Xəbər lenti

 
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan tutduğu vəzifədən istefa edib.
 
 Ovqat.com-un məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan öz Facebook səhifəsində bu barədə məlumat verərək, nazirin yazdığı istefa ərizəsini paylaşıb.
 
Ərizədə bildirilir: "Xahiş edirəm istefamı qəbul edin. Etibar etdiyinizə və bir yerdə işlədyimizə görə təşəkkür edirəm".
 


Qeyd edək ki, dünən Paşinyan facebook səhifəsində paylaşdığı statusunda Dağlıq Qarabağda döyüşən əsgərləri geri çağırmış və onlardan “divar dibində ulaşan müxaliflərə qarşı mübarizə aparmağı” xahiş etmişdi.
 
Ermənistanda bu paylaşım vətəndaş müharibəsinə çağırış kimi qiymətləndirilmiş və istefalar başlamışdı. Dünən ilk olaraq 4 deputat hakim partiyadan istefa etdiyini açıqlamışdı. Zöhrab Mnatsakanyanın bu istefası eyni firtınanın növbəti dalğası təsiri bağışlayır. Nazirin istefa ərizəsi Ermənistan parlamentində artıq qəbul olunub.
 
Maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ məğlubiyyətində özünü günahkar bilmir. O, məsələ ilə bağlı açıqlamasında 2018-ci ilə qədər aparılan danışıqlar prosesində ərazilərin təslim edildiyini bildirib. Paşinyanın iddiasına görə, o, hakimiyyətə gələnə qədər müzakirələr yalnız keçmiş Dağlıq Qarabağ ətrafı bölgələrlə bağlı deyil, həm də Şuşa şəhərinin təhvil verilməsi istiqamətində aparılıb.
 
Bu gün istefaya gedən Zöhrab Mnatsakanyan Ermənistanın ən təcrübəli diplomatlarından sayılır. Onun diplomatik karyerası Dağlıq Qarabağ probleminin başladığı ilk illərə təsadüf edir. Belə ki, 1991-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul olunan sabiq nazir 1997-ci ildə Ermənistan Xarici İşlər Naziri Aleksandr Arzumanyanın idarə rəisi olmuşdur.  1997-1999-cu illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 1999-2002-ci illər arasında Prezidentin Xarici Əlaqələr Bölməsinin müdiri vəzifələrində çalışmışdır. 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra etmişdir. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011-2014-cü illər arasında Xarici İşlər Nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi vəzifələrini daşımışdı. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olmuşdur.
 
12 may 2018-ci ildən bu günə qədər isə o, Xarici İşlər naziri kimi fəaliyyət göstərmişdi.


Ana səhifəyə qayıt        Baxış: 5 100          Tarix: 16-11-2020, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma