Xəbər lenti


“Zeynəb xanımın ölüm xəbəri yalandır. İnanırsınız, buna görə səhərə qədər yatmamışam”.

Bunu Modern.az-a ölüm xəbəri yayılan xalq artisti Zeynəb Xanlarovanın durumu haqqında danışarkən onun qardaşı qızı, aktrisa Mehriban Xanlarova deyib. O qeyd edib ki, bu yalan xəbəri yayan jurnalisti axtarır:

“Bunu yayan adamın qanı göy qandır. Hər kəsə demişəm. Orxandır, kimdir, paylaşım edib. Onu tapsam, dişimlə didərəm. Qoy hələ bir tapım”.


M.Xanlarovanın sözlərinə görə, Zeynəb xanımın hazırda evində-eşiyindədir:


“Şükür Allaha! Bakıdadır, bu karantin dövründə harada olmalı idi ki?! Evində-eşiyindədir. Dediyim kimi, bu xəbəri yayanın da, paylaşanın da Allah özü cəzasını versin. Heç nə demirəm. Onsuz da Xanlarovaların düşməni çoxdur. Öz başlarında partlayacaq. Nəysə, boş verin. Çəkə bilmirlər. Zeynəb xanımın dünyasını dəyişdiyini yalandan yazıblar ki, sosial şəbəkələrdə paylaşsınlar, “gic-gic”, tərbiyəsiz insanlar da yazırlar”.

Aktrisa bildirib ki, Zeynəb Xanlarova açıqlama verməyi düşünmür:


“Zeynəb xanım niyə çıxıb açıqlama versin ki?! Allah nə qədər ömür veribsə, o qədər də sağlamdır, mənim bibim”.

Ovqat.com-un ZƏRURİ QEYDİ

Ovqat.com xəbər verir ki, məlumatı Pressxeber.com yaymışdı.

Zeynəb Xanlarovanın qardaşı qızı, aktrisa Mehriban Xanlarovanın həyəcanını və qəzəbini başa düşmək olar. Amma o da bu bəd xəbəri yayan mətbu orqanları anlamalıdır. Zeynəb Xanlarova hər halda Mehriban xanımın bibisi olmaqla yekunlaşacaq qədər kiçik dəyər deyil. Azərbaycan mədəniyyətinin aparıcı siması olan bu nəhəng şəxsiyyət uzun illər boyu bu ölkənin adıyla simvollaşmış birisidir. Siyasi mövqeyini bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, Azərbaycanı bir vaxtlar dünyada məhz ona görə tanıyıblar. Bunun canlı şahidlərindən biri də bu yazının müəllifidir. 
 
Sərhəd hərəkatı zamanı Arazın o tayında dayanan İran sərbazının bizə sataşmaq istəyəndə Zeynəb Xanlarovanın ünvanına nalayiq söz dediyini xatırlayıram. Sözsüz ki, biz həmin ağzının danışığını bilməyən əsgərin də cavabını öz mədəniyyətinə layiq şəkildə vermişdik. Cavabımızın ağırlığından həmin “sərbaz” necə böyük qələt etdiyini öz komandirlərinə göstərmək üçün dizini yerə vurub başına döyürdü. İran sərhəddində yaşanan və heç vaxt yaddaşımdan silinməyən bu mənzərə belə Zeynəb Xanlarovanın dəyərini göstərir. Sözsüz ki, belə bir dəyərin ölüm xəbəri günün bir nömrəli manşet yazısı olmalı idi. Ovqat.com da digər media qurumlarında dərc olunan həmin xəbəri öz manşetinə daşımışdı. Bu da əslində bizim Zeynəb xanıma sayqımızdan qaynaqlanırdı.
 
Jurnalist həmkarımızdan da təvəqqemiz var: Azərbaycanın milli dəyərləri sayılan belə insanlar barədə xəbər yazanda faktı dəqiqləşdirin. Əks halda özünüz qədər, sizə etibar edən digər həmkarlarınızı da çətin vəziyyətdə qoyursunuz.



Ana səhifəyə qayıt        Baxış: 3 177          Tarix: 19-05-2020, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma