“ABŞ-ın bayramı uzun sürməyəcək. Yaxın günlərdə onun bayramını yasa çevirəcəyik”
Ovqat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri korpusunun (SEPAH) sözçüsü Ramazan Şərif mətbuat açıqlamasında belə deyib.
O, ABŞ-a hansı coğrafiyada cavab verəcəklərinə də aydınlıq gətirib: “Bu gündən etibarən müdafiə cəbhəsi (İran ordusu və ona bağlı qüvvələr) bütün İslam ölkələrini ABŞ-a qarşı müharibə meydanına çevirəcək”.
Tehran Cümə imamı Ayətullah Əhməd Xatami də əfsanəvi generalın öldürülməsinə laqeyd qalmayıb: "Süleymaninin öldürülməsindən sonra İraqda
ABŞ əleyhinə bir ictimai rəy formalaşıb. Bu atmosfer son ABŞ əsgəri İraqdan çıxarılanadək davam etməlidir".
Ən maraqlı münasibət isə Nəcəf şiə məktəbinin aparıcı mərcii ayətullah Əli Sistanidən gəlib. Ötən yazılarımızda da qeyd etdiyimiz ki, İraq mərkəzli Nəcəf məktəbi ilə İran mərkəzli Qum elm hövzəsi arasında məsələlərə münasibətdə açıq ziddiyyətlər var və şiələrin ən böyük alimlərindən olan Sistani bu fikir ayrılıqlarını gizlətmir, müxtəlif platformalarda dilə gətirir.
Nəcəf üləmasının xüsusilə general Qasim Süleymaniyə münasibəti birmənalı deyildi. Hətta bildirildiyinə görə, Həşdi-Şabi qurulduğu ərəfədə bu barədə fitvasını almaq üçün Sistaniylə görüşmək istəyən Qasim Süleymaniyə Nəcəf şiə məktəbinin ruhani lideri "Danışmaq üçün gəlirsən, yoxda dinləmək üçün?” mesajı yollayaraq yerini göstərmişdi. Bununla da İraqın müdafiə gücünün İranın əlinə keçməsini istəmədiyini büruzə vermişdi.
Fəqət İŞİD-in Bağdad astanasına qədər irəliləməsi Sistanini Həşdi-Şabinin qurulması üçün fitva imzalamağa vadar etmişdi. İŞİD İraqdan şıxışdırılıb kənara atıldıqdan sonra Həşdi-Şabinin özünü buraxmamasına qarşı çıxanlardan birinin də Sistani olduğu bildirilir. Təbiət və mənsub olduğu ideoloji məktəbin xarakteri etibarilə sükutla mübarizə aparmağa üstünlük verən Sistani bu barədə hər hansı fitva imzalamasa da, onun son aylarda İrana və Həşdi-Şabi özbaşınalığına qarşı keçirilən nümayişləri gizli şəkildə dəstəklədiyi də iddialar arasındadır.
Sistaninin bu mövqeyi Qasim Süleymaniyə qarşı keçirilən hava əməliyyatı ilə bağlı açıqlamalarına da yansıyıb. Onun adından verilən açıqlamada Sistani bu əməliyyatı İraqın suverenliyinə qəsd kimi qiymətləndirsə də, generalların qisasını almaq məsələsinə xeyli ehtiyatlı yanaşıb. Belə ki, Sistaninin Kərbəladakı nümayəndəsi Əbdülmehdi Kərbəlayi bu gün cümə xütbəsindən sonra oxuduğu “siyasi mesaj”ında dini liderin mövqeyini belə açıqlayıb:
"Bağdad Hava limanı yaxınlığında İŞİD-ə qarşı olan qələbə qəhrəmanlarına vəhşicəsinə hücum İraqın suverenliyinin pozulmasıdır."
Bununla belə, Sistani, İran dini liderlərindən fərqli olaraq, ictimaiyyəti hadisələrə “ağıllı reaksiya verməyə və sakit olmağa” çağırıb. Halbuki, İranın dili lideri ayətullah Əli Xameneyi dövlət televeziyasındakı çıxışında Süleymaninin "cənnətə getdiyini, günahkarların isə çox sərt intiqamla cəzalandırılacağını" bildirərək demişdi: "Süleymaninin öldürülməsi ölkədə İsrailə və ABŞ-a qarşı mübarizə stimulunu ikiqat artıracaq. Dünən gecəki hadisədə əllərini onun və digər şəhidlərin qanlarına bulayan günahkarları çox sərt intiqam gözləyir".
Ovqat.com
Paylaş: