Xəbər lenti

 

GünAz TV: İraqlı nüfuzlu şiə din xadimi, ayətullah Əli Sistani küçələrdə etirazçı insanları öldürməyi batil adlandırıb.

Əli Sistani bu istiqamətdə İranın “dini lider”i Əli Xamneyinin ölkədə keçirilmiş etiraz mitinqləri zamanı təhlükəsizlik qüvvələrinə etirazçı xalqı öldürməklə bağlı verdiyi fətvanı da batil və haram adlandırıb.

Ayətullah Sistaninin rəsmi nümayəndəsi Əbdülmehdi Kərbəlayi ötən gün keçirilən cümə namazı zamanı Əli Sistaninin küçələrdə etiraza çıxmış insanların və müxaliflərin öldürülməsini haram və batil buyurduğunu, eləcə də hökumətlərin xalqın tələblərini yerinə yetirməyə mükəlləf olduğuna dediyini bəyan edib.

Lakin xalq etirazları zamanı Əli Xamneyi benzinin qiymətinin qaldırılmasına etiraz edən milyonlarla dinc sakini “xuliqan” adlandırmaqla, təhlükəsizlik qüvvələrinə onları öldürməklə bağlı göstəriş vermişdi. Hətta, onun nəzarətində olan “Keyhan” qəzeti etirazçıları edamla təhdid etmiş, eləcə də etiraz edənlərin hamısının “kökünü kəsəcəklərini” bəyan etmişdi.

İraqın Nəcəf şəhərində yaşayan ayətullah Seyyid Əli Hüseyni Sistani şiə aləmində ən nüfuzlu mərceyi-təqlid hesab edilir.

Hazırda İranın “dini lider”i Əli Xamneyi ilə Əli Hüseyni Sistani arasında heç bir əlaqə yoxdur. Hətta, Sistaninin müəllimi olan ayətullah Xoyi ilə İranın sabiq “dini lider”i Ruhullah Xomeyni arasında da yaxşı münasibət yox idi.

Xoyi Xomeynini İranda “İslam Respublikası” siyasi sistemini təsis etdiyinə görə təbrik etməmişdi. O, həmçinin İran- İraq müharibəsi barədə fikir bildirməmiş, Xomeynidən fərqli olaraq, onu “islamla küfrün müharibəsi” adlandırmamışdı.

Onun xələfi, ayətullah Əli Sistani də islam adından öz siyasi məqsədləri üçün istifadə edən və xalqına zülm edən İranı, hətta inqilabın 40 illiyi münasibətilə də təbrik etməmiş və İran vətəndaşlığı olmasına baxmayaraq, 40 il ərzində heç vaxt bu ölkəyə səfər etməmişdir.

Sistani İran rejiminin və “dini lider”in legitimliyini qəbul etdirmək üçün yaradılmış “vilayəti fəqih” nəzəriyyəsini qəbul etmir və bunu bidət, yəni dində sonradan yaradılmış qanun və ya ənənə kimi qəbul edir.




Ana səhifəyə qayıt        Baxış: 1 051          Tarix: 23-11-2019, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma