Xəbər lenti

 

Azərbaycan hakimiyyətinin başlatdığı kadr dəyişikliklərinin növbəti raunduna icra başçılarının əvəzlənməsi ilə start verilib. Artıq Xaçmaz rayonunun və Yevlax şəhərinin icra başçıları yeni kadrlarla əvəzlənib. 

Proses yalnız bu rayonlarla məhdudlaşmayacaq. İddialara görə, 10-dan artıq rayonun icra başçısı dəyişdirilə bilər. Hətta mümkündür ki, proses daha kütləvi hal alsın. Çünki bu dəfəki dəyişikliklərdə təkcə yaş deyil, fəaliyyət də əsas götürülür. Bildirilir ki, yaşlı icra başçıları ilə yanaşı fəaliyyəti qənaətbəxş olmayan, əhalinin daha çox narazılıq etdiyi rayon və şəhər rəhbərləri də əvəzlənəcək.

Ötən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib. Həmin məlumatda bəzi rayonlardan o cümlədən Balakən, Göyçay, İmişli, Qazax, Sabunçu, Tərtər, Ucar və Zaqataladan daxil olan müraciətlərin sayının artdığı bildirilir. 

Bu məlumatdan sonra bəzi rayonların icra başçıları dəyişdirilsə də yuxarıda qeyd olunan rayonların rəhbərləri yerində qaldı. İndi belə ehtimallar səsləndirilir ki, həmin rayonların icra başçıları da yola salına bilər.

Balakənin icra başçısı İslam Rzayev 2011-ci ildən bu vəzifədə işləyir. Vaxtaşırı onunla bağlı mediada neqativ materiallar dərc edilir. 

Göyçayın icra başçısı Mehdi Səlimzadə 2016-cı ildən bu vəzifədədir. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi vəzifəsində çalışıb.  

İmişlinin icra başçısı Vilyam Hacıyev 2012-ci ildən bu rayona rəhbərlik edir. O, bundan əvvəl 6 il Samux rayonunun, 2 il isə Göygöl rayonunun icra başçısı olub. İnternet ressursları Vilyam Hacıyev barəsində yazılan tənqidi materiallarla zəngindir.

Qazaxın icra başçısı Rəcəb Babaşov 2016-cı ildən bu vəzifədədir. Onunla bağlı da şikayətlərin çox olduğu bildirlir.

Sabunçunun icra başçısı artıq 7 ildir bu rayonda rəhbərdir. Adil Vəliyev də rayonda narazılığa səbəb olan fəaliyyətinə görə medianın “ulduzuna” çevrilib. 

Tərtərin icra başçısı Müstəqim Məmmədov 2014-cü ildən, Ucarın icra başçısı Mənsur Məmmədov isə 2015-ci ildən bu vəzifədədir. Onlar da əhalinin narazılıq etdiyi icra başçıları kateqoriyasına daxildir. Hər halda internet resurslarında onlar barəsində mənfi materialların sayı digərlərindən az deyil və yazılanların heç biri təkzib olunmayıb. Mənsur Məmmədov həm də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur.

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə 2009-cu ildən rayona rəhbərlik edir. O, bundan əvvəl Qaxın icra başçısı olub. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin adı vaxtaşırı korrupsiya əməliyyatlarında hallandırılır. \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 931          Tarix: 1-11-2019, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma