Bağdadda ABŞ tərəfindən qətlə yetirilən general Qasim Süleymani və Həşdi-Şabi müqavimət hərəkatının komandir müavini Əbu Mehdi əl-Mühəndisin dəfn mərasimi bu gün İran paytaxtı Tehranda keçirilib.
Ovqat.com-un məlumatına görə, yüzminlərlə insanın iştirakı ilə generalların nəşi Tehran universiteti qarşısındakı meydana gətirilib.
Generalların cənazə namazını İranın dini lideri ayətullah Seyid Əli Xamanei qıldırıb. Cənazə namazınıa İran Prezidenti Həsən Ruhani, İran parlamentinin Sədri Əli Larincani, Məhkəmə hakimiyyətinin başçısı Seyid İbrahim Rəisi, İnqilab Keşikçiləri korpusunun komandanı Hüseyn Səlami və Qasim Süleymanini əvəz edən Qüds gücü diviziyasının rəhbəri İsmail Qaani qatılıb.
Mərasimdə Süleymaninin qızı Zeynəb Süleymani çıxış edərək, atasının Yaxın Şərqdə apardığı mübarizədən danışıb. Onun sözlərinə görə, Qasim Süleymani saqkən ortaya qoyduğu mübarizə ilə bütün zalımların, despotların və təkfirçilərin yuxusunu qaçırırdı: “İndi isə onun adı sionistlərin, təkfirçilərin və xunta rejimlərinin yuvasını titrədir”.
Zeynəb Süleymani ABŞ prezidenti Trampı da sərt tənqid edərək deyib: "Çılğın Trapm, sən cəhalətin simvolu və Sionizmin kuklasısan".
Yüzminlərlə insanın iştirakı ilə keçirilən mərasimdə Süleymani sevənlər “Acı İntiqam” yazılı şüarlar qaldırıblar. Qeyd edək ki, dünən İranın dini mərkəzi Qumda Cəmkəran məscidinin minbərinə də qırmızı intiqam bayrağı asılmış və üzərində “İmam Hüseynin qanının intiqamını almaq istəyənlər” yazılmışdı. İran dini ənənələrinə görə, qırmızı bayraq qaldırmaq rəsmən müharibə elan etmək anlamına gəlir.
Cənazə namazı qıldırarkən ayətullah Xamaneinin göz yaşı tökdüyü aydın görünür.
Mərasimə İraq, Suriya, Livandan da qatılanlar olub və onlar mənsub olduqları təşkilatların bayrağını dalğalandırıblar. Xatırladaq ki, Qasim Süleymani İranın xarici əməliyyatlarına rəhbərlik edirdi və həmin təşkilatların qurulmasında müstəsna rol oynamışdır.
Qasım Süleymaninin nəşi cənazə mərasimdən sonra doğulduğu Kirman vilayətinə göndərilib. O, sabah doğulub boya-başa çatdığı məmləkətində torpağa veriləcək.
Paylaş: