Xəbər lenti

 
Fransa Senatı noyabrın 25-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıya bilər.
 
Ovqat.com xəbər verir ki, Fransa Senatının üzvü Bruno Retayo bu bəyanatla çıxış edib. 
 
Senatorun sözlərinə görə, 25 noyabrda Senat “Artsax Respublikası”nın tanınması ilə bağlı bir qətnaməyə baxacaq. O bildirib ki, “yalnız müstəqilliyin tanınması "Türk İslamçı ekspansionizmi qarşısında" Dağlıq Qarabağ əhalisinin hüquq və azadlıqlarına "etibarlı zəmanət” verə bilər”. 
 
Qətnamə layihəsi 5 senator tərəfindən hazırlanıb: Bruno Retaio (Respublikaçılar qrupunun lideri), Patrik Kanner, Herve Marsel (Mərkəzçilər Birliyi qrupunun lideri), həmçinin Eliane Assassi və Guillaume Gautard.
 
Mütəxəssislər isə bu qətnamənin hüquqi məna ehtiva etməyəcəyinə, sadəcə siyasi bəyanat xarakteri daşıyacağına inanırlar. Onların fikrincə, Fransa Senatının aşağı Palatasında qəbul ediləcəyi gözlənilən bu qətnamənin hüquqi qüvvəyə minməsi üçün yuxarı palatada da təsdiqlənməlidir. Üstəlik, bu qətnamənin digər Avropa dövlətləri tərəfindən də qəbul edilməsi gözlənilmir.
 
Bununla belə, qətnamənin qəbulu Fransa-Azərbaycan-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir göstərəcəyi şəksizdir. Bir sıra mütəxəssislər Fransa ilə Türkiyə arasında ziddiyyətlərin durmadan artdığı indiki şəraitdə Parisin bu cür addım atmasını təhlükəli hesab edirlər. Ehtimallara görə, Fransanın bu təxribatçı addımı Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdıra və hətta Türk ordusunun ölkəmizə daxil olmasını sürətləndirə bilər. 
 
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın bu ermənipərəst mövqeyi sülh danışıqları perspektivini də təhlükəyə atır. Azərbaycan və Türkiyə ordusunun Fransada başlayan bu erməni təxribatının qarşısını almaq üçün Dağlıq Qarabağda hərbi əməliyyatları yenidən bərpa edə biləcəyi də istisna edilmir. 
 
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev müsahibələrində və xalqa müraciətlərində Dağlıq Qarabağa heç bir status verilməyəcəyini dəfələrlə ifadə etmiş, hətta bir az da obrazlı üslubla “status cəhənnəmə getdi” demişdi. Fransa Senatının atmağa hazırlaşdığı bu addım isə rəsmi Bakının Dağlıq Qarabağdakı suverenlik hüquqlarını tanımamaq anlamına gəlir. Rəsmi Bakının buna cavabı sərt olmalı, Parislə bütün diplomatik əlaqələrə son qoyulmalıdır. 
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 459          Tarix: 19-11-2020, 13:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma