Yadınızdadırsa, Rusiyada yaşayan və bu yaxınlarda Avropaya qaçarkən Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən müxalif blogger Elvin İsayev bir müddət əvvəl hüquqşünas Aslan İsmayılovla bağlı hər kəsi təəccübləndirən iddialar irəli sürmüşdü. Bildirmişdi ki, hüquqşünas dəfələrlə ona şəxsən özü və müxtəlif adamlar vasitəsilə Zeynəb Xanlarova barədə söylədiyi tənqidi fikirləri youtube kanalından silməyi təklif etmiş, blogger isə bununla razılaşmamışdı. Aslan İsmayılov isə Elvin İsayevin çıxış etdiyi internet televiziyası kanallarının sahibləri ilə danışmış və bloggerin Zeynəb Xanlarova barədə çıxışlarını sildirtmişdi.
Şəkildə: Azərbaycanın və Ermənistanın xalq artisti, Aslan İsmayılovun sevimli müğənnisi və kuratoru, deputat Zeynəb Xanlarova
Elvin İsayevin bu məlumatı açıqlamasından sonra istər-istəməz ortaya bəzi suallar çıxmışdı: Özgə vaxt söz azadlığından danışan Aslan İsmayılov birdən-birə niyə deputat Zeynəb Xanlarovanın vasitəçisi qismində kiminləsə danışır və bloggeri susdurmaq üçün lobbiçiliyə başlayır.
Aslan İsmayılov bu müəmmanı Zeynəb Xanlarovanın sənətkarlığına duyduğu məhəbbətlə izah etmişdi.
Bu gün tanınmış jurnalist Xədicə İsmayılın paylaşdığı bir status isə Aslan İsmayılovu Zeynəb Xanlarovanın lobbiçiliyinə vadar edən səbəbin yalnız sənətkarlığa verdiyi qiymətləndən irəli gəlmədiyini, bu sevginin arxasında həm də maddi mənfəətlərin dayandığını sübut edir.
Xədicə İsmayılın yazdığına görə, “Laundromat” üzrə ödənişlərdə adı keçdiyi üçün Zeynəb Xanlarova fondunu araşdırıb. Amerikada yaşayan iki dostunun köməyilə baş tutan araşdırmada gözləmədiyi nəticələr ortaya çıxıb. Sən demə maxinasiyalara qarşı səlib yürüşü aparan cəngəvər kimi tanıdığımız Aslan İsmayılov da Avropalı deputatlara rüşvət kassası kimi ad çıxaran “Laundromat” cinayətində yer alırmış.
Necə? Gəlin, bu suala cavabı Xədicə İsmayılın dilindən eşidək.
“Laundromat” üzrə ödənişlərdə adı keçdiyi üçün Zeynəb Xannlarova fondunu da araşdırmışdım (Amerikada yaşayan iki dostun köməyilə). Sadəcə məbləğ çox kiçik idi deyə, maraq doğurmadı.
Fond qeyri kommersiya təşkilatıdır. Direktorları Rovshan Sharipov, David Yusubov və Aslan İsmayılov.
Pul köçürməsi olub Bakıdan fonda, amma bu məbləği vergi və xarici agent bəyannamələrində qeyd etməyiblər. Məbləğ də böyük deyildi. Amma qara yollarla köçürülüb.
Hüquqşünas Aslan İsmayılov daha yaxşı bilər.
Suallara cavab: bəli, vəkil Aslan İsmayılov. Göstərilən ünvanda Viza hüquq firması yerləşirdi".
Qeyd edək ki, Xədicə İsmayıl “Laundromat” deyərkən "Azərbaycan Camaşırxanası" (Azerbaijani Laundromat) adlı gizli fondla bağlı beynəlxalq jurnalist araşdırmasından bəhs edir. Həmin araşdırma Avropa qəzetləri konsorsiumu tərəfindən aparılıb və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc edilib.
Araşdırmaya görə, Azərbaycanın hakim elitası tərəfindən toplanan 2.8 milyard dollarlıq məbləğ gizli şəkildə avropalı siyasətçilərə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə edilib.
Belə çıxır ki, Aslan İsmayılov da Azərbaycanda demokratiyanın boğulması porjesinə öz maddi imkanları ilə dəstək verib. Özü də səsinə və sənətkarlığına valeh olduğu sevimli müğənnəsi ilə bir yerdə.
Paylaş: