Xəbər lenti

 

İspaniyanın “Style International” qəzeti Azərbaycan ordusu barədə məqalə dərc edib.
 
Ovqat.com-un məlumatına görə, Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr edilmiş kiçik tanıtım yazısında ordumuzun yaranması və bugünkü vəziyyəti barədə qısa informasiyalar verilib.
 
Məqalədər deyilir:
 
Azərbaycan Silahlı Qüvvələri “Global Fire Power 2020” sıralamasında 138 ölkə arasında  64-cü yerdədir. Qonşu Gürcüstan Ordusu bu siyahıda 89-cu, Ermənistan isə 111-ci sırada yer alır. Demək, Azərbaycan Silahlı Qüvvələri logistik və döyüş qabiliyyətinə görə, Cənubi Qafqazın ən güclü ordusudur.


 
Tarix
 
Azərbaycan Ordusunun yaranma tarixi 100 il əvvələ gedib çıxır. Onun ilk hərbi hissəsi hələ 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. AXC özü həmin il mayın 28-də qəbul olunmuş İstiqlal Bəyannaməsi ilə elan edilmişdi. Qısa zamanda Milli Ordunun yaradılmasında məqsəd gənc respublikanın xarici işğallardan müdafiəsi, eyni zamanda daxildəki düşmən qüvvələrin zərərsizləşdirilməsi idi.
 
Nizami Ordu
 
Beləliklə, müstəqilliyin elan olunmasından az sonra hökumət, qarşısına 25 minlik ordunun yaradılması məqsədini qoymuşdu. 1918-ci il avqustun 1-də qurulmuş Azərbaycan Müdafiə Nazirliyinin ilk rəhbəri Xosrov bəy Sultanov olub.
 
Artıq 1919-cu ildə Bakı şəhərində ilk hərbi parad keçirilib. Azərbaycan Ordusu Osmanlı imperiyasına məxsus Qafqaz İslam Ordusu ilə birlikdə qısa vaxtda paytaxt Bakını və ətrafını erməni-bolşevik işğalından azad edib.


 
Müstəqillik yolu
 
Lakin 1920-ci ildə AXC Sovet Rusiyası tərəfindən işğal olunub. Bununla, onun Müdafiə Nazirliyi də ləğv edilib. Bu azmış kimi, bolşeviklər Azərbaycan Ordusunun 15 generalını edam edib.
 
Nəhayət, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edib və Milli Ordu quruculuğu bundan sonra tam başa çatdırılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 İyun ölkədə Silahlı Qüvvələr Günü elan olunub.



Ən yeni tarix
 
Bu gün Azərbaycanda beynəlxalq sərgilərdə nümayiş olunan mindən çox hərbi məhsul istehsal edilir. Azərbaycan Ordusu beynəlxalq terrorçuluqla mübarizəyə böyük töhfələr verir. 1999-cu ildən Azərbaycan Ordusuna məxsus 3 mindən çox hərbiçi müxtəlif bölgələrdə sülhməramlı əməliyyatlarda iştirak edib.
 


Ana səhifəyə qayıt        Baxış: 4 081          Tarix: 29-06-2020, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma