Xəbər lenti

 
Rusiya Prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron ilə Liviya böhranını müzakirə edəcək.
 
Ovqat.com-un məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putin sabah Makron ilə videokonfrans vasitəsilə görüşəcək.
 
Peskov qeyd edib ki, görüş zamanı Liviya, Suriya və Ukrayna məsələləri müzakirə olunacaq. 
 
Peskov bildirib ki, liderlər Rusiya ilə Fransa arasındakı münasibətləri də müzakirə edəcəklər. 
 
"Liderlər məqsədəuyğun hesab etdikləri digər məsələlər də müzakirə edə bilərlər. Cari məsələlərin müzakirəsi də gözlənilir",-Peskov belə deyib.
 
Qeyd edək ki, Liviyaya yanaşmada hər iki ölkə eyni mövqedən çıxır edir və general Həftəri dəstəkləyir.  Bundan əlavə, onları eyni məxrəcdə birləşdirən başqa maraqlar da var. 
 
Bunlardan ən başlıcası Rusiya-Avropa arasında getdikcə qızışdırılan hərbi rəqabətdir. Ekspertlərin fikrincə, ABŞ Rusiya ilə hərbi ziddiyyətləri qəsdən dərinləşdirərək tərəfləri silahlandırma yarışına təşviq edir və öz hərbi sənayesinin bazar tələbatını artırır. NATO Nizamnaməsini əsas götürən Vaşinqton mütəffiqlərindən ÜDM-nın 2%-ni hərbi xərcləmələrə ayrımağı tələb edir və onlara silah satmağa səy göstərir. Avropa ölkələri isə nüvə silahı olan Rusiyanı hərbi təhdidlə deyil, iqtisadi əməkdaşlıqla dilə tutmağa çalışır. Fəqət ABŞ bunda maraqlı deyil və öz militarist siyasətini Şərqi Avropa ölkələri vasitəsilə həyata keçirir. Təsadüfi deyil ki, dünən Polşa prezidenti Andrey Duda ABŞ-a səfəri etmiş və səfər çərçivəsində Pentaqonun Avropadakı əsas hərbi mərkəzinin Polşaya daşınacağına dair mesaj verilmişdi. 
 
ABŞ-ın Avropayla bağlı hərbi siyasəti Rusiya ilə yanaşı Fransa və Almaniyanı da narahat edir. Fransa prezidenti Makron ümumiyyətlə NATO-ya bağlı müdafiə strategiyası ilə razılaşmır və Avropanın maraqlarını nəzərə almayan alyansın beyin ölümü keçirdiyinə inanır. Onun fikrincə, Avropa NATO-dan kənar hərbi ittifaq qurmalı və ordusunu öz istehalı olan silahlarla təchiz etməlidir.  Həm Rusiyanı, həm Fransanı narahat edən bu məsələnin də Putinlə Makronun sabahkı telekonfrans formatlı görüşündə ələ alınması gözlənilir.
 
Liderlərin görüşündə masaya yatırılan digər başlıca məsələ Polşanın “3 Dəniz” layihəsi ola bilər. Nəticə etibarilə Rusiya və Qərbi Avropa arasında 12 Şərqi Avropa ölkəsindən bufer zona yaratmağı planlaşdıran bu layihə də Putin qədər Makronu da narahat edir.
 
İki ölkə arasında ortaq məxrəcə gələ biləcəkləri 3-cü əsas  məsələ Avropanın qaz təchizatı ilə bağlıdır. Belə ki, Makron da Almaniya kimi Rusiya ilə qaz alış-verişində maraqlıdır və “Şimali axını-2” layihəsinə dəstək verir. ABŞ isə müxtəlif sanksiyalarla bu əməkdaşlığın qarşısını alır. Rusiya qazı əvəzinə öz LNG qazını təklif edən Vaşinqton bu layihəni də Polşa ilə birgə həyata keçirmək niyyətindədir.  
 
Sabahkı görüşlərdə bu məsələlərin də masaya yatırılacağı güman olunur.

Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 2 877          Tarix: 25-06-2020, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma