gərginliyin azalmasında rol oynamaqdır.

Əlbəttə ki, bunlar ehtimallardır. Naxçıvanda ən doğrusunu adətən Ali Məclisin sədri bilər.




Ana səhifəyə qayıt        Baxış: 662          Tarix: 3-10-2019, 20:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma