Ölkə başçısının yaş həddilə əlaqədar rəhbər vəzifədə çalışanlara istefa xarakterli mesajı ünvanlarına yetişməkdədir. Prezidentin çağırışına qoşulan Baş Nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun ardınca Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vəzifəsindən azad edildi.
Dövlət başçısı çıxışlarında islahatların davamlı olacağını, prosesin narazılıqlar qeydə alınan bütün sahələri əhatə edəcəyini vurğulayıb. İlham Əliyev yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə yerli icra hakimiyyəti orqanları başçılarının ayrı-ayrı sahibkarların işinə müdaxilə etdiklərini, yerlərdə narazılığa səbəb olduqlarını deyib və nazirə bu istiqamətdə tapşırıqarını verib.
Kiçik araşdırmadan sonra illərdir yerlərdə at oynadan, rəhbər olduğu rayonda kiçik padşahlıq yaradan və pensiya yaşını çoxdan keçmiş icra başçılarının olduğunu görürürk.
Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da ölkə başçısının İqtisadiyyat nazirilə görüşdə səsləndirdiyi fikirləri xatırladıb:
“Prezident də bildirdi ki, yerli icra hakimiyyəti orqanları insanları incidirlər. Doğrudur, bunu bütün icra başçıları barədə demək olmaz. Amma özbaşınalıq edən kifayət qədər icra başçısı var”.
Yaş həddinə gəlincə, deputat deyib ki, əgər hakimiyyət orqanlarında dəyişikliklər gedirsə, bu icra hakimiyyətlərindən də yan keçməyəcək:
“Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha cavan kadrlar gətirilib. Amma “filankəs yaşlıdır, dəyişdirək” deyib onu proseslərdən tamamilə kənarlaşdırmaq da doğru deyil. Çünki yaşlı, amma istər siyasətdə, istər təsərrüfatda püxtələşən, kifayət qədər təcrübəli kadrlarımız var, hansı ki, onların təcrübəsindən istifadə etmək lazımdır. Cənab Prezidentin qarşıya qoyduğu məqsədlərə görə, Azərbaycanda korrupsiya, rüşvət halları tamamilə aradan qaldırılmalı, şəffaflıq yaradılmalıdır. Buna riayət edən istər icra başçısı, istər hansısa məmur olsun, normal işləyirsə, müasir tələbələrlə ayaqlaşa bilirsə, onu vəzifədə saxlamaq olar. Ramiz Mehdiyevin özünü götürək. O, Azərbaycan ictimai-siyasi həyatında çox böyük təcrübəyə malik olan insandır. Amma müasir tələblərə cavab verən, müasir texnologiyanı, idarəetmə sistemini bilən cavanlar vəzifələrdə irəli çəkilməlidirlər”.
V.Əhmədov yaşlı icra başçılarının Prezidentin çağırışına qoşulacağını istisna etməyib:
“Bizdə ümumiyyətlə vəzifədə oturanlar elə bilirlər ki, vəzifə onlara hədiyyə edilib və daim orda oturacaqlar. Bunun belə olmadığını gec-tez anlayacaqlar. Yaşlılar da anlamalıdırlar ki, kresloya yapışıb qalmaqla olmur, dövr, tələblər dəyişir. Buna cavab verə bilməyənlər yəqin ki, istefa verəcəklər. Çünki cənab Prezident prosesə başlayıbsa, bu mütləq axıra çatdırılmalıdır”.
Modern.az mövzunun aktuallığını nəzərə alaraq, penisya yaşına çatan şəhər və rayon icra hakimiyyəti başçılarının siyahısını təqdim edir:
Zakir Fərəcov - Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı - 65 yaş
- Nizaməddin Quliyev - Ağstafa rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
- Alı Alıyev - Füzuli rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
- Novruz Novruzov - Siyəzən rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
- Şahmar Usubov - Xocalı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
- Malik İsaqov - Qubadlı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
- Rafil Hüseynov - Masallı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
- Adil Məmmədov - Qobustan rayon İcra Hakimiyyətinin başçısı - 67 yaş
- Əhməd Muxtarov - Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı - 68 yaş
- Mirdaməd Sadıqov - İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş
- Bayram Səfərov - Şuşa rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş
- Məmməd Məmmədov - Tovuz rayon İcra Hakimiyyətinin başçısı - 70 yaş
- Mübariz Əhmədzadə - Zaqatala rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş
- Alı Qocayev - Samux rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş
- Şəmsəddin Xanbabayev - Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı - 80 yaş
Paylaş: